Ermənistanda Azərbaycan bayrağı yandırıldı, Paşinyan çağırış etdi: Təxribat, yoxsa şou?


Ermənistanda ənənəvi şəkildə keçirilən məşəl yürüşü bu il də müxtəlif təxribatlarla yadda qalıb. Yürüş zamanı Azərbaycan və Türkiyə bayraqlarının yandırılması geniş rezonans doğurub. Ermənistanın Baş naziri Nikol Paşinyan baş verənləri pisləyərək bu addımı təxribat kimi qiymətləndirib.
Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdığı bir vaxtda Azərbaycan bayrağının Ermənistanda yandırılması və Paşinyanın reaksiyası diqqət çəkir. Belə çıxır ki, ya ölkə daxilində iqtidarın siyasi iradəsi çox zəifdir və ona qarşı çıxan qüvvələr qalmaqdadır, ya da bu, sadəcə baş nazirin "xal qazanması" üçün şou idi.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi, politoloq Fuad Abdullayev bildirib ki, bu kimi hadisələr təkcə etiraz aksiyası deyil, həm də siyasi mahiyyət daşıyan, düşünülmüş bir təxribatdır: “Bu, Ermənistan daxilində hələ də güclü şəkildə revanşist və etnik nifrətə əsaslanan düşüncənin açıq təzahürüdür. Bayraqların yandırılması sülhə qarşı olan qüvvələrin öz mövqelərini cəmiyyətə qəbul etdirmək cəhdidir. Bu, sadəcə bir etiraz deyil, siyasi və ideoloji yönümlü nifrət kampaniyasıdır".
Ekspert hesab edir ki, bu cür təxribatlar region xalqları arasında onsuz da həssas olan münasibətləri daha da gərginləşdirir, etimadın bərpasını çətinləşdirir və sülh təşəbbüslərini gözdən salmağa xidmət edir.
F.Abdullayev Paşinyanın məsələyə münasibətini də dəyərləndirib: “Onun bu addımı pisləməsi daha çox diplomatik zərurətdən irəli gəlir. Onun bəyanatı sadəcə söz səviyyəsindədir. Əgər Ermənistan sülhə sadiqdirsə, belə təxribatlara qarşı ciddi tədbirlər görməli, bu aksiyaları təşkil edənlər məsuliyyətə cəlb olunmalıdır".
Ekspert eyni zamanda beynəlxalq ictimaiyyətin bu məsələdəki susqunluğuna da diqqət çəkərək qeyd edib ki, bu, Ermənistan ictimaiyyətində revanşist meyllərə dolayısı ilə dəstək kimi qəbul olunur: “Ermənistan daxilində revanşist düşüncə hələ də güclüdür. Bu dəyişmədikcə sülh prosesinə dair istənilən sənəd və razılaşma yalnız kağız üzərində qalacaq və Cənubi Qafqazda sabitlik mümkün olmayacaq".
Toğrul Əhmədzadə
15:18 24.04.2025
Oxunuş sayı: 1622