Rusiya Ermənistandakı bazanın taleyinə aydınlıq gətirdi

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan ərazisində yerləşən Rusiya hərbi bazasının çıxarılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, o, bu gün keçirdiyi brifinqdə İrəvandan bu məsələ ilə bağlı rəsmi heç bir siqnal daxil olmadığını bildirib:
“Ermənistanda yerləşən Rusiya hərbi bazasının çıxarılması ilə bağlı bizə heç bir rəsmi müraciət daxil olmayıb”.
Zaxarova əlavə edib ki, Ermənistan rəsmiləri, o cümlədən onların ictimai çıxışları bu məsələnin hazırda gündəmdə olmadığını təsdiqləyir.
Diplomat qeyd edib ki, Ermənistan rəhbərliyi Rusiyanın hərbi mövcudluğunun həm ölkənin, həm də bütövlükdə Cənubi Qafqaz regionunun təhlükəsizlik arxitekturasında mühüm rol oynadığını anlayır:
“Rusiya hərbi bazasının Ermənistan ərazisində yerləşdirilməsi və fəaliyyəti iki ölkə arasında imzalanmış ikitərəfli sazişlər çərçivəsində tənzimlənir”.
19:39 11.06.2025
Oxunuş sayı: 1225