Tikinti layihələri və layihəqabağı sənədlərin ekspertizadan keçirilmə xərclərinin hesablanması qaydaları təsdiqlənib

Tikinti layihələri və layihəqabağı sənədlərin ekspertizadan keçirilməsi ilə bağlı xərclərin hesablanması qaydaları təsdiqlənib.
Crossmedia.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov qərar qəbul edib.
Qaydalar Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən ekspertizadan keçirilməsi nəzərdə tutulan tikinti layihələrinin, habelə layihəqabağı sənədlərin (texniki-iqtisadi hesablamalar (TİH), texniki-iqtisadi əsaslandırmalar (TİƏ) və tender layihələri) ekspertizadan keçirilməsi ilə bağlı xərclərin hesablanması qaydasını müəyyən edir.
Tikinti layihələrinin ekspertizadan keçirilməsi ilə bağlı xərclər İdarə ilə sifarişçi arasında bağlanmış müqavilə əsasında sifarişçi tərəfindən ödənilir. Ekspertiza xərcləri sifarişçi tərəfindən, ekspertizanın nəticəsinə dair ekspert rəyinin məzmunundan asılı olmayaraq ödənilir. Müqavilə qiymətləri ekspertiza dəyəri əsasında bu Qaydalara uyğun olaraq müəyyənləşdirilir.
Ekspertiza xərclərinin hesablanması Azərbaycan ərazisində siniflər üzrə təsnifləşdirilmiş tikinti obyektlərinin layihələrinin həcmindən asılı olaraq həyata keçirilir.
Bu Qaydalar ekspertizadan keçirilməsi üçün təqdim olunan bütün tikinti layihələrinə və layihəqabağı sənədlərə şamil olunur.
Ekspertiza xərclərinin təyini üsuluna gəlincə, tikinti layihələrinin və layihəqabağı sənədlərin ekspertizadan keçirilməsi ilə bağlı xərclərin dəyəri layihələndirmə xidmətlərinin dəyərindən asılı olaraq xərc əmsalları tətbiq olunmaqla (E.d. = L.d. x Ə) aşağıdakı kimi hesablanır:
Ed – ekspertiza xərclərinin dəyəri (ƏDV-siz), manatla;
L. d. – layihələndirmə xidmətlərinin dəyəri (ƏDV-siz), min manatla;
Ə – bu Qaydaların 3-cü hissəsində nəzərdə tutulmuş tikinti obyektlərinin sinifləri üzrə tətbiq olunan xərc əmsalı, faizlə
Dövlət vəsaiti hesabına maliyyələşdirilən obyektlərin tikintisinə dair, habelə qüvvədə olan qanunvericilikdə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda, eləcə də sifarişçinin təşəbbüsü ilə tikintiyə dair texniki-iqtisadi hesablamaların, texniki-iqtisadi əsaslandırmaların və tender sənədlərinin ekspertizasına görə ekspertiza haqqı tikintisi nəzərdə tutulan obyektin layihələndirmə xidmətlərinin dəyərinə tətbiq olunan ekspertiza dəyərinin 15%-i həcmində hesablanır.
Nəzərdə tutulmuş layihələrlə bağlı şübhələr olduqda, tikintiyə icazə verən orqan (qurum) şübhə doğuran halların aydınlaşdırılması barədə ekspertiza müəssisəsinə sorğu ilə müraciət etdiyi hallarda sifarişçi tərəfindən ekspertiza xərcləri ödənilmir.
Ekspertiza xərcləri milli valyutada (AZN) İdarənin müvafiq bank hesabına köçürülür.
Bundan başqa, layihələndirmə xidmətləri üçün tikinti obyektləri təxmini olaraq beş sinif üzrə təsnifləşdirilir.
Layihələndirmə xidmətlərinin dəyərinin aralıq qiymətlərinin ekspertiza dəyəri, həmin qiymətlərin yuxarı həddi səviyyəsində təyin edilir (məsələn, birinci sinif üzrə təsnifləşdirilmiş tikinti obyektinin layihələndirmə xidmətlərinin dəyəri 180 min manat olduqda, ekspertiza dəyəri 8,82 %-lə təyin edilir).
17:40 12.05.2025
Oxunuş sayı: 801