İran raketi ABŞ səfirliyinə zərbə endirdi - Vaşinqton və Tel-Əviv arasında gərginlik artır

İranın İsrail ərazisinə endirdiyi son raket hücumları nəticəsində ABŞ-nin Tel-Əvivdə yerləşən səfirliyinin binası da ziyan görüb. Bu barədə ABŞ-nin İsraildəki səfiri Mayk Hekabi X sosial şəbəkə hesabında yazıb.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, raketlərdən biri səfirliyin filialının yerləşdiyi binanın yaxınlığına düşüb və nəticədə bir sıra texniki və struktur səviyyəli zədələnmələr baş verib. ABŞ diplomatik heyəti arasında xəsarət alanların olmadığı bildirilib. Səfir Hekabi bildirib: “Səfirliyin bəzi bölmələrində yüngül zərər qeydə alınıb, lakin bizim əməkdaşlarımız sağ-salamatdır”.
Diplomatın sözlərinə görə, təhlükəsizlik səbəbilə ABŞ-nin İsraildəki səfirliyi və konsulluğu bu gün fəaliyyətini dayandırıb və binalar tam bağlanıb. Onun əlavə etdiyinə görə, hücumdan dərhal sonra bütün diplomatik heyət təhlükəsiz sığınacaqlara təxliyə edilib.
Qeyd olunub ki, bu, İranın İsrail ərazisinə birbaşa və açıq şəkildə raket hücumu təşkil etdiyi ilk hallardan biri hesab olunur. Hücum zamanı İsrail ərazisinə onlarla ballistik və qanadlı raket atılıb, onların bir qismi İsrailin hava hücumundan müdafiə sistemi “Dəmir Qübbə” tərəfindən zərərsizləşdirilsə də, bir neçə raketin hədəfə çatdığı bildirilib.
Regionda artan gərginlik fonunda bu hücum beynəlxalq narahatlıq doğurub. Xüsusilə ABŞ-yə məxsus diplomatik obyektin zərbə alması Vaşinqtonun regionda İsrailə verdiyi dəstəyə görə birbaşa hədəf alındığı kimi dəyərləndirilir.
Siyasi ekspertlər qeyd edir ki, İranın bu addımı həm Tel-Əvivə, həm də onun əsas müttəfiqi Vaşinqtona xəbərdarlıq xarakteri daşıyır. Eyni zamanda bu, Tehran rəhbərliyinin bölgədəki hərbi və siyasi qarşıdurmalarda statusunu daha da sərtləşdirdiyini göstərir.
Zəhra Ağayeva
12:21 16.06.2025
Oxunuş sayı: 1097