Azərbaycanın NATO yanında Nümayəndəliyində görüş keçirilib


NATO Tanışlıq Proqramı çərçivəsində Bosniya və Herseqovina, Kolumbiya, İordaniya, Pakistan, Qətər, Serbiya və Özbəkistanın Müdafiə Nazirliklərindən olan iştirakçılar Azərbaycanın NATO yanında Nümayəndəliyini ziyarət ediblər.
Crossmedia.az xəbər verir ki, proqramın əsas məqsədi iştirakçılara NATO-nun əməkdaşlıq proqramları və fəaliyyəti barədə ətraflı məlumat verməkdir.
Əvvəlcə Azərbaycanın NATO yanında Nümayəndəliyi NATO ilə tərəfdaşlığın praktiki aspektləri üzrə Azərbaycanın təcrübəsini əks etdirən təqdimatla çıxış edib.
Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə Ulu Öndər Heydər Əliyevin Azərbaycan-NATO tərəfdaşlığının əsasının qoyulmasındakı müstəsna rolundan danışıb. O, Prezident İlham Əliyevin NATO mənzil-qərargahına səfərləri, eləcə də Azərbaycan-NATO tərəfdaşlığının inkişaf etdirilməsində göstərdiyi diqqət və səyləri qeyd edib. İştirakçılara NATO-nun etibarlı tərəfdaşı olan Azərbaycanın qurum ilə siyasi dialoqu, praktiki tərəfdaşlığı, eləcə də başda müttəfiq və tərəfdaş dövlətlərin enerji təhlükəsizliyi olmaqla, ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyinə verdiyi töhfələrdən bəhs edilib.
Görüşdə Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun Hərbi Komitəsi yanındakı Hərbi Nümayəndəliyi tərəfindən iştirakçılara ölkəmizin qurum ilə hərbi tərəfdaşlığı barədə geniş məlumat verilib.
17:35 12.05.2025
Oxunuş sayı: 876