Təhqiqatçılar Air India təyyarəsinin səs yazıcısını tapıblar

Hindistanın Əhmədabad şəhərindən Londona uçan Air Indiaya məxsus Boeing 787-8 Dreamliner təyyarəsinin qəzasının səbəbini araşdırmaq üçün mühüm addım atılıb. Təyyarənin kokpit səs yazıcısı (CVR) tapılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə CNN məlumat verib.
Qəza cümə axşamı baş verib və nəticədə ən azı 270 nəfər həlak olub. CVR pilotların danışıqlarını, siqnalları və digər səsləri qeydə alır. Daha əvvəl isə təyyarənin uçuş məlumat yazıcısı (FDR) da tapılmışdı. Hər iki cihaz “qara qutu” adlandırılsa da, parlaq narıncı rəngdədir və qəza zamanı zərbəyə davamlıdır.
Araşdırmaya Hindistanın Təyyarə Qəzaları üzrə Təhqiqat Bürosu (AAIB) rəhbərlik edir, ABŞ və Böyük Britaniyadan mütəxəssislər də dəstək verir. ABŞ-ın Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) da hadisə yerində araşdırma aparır.
Boeing şirkəti və ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) nümayəndələri də qəza yerini ziyarət edib.
Hindistan hökuməti yüksək səviyyəli komitə yaradıb. Komitə 3 ay ərzində ilkin hesabatını təqdim edəcək və gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün yeni standart əməliyyat prosedurları hazırlayacaq.
Nigar Rəhimova
15:45 16.06.2025
Oxunuş sayı: 947