“Kaspi”nin Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə xüsusi sayı nəşr olunub









“Kaspi” qəzetinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 12-ci ildönümü ilə bağlı həm Azərbaycan, həm də rus dilində xüsusi sayı işıq üzü görüb.
Crossmedia.az xəbər verir ki, xüsusi nömrədə “Azərbaycanı dünyaya tanıdan lider” sərlövhəli analitik məqalədə ilk öncə Ümummilli liderin ölkəmizin ilk Konstitusiyasının qəbulundakı misilsix xidmətlərinin dövlətçilik qarşısındakı ən böyük xidmətlərdən biri olduğu vurğulanır.
Ulu Öndərin şah əsəri
Məqalədə vurğulanır ki, 1995-ci il 12 noyabr müstəqil Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazılıb. Ümummilli Lider Heydər Əliyevin birbaşa rəhbərliyi və təşəbbüsü ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası ümumxalq referendumu ilə qəbul edilib.
İlk Konstitusiyamızın qəbulunu Ulu Öndər Heydər Əliyevin şah əsəri də adlandırırlar. Beş bölmə, 12 fəsil, 158 maddədən ibarət ilk milli Konstitusiyada BMT-nin 1948-ci il 10 dekabr tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquq və azadlıqları əhatə olunub. Azərbaycan Konstitusiyasının ilk maddəsində dövlət hakimiyyətinin yeganə mənbəyinin Azərbaycan xalqı olduğu qeyd edilir.
Ulu Öndər dünyanı heyrətləndirən liderdir
Ulu öndərin uğurlu xarici siyasətindən bəhs edən digər məqalədə qeyd olunur ki, getdikcə cılızlaşan, merkantil və daha çox şəxsi siyasi ambisiya və kaprizlərin qurbanına çevrilən, qeyri-yetkin liderlər və dövlət başçılarının trendə çevrildiyi çağdaş beynəlxalq münasibətlərdən fərqli olaraq, 20-30 il öncənin dövlət adamlarının Heydər Əliyevin siyasi portretinə, dövlətçilik fəlsəfəsinə verdikləri önəm və qiymət əbəs deyildi. Bu siyasət adamları Heydər Əliyevin rəhbərlik etdiyi dövlətin qazanacağı uğurları öncədən görür və proqnozlaşdırırdılar.
Bu gün dünyanın güc mərkəzləri olan bəzi dövlət və beynəlxalq institut rəhbərlərindən fərqli olaraq, sovetlərin çöküşü ilə yeni dünya bölgüsü və nizamının formalaşdırılması yükünü üzərinə götürmüş həmin tarixi dövrün liderlərinin proseslərə baxış bucağı da fərqli, daha miqyaslı və əhatəli idi. İndi Azərbaycanla mənasız və rəhbərlik etdiyi dövlətin tarixi missiya və nailiyyətlərini aşağılayan ədavət kampaniyasının önündə olan Emmanuel Makron kimi liderin başında durduğu Fransaya rəhbərlik etmiş Jak Şirak Heydər Əliyev barədə deyirdi: “Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarmışdır. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən, münaqişənin sülh yolu ilə həllində onun cəsarətini, müdrikliyini və qətiyyətini yüksək qiymətləndirdim”.
Heydər Əliyevin ideyalarına sadiq qalib ordu
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Ordusunun formalaşdırılması, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində gördüyü mühüm işlərdən bəhs edən digər məqalədə vurğulanır ki, 1960-ci illərin sonunda hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev ölkənin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaqla yanaşı, milli hərbi kadrların hazırlanmasını da əsas vəzifə kimi qarşıya qoydu. Məhz onun təşəbbüsü və qətiyyəti sayəsində 1971-ci ilin noyabr ayında Azərbaycanda ilk hərbi məktəbin açılışı oldu. O zaman Azərbaycan Kommunist Partiyasının birinci katibi olan Ulu Öndər Heydər Əliyev bu təntənəli mərasimdə iştirak edərək, yeni hərbi məktəbə diviziya komandiri general Cəmşid Naxçıvanskinin adının verildiyini bəyan etdi.
Məhz bu məktəbdə hərbi təhsil alan azərbaycanlılar sovet illərində ölkəmizin müxtəlif güc strukturlarında, o cümlədən hərbi sahədə fəaliyyətə cəlb olundular. 1991-ci ildə SSRİ-nin süqutundan sonra isə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə qarşı çıxanlar, silaha sarılaraq Vətənin müdafiəsinə qalxanlar arasında Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi məktəbin keçmiş məzunları üstünlük təşkil etdilər.
Ümummilli Liderin xeyirxahlıq missiyasının daşıyıcısı
Xüsusi nömrədə Ulu Öndərin xeyirxahlıq missiyasının bu gün görkəmli dövlət xadiminin adını daşıyan Heydər Əliyev Fondu tərəfindən davam etdirilməsinə dair dolğun məqalədə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Fond azərbaycançılıq məfkurəsinin təbliğinə, habelə ölkədə sosial rifahın yüksəldilməsinə, elm, təhsil, mədəniyyət, idman sahələrinin inkişafına əhəmiyyətli töhfə verdiyi xüsusi qeyd olunur. Fond Ulu Öndərin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir. Bunu Fondun 21 illik fəaliyyətinə nəzər saldıqda da görmək mümkündür.
