Fransanın keçmiş prezidenti Sarkozi həbsxanaya salınır

Fransanın sabiq prezidenti Nikolas Sarkozi həbs cəzasını Parisdə yerləşən “Sante” həbsxanasındakı təcrid kamerasında çəkəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, “Sante” həbsxanasında “həssas məhbuslar” üçün xüsusi bölmə mövcuddur. Sarkozinin yaşı (70) və ictimai statusu nəzərə alınaraq onun həmin bölməyə yerləşdirilməsi mümkün idi. Lakin qərara əsasən, o, digər məhbuslardan tam təcrid olunmuş şəraitdə saxlanılacaq.
Qeyd edək ki, Sarkozi 21 oktyabr tarixindən etibarən cəzasını çəkməyə başlayacaq.
Xatırladaq ki, 25 sentyabrda Paris Cinayət Məhkəməsi Nikolas Sarkozini Liviya lideri Müəmmar Qəddafinin vəsaitləri hesabına seçki kampaniyasını qanunsuz maliyyələşdirdiyinə görə 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
Beləliklə, o, həqiqi həbs cəzası alan ilk Fransa prezidenti olub.
Qeyd olunur ki, Sarkozinin vəkilləri hökmə etiraz etsələr də, məhkəmə qərarın dərhal icrasına göstəriş verib. Bu səbəbdən sabiq prezident apellyasiya baxışı gözlənilmədən cəzasını çəkməyə başlayacaq.
Fatimə Məmmədova
14:30 19.10.2025
Oxunuş sayı: 1559