Pezeşkiyan: “İsrailin hücumlarının arxasında ABŞ dayanır”

Yaxın Şərqdə təhlükəli gərginlik dərinləşməkdə davam edir. İran Prezidenti Məsud Pezeşkiyan İsrailin İrana qarşı hərbi əməliyyatlarını Vaşinqtonun birbaşa dəstəyi ilə həyata keçirdiyini bəyan edib.
Crossmedia.az xəbər verir ki, onun sözlərinə görə, ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff İranın xarici işlər naziri Abbas Əraqçiyə açıq şəkildə bildirib:
“İsrail bizsiz heç nə edə bilməz”.
Pezeşkiyan bu fikri ABŞ-nin İsrailin hücumlarına rəsmi olmasa da, tam şəkildə razılıq verdiyinin sübutu kimi qiymətləndirib.
“Bu gün şahidi olduğumuz hadisələr ABŞ-nin birbaşa dəstəyi ilə baş verir. Onlar informasiya mühitində iştiraklarını gizlətməyə çalışsalar da, reallıq dəyişmir,” – deyə İran Prezidenti vurğulayıb.
Pezeşkiyan onu da bildirib ki, Tehran heç vaxt müharibəyə can atmayıb. Lakin ölkəyə qarşı hərbi hücumlar davam edərsə, İran tərəfinin cavabı sərt və qətiyyətli olacaq.
Pezeşkiyanın bəyanatından dərhal sonra İsrail mənbələri Donald Tramp administrasiyasının İsrailin hərbi əməliyyatlarının müddətinə qarşı çıxmadığını bildirib. Ağ Evin rəsmi nümayəndəsi də bu xəbəri təsdiqləyərək qeyd edib ki, Vaşinqton İsrailin planlarından əvvəldən xəbərdar olub.
Nigar Yahyazadə
23:50 15.06.2025
Oxunuş sayı: 746