Mədəniyyət xadimlərimizin hamisi
Ümumilli Liderin bütün sahələr kimi mədəniyyətə də xüsusi diqqət və qayğı göstərdiyini işıqlandıran digər məqalədə Xalq artisti, "Şöhrət” ordenli rejissor Mərahim Fərzəlibəyovun Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələri yer alıb. Qeyd edilir ki, Ulu Öndər bütün ömrünü, mübarizəsini, yorulmayan fədakar fəaliyyətini Azərbaycanın siyasi, iqtisadi, mədəni həyatının inkişafına sərf edib. Ümummilli Lider respublikamızın beynəlxalq aləmdə hərtərəfli tanınması üçün əlindən gələni əsirgəməyib. Çox nadir hallarda olur ki, ölkə başçısı dövləti idarə etməklə bərabər, onun mədəniyyət və incəsənətinə də xüsusi önəm versin. Ulu Öndər Heydər Əliyev belə liderlərdən idi.
İqtisadiyyatımızı dirçəldən lider
Digər məqalədə Milli Məclisin deputatları Aydın Hüseynov, Tahir Mirkişili, Vüqar Bayramov müstəqil Azərbaycanın müasir iqtisadi inkişaf strategiyasının banisi olan Heydər Əliyevin iqtisadiyyatımızı dirçəltmək istiqamətində çoxşaxəli fəaliyyətindən bəhs edərək vurğulayıblar ki, bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də həyata keçirilən islahatlar bugünkü uğurların əsasını təşkil edir. Ulu Öndər Heydər Əliyevin ifadəsi var ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Ümummilli Liderin ikinci dəfə hakimiyyətə gəldiyi illərdə Azərbaycan siyasi və iqtisadi tənəzzül dövrünü yaşayırdı. Heydər Əliyevin rəhbərliyi ilə ölkəni iqtisadi böhrandan çıxarmaq, inflyasiyanı dayandırmaq üçün qabaqlayıcı addımlar atıldı.
Ailə dəyərlərinə göstərilən xüsusi qayğı
Digər məqalədə Ulu Öndər Heydər Əliyevin ailəni cəmiyyətin əsas dayağı, uşaqları isə xalqın və dövlətin gələcəyi kimi qiymətləndirməsi ailə dəyərlərinə göstərilən xüsusi qayğı kimi əks olunub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva bildirib ki, ölkəni yüksəlişə aparmaq məqsədilə başladığı yolda xalqın kimliyinin, ailə institutunun, milli-mənəvi dəyərlərin qorunub saxlanması dahi liderin siyasi xəttinin əsasını təşkil edirdi.
Təsadüfi deyil ki, müstəqil Azərbaycanda dövlət-ailə siyasətinin əsas prinsiplərinin formalaşması Ümummilli Liderin adı ilə bağlıdır. O, milli-mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayaraq deyirdi ki, Azərbaycan xalqının milli ənənələrində uşağa diqqət, qayğı hər bir ailənin, hər bir insanın əsas vəzifəsi olub. Heydər Əliyev dövlət siyasətində də ailə institutunun möhkəmləndirilməsinə xüsusi önəm verirdi.
Xüsusi sayda Ulu Öndərin idmana qayğısı da ayrı məqalədə əksini tapıb. Vurğulanır ki, bütün sahələrdə olduğu kimi idmanda da maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində mühüm işlər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə davam etdirildi. Xüsusilə Olimpiya Hərəkatı özünün yüksəliş dövrünə qədəm qoydu.
Ulu Öndərə ümumxalq ehtiramı
Qəzet Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ölkəmizin hər bir guşəsində qeyd edildiyini də digər məqalədə işıqlandırıb. Ümummilli Liderin həyat və fəaliyyəti, Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri bir daha vurğulanıb. Anım tədbirləri paytaxtın müxtəlif rayonlarında da təşkil edilib. Tədbirlərdə xüsusi vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin siyasi irsi, əslində dövlətçilik tarixidir, çünki o, iki ayrı dövrdə respublikamıza uğurla rəhbərlik edib, milli tərəqqini – iqtisadi inkişafı, mədəni intibahı və siyasi yüksəlişi təmin etməyə müvəffəq olub.
Ulu Öndərin hər zaman Azərbaycan xalqının gələcəyini düşündüyünü əks etdirən məqalədə 1998-2013-cü illərdə təhsil naziri olmuş, professor Misir Mərdanov Ulu Öndər müəllimə həmişə böyük hörmət göstərdiyini xüsusi qeyd edib. Vurğulanıb ki, Heydər Əliyevin Azərbaycan dili ilə bağlı fəaliyyəti də xüsusi qeyd edilməlidir.
12:24 11.05.2025
Oxunuş sayı: 1413