"Odla oynayan Putin"- ABŞ və Rusiya münasibətləri təhlükəli xəttə keçir?

Dünya yenidən nəfəsini tutub Ağ Evin divarlarına və Kremlin reaksiyalarına baxır. ABŞ-ın prezidenti və bu gün yenidən qlobal siyasi gündəmi müəyyən edən fiqura çevrilmiş Donald Tramp Rusiya lideri Vladimir Putin haqqında sərt açıqlama verib: “O, odla oynayır!”
Bu ifadə təkcə siyasi ritorika deyil, həm də ABŞ və Rusiya münasibətlərinin nə qədər həssas nöqtəyə çatdığının göstəricisidir. Trampın bu açıqlaması, Rusiya Silahlı Qüvvələrinin Ukraynaya qarşı indiyə qədərki ən böyük hava hücumunu həyata keçirdiyi bir vaxtda səslənib.
Trampın sözlərinə görə, əgər o olmasaydı, Rusiya indiyə qədər ciddi nəticələrlə qarşı-qarşıya qalardı. Görünür bu bəyanat həm Putinə xəbərdarlıq, həm də Trampın gələcək siyasi strategiyasının təməl mesajıdır. Məsələ ilə bağlı politoloq Natiq Miri Crossmedia.az-a müsahibə verib:
-Donald Trampın bu bəyanatı hazırkı ABŞ və Rusiya münasibətlərinə hansı təsiri göstərə bilər?
-Bu bəyanat yalnız o zaman təsirli və keçərli ola bilər ki, Donald Tramp siyasətçi və dövlət başçısı kimi fəaliyyətində ardıcıl və davamlı olsun. Ancaq Tramp bu xüsusiyyətlərə sahib biri deyil. Sabah dediyini günorta, günorta dediyini isə axşam təkzib edir. Ertəsi gün isə tamam fərqli bir mövqedən çıxış edir. Bu səbəbdən Trampın mövqeyi kontekstində ABŞ və Rusiya münasibətlərinə ciddi xələl gələcəyi ilə bağlı proqnoz vermək çox çətindir. Çünki o, proqnozlaşdırıla bilən lider deyil. Ümumilikdə, Tramp strateji düşüncəyə sahib dövlət başçısı təsiri bağışlamır, təsadüfi bir siyasətçidir. O hakimiyyətə gəldiyi vaxtdan bəri beynəlxalq münasibətlər sistemi ciddi dağılma müşahidə olunur.
Konkret bu bəyanatın ABŞ və Rusiya münasibətlərinə təsirinə gəlincə, artıq Rusiya səviyyəsində bu açıqlamaya cavab verilib. Rusiya Təhlükəsizlik Şurasının katibi Dmitri Medvedev bu açıqlamaya cavab olaraq üçüncü dünya müharibəsi ilə bağlı dolayısıyla dünyanı, xüsusilə ABŞ prezidentini Donald Trampı təhdid edib. Belə ritorika heç vaxt ciddi siyasətçilər tərəfindən ciddi qəbul olunmur. Birincisi, Medvedevin özü siyasi cəhətdən qeyri-ciddi fiqurdur və günün 24 saatının bəlkə də bir neçə saatını ayıq keçirir. Jirinovskini əvəzləməyə çalışsa da, bu rol ona xüsusi bir status olaraq verilsə də, real siyasətdə tez-tez uğursuzluğa düçar olur.
Dünyanı və NATOnun da daxil olduğu çoxqütblü güc sistemini ABŞ-a qarşı müharibə ilə qorxutmaq həm absurd, həm də gülüncdür. Bu gün bir Ukraynanın qarşısında aciz qalan Rusiya, NATO tərəfindən hərtərəfli əhatəyə alınmış bir vəziyyətdə hansı üçüncü dünya müharibəsindən danışa bilər? Belə görünür ki, Rusiya hələ də qeyri-ciddi ritorikalarla dünya ictimaiyyətini qorxutmağa çalışır. Bu kontekstdə əsas hədəf Donald Tramp və onun mövqeyidir. Çünki Tramp bu günə qədər Rusiya-Ukrayna müharibəsi ilə bağlı ardıcıl və əsaslı mövqe ortaya qoymayıb. Əksinə, Rusiyanı öz tərəfinə çəkmək və Putini razı salmaq üçün bütün təzyiqi Ukrayna dövləti və prezident Zelenskinin üzərinə yönəldib. Bu siyasətin uzunmüddətli olması isə mümkün deyil və Tramp artıq bu yanlış siyasətin acı meyvələrini toplamaqdadır.
