Üçrəngli Bayrağımız Kanada səmasında dalğalandı




Kanadanın Toronto şəhərindəki Ontario Qanunvericilik Assambleyasının önündə 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanın Dövlət Bayrağının qaldırılması mərasimi keçirilib. Tədbir “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi, Kanada Azərbaycan Evinin birgə təşkilatçılığı ilə baş tutub.
Bu barədə Crossmedia.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, mərasimdə Azərbaycan icmasının və ölkəmizə dost münasibəti bəsləyən digər xalqların nümayəndələri ilə yanaşı, Ontario Qanunvericilik Assambleyasının spikeri Donna Skelli, Ontario parlamentinin üzvləri - Maykl Tibollo, Andrea Hezel, Sten Ço, Kristin Vonq-Tam, Rudi Kuzetto, Laura Smit, Deyzi Vay, Mohamed Firin, Reymond Sanq Cun Ço, eləcə də Türkiyənin Torontodakı Baş konsulu Can Yoldaş, İsrailin Toronto və Qərbi Kanadadakı Baş Konsulluğunun Hökumətlə Əlaqələr direktoru Elis Denson, Qana Baş Konsulunun müavini Coys Asamoa-Korantenq, Torontoda Yaponiya konsulunun həyat yoldaşı Miho Takeşi iştirak ediblər.
“Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin və Kanada Azərbaycan Evinin rəhbəri Lalin Həsənova Azərbaycan icmasının sevincini bölüşən qonaqlara təşəkkür edib. Kanadada yaşayan soydaşlarımızın Kanada ilə Azərbaycan arasında ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərinin yeni mərhələyə qədəm qoyması istiqamətində çalışacaqlarını diqqətə çatdırıb.
Türkiyənin Torontodakı Baş konsulu Can Yoldaş bu mühüm tarixi hadisə ilə bağlı icmamızı təbrik edib, “Bir millət, iki dövlət” şüarını səsləndirərək ölkələrimizin hər zaman bir-birinin yanında olduğunu vurğulayıb.
Çıxış edən digər rəsmilər Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olan müasir Azərbaycan dövlətinin dinamik inkişafı barədə fikirlərini söyləyiblər.
Ontario əyalətinin Baş naziri Daq Ford, Ontario Liberal Partiyasının rəhbəri Bonni Krombi, Ontario Qanunvericilik Assambleyasının spikeri Donna Skelli və Ontario parlamentinin üzvləri - Mayk Şrayner, Andrea Hezel, Kristin Vonq-Tamın imzaladığı təbrik məktubları Azərbaycan icmasına təqdim olunub.
Daha sonra Azərbaycanın və Kanadanın Dövlət himnləri səsləndirilib. Himnimizin sədaları altında Azərbaycanın Dövlət Bayrağı səmaya ucaldılıb.
Mərasim Kanada Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdlərinin rəqsləri və nağara qrupunun ifası ilə yekunlaşıb.
19:00 04.06.2025
Oxunuş sayı: 2262