Ərdoğan İraqa çağırış etdi: “İsrail-İran qarşıdurmasında neytral qalın”

Yaxın Şərqdə artan gərginlik fonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqı İsrail və İran arasında yaranmış qarşıdurmaya qarışmamağa çağırıb.
Crossmedia.az xəbər verir ki, Ərdoğan İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani ilə telefon danışığı apararaq regional və qlobal çağırışları, eləcə də İsrail-İran münasibətlərindəki son eskalasiyanı müzakirə edib.
Danışıqlar zamanı Ərdoğan bildirib ki, bölgədə yaranan həssas vəziyyətdə İraqın neytrallığını qoruması böyük əhəmiyyət daşıyır.
Türkiyə Prezidenti eyni zamanda İraq hakimiyyətini terror təşkilatları və radikal qruplara qarşı daha diqqətli və ayıq olmağa çağırıb.
Ərdoğan telefon söhbətində əlavə edib ki, beynəlxalq ictimaiyyətin diqqətinin İsrailin İrana qarşı hücumlarına yönəlməsi Qəzzada baş verən humanitar fəlakəti kölgədə qoymamalıdır:
"İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar Qəzzada baş verən soyqırımı unutdurmamalıdır. Bu iki məsələ eyni dərəcədə ciddi yanaşma tələb edir,” – deyə Ərdoğan vurğulayıb.
Nigar Yahyazadə
00:43 16.06.2025
Oxunuş sayı: 863