Putin, Ukraynanın böyük şəhərlərini ardıcıl şəkildə bombalamaqla Trampın zəifliyini ifşa edir və onun liderlik qabiliyyətini açıq şəkildə sorğulayır. Bir tərəfdən telefon danışıqları aparılır, Tramp isə bu danışıqlardan sonra guya irəliləyişlərin olduğunu iddia edir. Digər tərəfdən isə gecələr Rusiya Ukraynanın şəhərlərini ballistik raketlər və dronlarla məhv edir. Bu hücumlar əslində Ukraynaya deyil, ABŞ-a Trampa verilən mesajlardır. Bu isə yalnız o zaman baş verir ki, qarşı tərəf gücsüz və iradəsiz görünür.
Əgər Trampın bu cür populist və dəyişkən siyasəti davam edərsə, ABŞ və Rusiya münasibətləri sadəcə boş danışıqlarla davam edəcək. Bununla belə, ABŞ-ın Rusiya ilə münasibətləri tamamilə gərginləşdirmək niyyətində olmadığı görünür. Bu, Trampın Putinə qarşı ehtiyatlı və çəkimser ritorikasında da aydın hiss olunur.
-“Odla oynayır” ifadəsi real hərbi təhdid kimi qiymətləndirilə bilərmi?
-İfadə olunan "odla oynayır" fikri əslində bu məsələnin daha çox çəkindirici, təzyiq və qorxutma xarakteri daşıdığını göstərir. Halbuki, adətən ciddi dövlət başçıları və peşəkar siyasətçilər belə məsələlərdə qorxutma ritorikasına deyil, real və qətiyyətli addımlara üstünlük verirlər. Onlar qarşı tərəfə açıq şəkildə göstərmək istəyirlər ki, istənilən vaxt daha ciddi addımlar atmaq iradəsinə sahibdirlər. Yəni strateji olaraq qarşıdakı ölkəyə onun perspektivdə hansı aqibətlə üz-üzə qala biləcəyini nümayiş etdirirlər.
Ancaq bu yanaşmanı hazırda müşahidə etmirik. ABŞ tərəfindən Ukraynaya verilən silahların sayı və intensivliyi artmır, yardımlar azalır, eyni zamanda Rusiya tərəfindən həyata keçirilən bombardmanlara qarşı hər hansı ciddi sanksiyalar tətbiq olunmur. Sanki sadəcə üfüqdə bunun görüntüsü yaradılır, bəzi hədə qorxular səsləndirilir. Amma Vladimir Putin bu tip ritorikalara artıq alışıb və ona təsir göstərmir.
Putin real güc və konkret addımlar qarşısında geri çəkilə biləcək siyasətçidir. Ancaq bu qətiyyət göstərilmədikcə, qarşısındakı tərəfi ciddiyə almır, onu zəif və iradəsiz kimi dəyərləndirir. Bu da Rusiya tərəfindən daha sərt və aqressiv mövqe sərgilənməsinə səbəb olur.
-Bu cür bəyanatlar ABŞ-ın NATO-dakı müttəfiqləri ilə münasibətinə necə təsir edə bilər?
-ABŞ, Donald Tramp hakimiyyətə gələndən sonra, demək olar ki, bütün dünyada ona olan etimadı ciddi şəkildə sarsıdıb. İlk olaraq, NATO üzrə strateji müttəfiq sayılan Avropa İttifaqı ölkələri artıq ABŞ-a və onun prezidentinə etibar etmir. Buna görə də gələcək təhlükəsizliklərini ABŞ-la deyil, öz milli imkanları ilə təmin etmək üçün böyük hərbi büdcələr qəbul etmək məcburiyyətində qalıblar. Eyni zamanda, hərbi istehsal sahələrini inkişaf etdirmək qərarı veriblər. Bu isə etimadsızlığın bariz göstəricisidir.
Lakin bu, yalnız Avropa İttifaqı ilə məhdudlaşan məsələ deyil. ABŞ-ın dünya üzrə harada müttəfiqləri varsa, hamısı böyük məyusluqla üzləşib. İstər Cənub-Şərqi Asiyada, istər Avropada, istər Amerika, istərsə də Afrika qitəsində hər kəs bu gün Donald Trampın siyasətindən narazıdır. Buna görə də artıq heç kim ABŞ-ın gələcəyi ilə bağlı ümidverici danışmır.
