Umidulla İbrahimov: “Orta Dəhlizin inkişafı üzrə birgə tədqiqatlar davam edir”

Bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində Azərbaycan–Özbəkistan Ekspert Şurasının ikinci iclası keçirilib. Tədbir BMTM və Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Tədqiqatlar İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub. “Özbəkistan Dəmir Yolları” ASC-nin İdarə Heyəti sədrinin birinci müavininin müşaviri və Beynəlxalq Rəqəmsal Nəqliyyat Dəhlizlərinin İnkişaf Strategiyası üzrə Layihə Ofisinin rəhbəri Umidulla İbrahimov media üçün açıqlama verib.
Crossmedia.az xəbər verir ki, o, tədbirdə çıxışına özünü təqdim edib və bildirib:
“Bu gün keçirilən görüş bir daha sübut edir ki, iki ölkə arasında əməkdaşlıq daimi xarakter alır və ilk növbədə nəqliyyat və logistika sahələrində inkişaf tendensiyası nümayiş etdirir”.
O, çıxışında bu əməkdaşlığın region üçün əhəmiyyətini də vurğulayıb:
“Burada söhbət həm Azərbaycan, həm də Özbəkistan tərəfindən nəqliyyat xidmətlərinin ixracının artırılmasından gedir. Bu, həmçinin bütövlükdə Mərkəzi Asiya və Cənubi Qafqaz regionu üçün də əhəmiyyətlidir”.
Umidulla İbrahimov birgə həyata keçirilən layihələrə də toxunaraq qeyd edib ki, bu günə qədər artıq bir sıra mühüm birgə layihələr icra olunub və bu proses davam edir. Onun sözlərinə görə, tədbir çərçivəsində yeni təşəbbüs və təkliflər də səsləndiriləcək: “Bu platformada qarşılıqlı təşəbbüslər və gələcək birgə inkişaf üçün yeni imkanlar müzakirə ediləcək. Bunların hər biri əməkdaşlığımızı daha da möhkəmləndirəcək”.
Ekspert həmçinin 2024–2025-ci illər ərzində aparılmış tədqiqatlara da diqqət çəkib: “Biz 2024 və 2025-ci illər ərzində Orta Dəhlizin inkişaf perspektivləri ilə bağlı birgə tədqiqatlar apardıq. Bu tədqiqatlarda Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın baxışları öyrənildi. Yekun konfrans Daşkənd şəhərində keçirildi. Tədbirdə azərbaycanlı ekspertlərlə yanaşı, digər Mərkəzi Asiya ölkələrinin mütəxəssisləri də iştirak etdilər. Bu tədqiqatlar Özbəkistan Respublikasının Nəqliyyat Nazirliyinin sifarişi ilə, ‘Peace Nexus’ fondunun maliyyə dəstəyi ilə həyata keçirildi”.
O əlavə edib ki, tədqiqatlar MANO Təşəbbüsləri Mərkəzi tərəfindən, qeyri-hökumət, qeyri-kommersiya təşkilatı olan Elmi-Tədqiqat və İnformasiya Mərkəzinin dəstəyi ilə aparılıb.
“Bu tədqiqatların bəzi nəticələri artıq tədbir zamanı ictimaiyyətə təqdim olunub. Hazırda bu tədqiqatlar əsasında analitik hesabat hazırlanır və iyun ayında nəşr olunması planlaşdırılır. Həmin hesabatda gələcək addımlarımız da yer alacaq”, – deyə İbrahimov bildirib.
Sonda isə o qeyd edib ki, bugünkü tədbirdə həm azərbaycanlı həmkarlar, həm də özbək ekspertlər tərəfindən yeni təşəbbüslər irəli sürüləcək və əməkdaşlıq istiqamətində fikir mübadiləsi davam edəcək: “Biz bu əməkdaşlığı daha da dərinləşdirmək və birgə fəaliyyətimizi davam etdirmək niyyətindəyik. Təşəkkür edirəm”.
Fatimə Nəbiyeva
12:30 04.06.2025
Oxunuş sayı: 1230