AMEA-da Vyetnamın Elm və Texnologiya Akademiyasının vitse-prezidenti ilə görüş keçirilib




Mayın 8-də AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Vyetnamın Elm və Texnologiya Akademiyasının vitse-prezidenti professor Tran Tuan Anh ilə görüşüb.
Bu barədə Crossmedia.az AMEA-ya istinadən məlumat verir.
Görüşdə akademik İsa Həbibbəyli Azərbaycanla Vyetnamın yaxın dost, tərəfdaş ölkələr olduğunu, ikitərəfli münasibətlərin hələ ötən əsrin ortalarında, Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin 1959-cu ildə Azərbaycana səfəri ilə başladığını söyləyib. Qeyd edib ki, Vyetnamla əlaqələrə xüsusi önəm verən xalqımızın Ümummilli Lideri Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olarkən 1983-cü ildə Vyetnama səfər edib, ikitərəfli münasibətlərimizin bugünkü təməllərini daha da gücləndirib.
Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama səfəri zamanı vaxtilə Azərbaycanda oxuyan tələbələrlə görüşdüyünü və səmimi mühitdə görüşün keçdiyini söyləyən AMEA rəhbəri bu münasibətin xalqlarımız arasında əlaqələrin səviyyəsini, qarşılıqlı hörmətin dərinliyini ifadə etdiyini vurğulayıb.
Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə səfəri, Prezident İlham Əliyevlə görüşü və imzalanmış sənədlərin ikitərəfli əməkdaşlığımızı yeni mərhələyə qaldıracağını bildirən akademik İsa Həbibbəyli bu ziyarət çərçivəsində elmi əlaqələr üçün də geniş imkanlar açıldığını diqqətə çatdırıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Vyetnamın Elm və Texnologiya Akademiyası ilə əməkdaşlığa hazır olduğunu deyən akademik İsa Həbibbəyli qonağa ölkəmizdə elm və təhsil sahəsində aparılan islahatlar, Elmlər Akademiyasının 80 ildə keçdiyi şərəfli tarixi yol və bu gün fəaliyyət göstərdiyi istiqamətlər, süni intellekt və rəqəmsal texnologiyalar üzrə aparılan tədqiqatlar barədə məlumat verib. AMEA prezidenti bildirib ki, hazırda AMEA-nın üç müəssisəsində – Ədəbiyyat, Şərqşünaslıq və Tarix institutlarında Vyetnamla bağlı elmi tədqiqatlar aparılır və Ədəbiyyat İnstitutunda ədəbi əlaqələrə dair kitab da nəşr edilib. Akademik İsa Həbibbəyli ötən il Bakıda “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda beynəlxalq konfransın keçirildiyini və Vyetnamın Hanoy Universitetinin professoru Nguyen Van Çienin də tədbirdə iştirak etdiyini vurğulayıb.
Bu sahədə görülən işlərin başlanğıc olduğunu deyən akademik İsa Həbibbəyli Ulu Öndər Heydər Əliyevin Azərbaycan-Vyetnam əlaqələrinə dair başladığı işi Prezident İlham Əliyevin uğurla davam etdirdiyini bildirib və bu əlaqələrin inkişafına elmin də öz dəstəyini verməsi üçün AMEA-nın birgə əməkdaşlığa hazır olduğunu söyləyib.
Görüşdə çıxış edən Vyetnamın Elm və Texnologiya Akademiyasının vitse-prezidenti professor Tran Tuan Anh AMEA-nın 80 illik yubileyi münasibətilə təbriklərini çatdırıb. Tran Tuan Anh uzun illərə söykənən Azərbaycan-Vyetnam dostluq münasibətlərini yüksək qiymətləndirərək, elmi əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıb, akademiyalararası əməkdaşlıq memorandumunun imzalanması üçün akademik İsa Həbibbəylini Vyetnama dəvət edib.
Sovet dövründə vyetnamlı tələbələrin Azərbaycanda neft-qaz, təbiət və ictimai elmlər sahələrində təhsil aldıqlarını deyən Tran Tuan Anh ölkəmizlə əlaqələrə xüsusi önəm verdiklərini, Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın səfərinin bunun əyani göstəricisi olduğunu söyləyib.
Qonaq Vyetnamda elm-təhsil sahəsində aparılan islahatlardan danışıb, eləcə də AMEA ilə süni intellekt, rəqəmsal texnologiyalar və seysmologiya sahəsində əməkdaşlıq potensialını qeyd edib. O, təmsil etdiyi akademiyanın nəzdində iki universitetin də fəaliyyət göstərdiyini və elmi jurnallarının Scopus bazasında yer aldığını bildirib.
Görüşdə birgə əməkdaşlıq üçün müzakirələr aparılıb.
Vyetnamlı qonaqlar AMEA-nın Rəyasət Heyətinin binası ilə də tanış olublar.
15:36 08.05.2025
Oxunuş sayı: 843