Çünki Donald Tramp hər şeyi yalnız mənfəət prinsipi ilə dəyərləndirir. Halbuki, böyük və hər kəsdən güclü olmaq iddiasında olan dövlətlər sadəcə mənfəət siyasəti ilə idarə olunmur. Bəzən güzəştə getmək, bəzən isə "yumşaq güc" vasitəsilə digər dövlətləri və güc mərkəzlərini öz yanında saxlamaq üçün stimullaşdırmaq zərurəti yaranır. Donald Tramp isə bunun əksinə, bir çox dövlətlərə və güc mərkəzlərinə edilən yardımları dayandırır, əvəzində onlara tətbiq olunan vergi və rüsumları dəfələrlə artırmaqla təzyiq göstərir. Bu yolla ABŞ-ın güclü olduğunu nümayiş etdirmək istəyir. Ancaq güc nümayişi bu şəkildə olmur. Əksinə, bu davranış ABŞ-a olan etimadı daha da zəiflədir.
-ABŞ və Rusiya arasında gərginlik artarsa, bu Cənubi Qafqazı da təsirləndirə bilərmi?
-ABŞ və Rusiya qarşıdurmasının birbaşa Cənubi Qafqaza təsir edəcəyini demək doğru olmaz. Lakin bu cür qlobal güclərin qarşıdurması təkcə Cənubi Qafqaza deyil, bütün dünyaya təsir göstərir. ABŞ tərəfindən düşünülmədən artırılan vergi və rüsum siyasəti dünya iqtisadiyyatını alt-üst edib, beynəlxalq bazarlarda qiymət sabitliyini pozub.
Bu gün Rusiya və Ukrayna müharibəsi, Yaxın Şərqdə davam edən münaqişələr və digər regional qarşıdurmalar dünya iqtisadiyyatını böhran həddinə çatdırır. Belə münaqişələr bütün ölkələrə, regionlara və Cənubi Qafqaza da təsirsiz ötüşmür.
Lakin konkret olaraq Cənubi Qafqaz uğrunda ABŞ və Rusiya qarşıdurmasından danışmaq mümkün deyil. Çünki ABŞ-ın bu regionla bağlı aydın və uzunmüddətli prioritet siyasəti mövcud deyil. Donald Tramp bu gün bir çox ölkəni, o cümlədən müttəfiqləri belə, öz problemlərini özləri həll etməyə məcbur edir. Hətta Rusiya–Ukrayna müharibəsində də Trampın yanaşması bu münaqişəni yalnız ikitərəfli danışıqlar müstəvisinə yönəltmək və ABŞ-ın prosesdən kənarda qalmasıdır.
Bu baxımdan, ABŞ–Rusiya qarşıdurmasının Cənubi Qafqaza birbaşa təsirindən danışmaq çətindir. Dolayı təsirlər isə istisna deyil. Çünki belə qlobal güclərin toqquşması istər iqtisadi, istər siyasi müstəvidə bütün dünyaya təsir edir və Cənubi Qafqaz da bu prosesdən kənarda qala bilməz.
-Bu bəyanatlar sülhə xidmət edir, yoxsa müharibəyə?
-O ki qaldı bəyanatın sülhə, yoxsa müharibəyə xidmət etməsinə ABŞ-ın indiki vəziyyətdə Rusiya ilə müharibəyə girmə ehtimalı sıfıra bərabərdir. Çünki Donald Tramp heç bir ciddi müharibəyə daxil olmaq niyyətində deyil.
İranla aparılan danışıqlar da eyni kontekstdə qiymətləndirilə bilər. ABŞ-ın strateji müttəfiqi olan İsrail, onu İrana qarşı hərbi əməliyyatlara cəlb etməyə çalışır. Məhz bu əməliyyatlarda iştirak etməmək üçün ABŞ hazırda danışıqlar masasında qalmağa, diplomatik yolla razılaşma əldə etməyə çalışır. Bu yolla ABŞ iqtisadi sanksiyalar və təzyiqlər vasitəsilə İrandan istədiklərini almağa, müharibədən yayınmağa çalışır.
Eyni yanaşma Yəməndə də müşahidə olunur. ABŞ orada husilərə qarşı bir neçə günlük hava zərbələri həyata keçirsə də, bu əməliyyatları uzunmüddətli və genişmiqyaslı etməməyə çalışır. Hətta İsrailin maraqlarına zidd olsa belə, ABŞ böyük maliyyə itkilərinə səbəb olmamaq üçün husilərlə müəyyən anlaşmaya getdi. Halbuki husilər bu gün də ballistik raketlərlə İsrail ərazisini atəşə tutmağa davam edirlər.
Bu faktlar göstərir ki, Donald Tramp ABŞ-ı heç bir genişmiqyaslı müharibəyə cəlb etmək istəmir. Ona görə də ABŞ–Rusiya arasında hər hansı bir müharibənin baş verməsi ehtimalı, ən azı Trampın hakimiyyəti dövründə, real görünmür.
Həmayıl Şükürlü
21:10 28.05.2025
Oxunuş sayı: 1707