Rusiya və Ukrayna sülh bağlasa Tramp Nobel mükafatı ala bilər

Rusiya və Ukrayna arasındakı atəşkəsin imzalanma prosesində ABŞ rol oynayır. Əgər ABŞ Ukraynaya təzyiq göstərərsə Rusiya atəşkəs imzalamağa razıdır. Rusiya əlavə şərtlərin olmamasını tələb edir. Rusiyaya qarşı sanksiyaların ləğv edilməsinə isə Ukrayna qarşıdır. Bu mövqe ilə bir çox Avropa İttifaqı ölkələri razıdır.
Bu barədə Crossmedia.az-a açıqlama verən politoloq Sultan Zahidov deyir ki, münaqişə müvəqqəti olaraq atəşkəslə bitərsə ABŞ diqqətini Yaxın və Orta şərqdə İrana və Uzaq şərqdə Çinə fokuslanmaq imkanına malik olacaq:
“Zelenskinin əvvəldən mövqeyi olub ki, ABŞ hakimiyyəti Rusiyaya lazımi təzyiqlər göstərmir, Rusiyanın istədikləri ilə razılaşır. Zelenski bununla bağlı paylaşım da etmişdi ki, Tramp Rusiyanın təhrif etdiyi reallıqla danışır. Bu da Donald Trampın qəzəblənməsinə səbəb olmuşdu. Məsələ orasındadır ki, Zelenski istəyir ki, ABŞ əvvəlki qədər Rusiyaya təzyiqləri davam etdirsin. Bayden administrasiyası dönəmindəki qədər, o formada Rusiyaya qarşı təzyiqləri davam etdirsin və Rusiyanı daha çox güzəştlər etməyə vadar etsin. Amma ABŞ-ın strategiyası artıq belə deyil. ABŞ hal-hazırda çalışır ki, ən qısa zamanda Rusiya və Ukrayna arasında atəşkəs imzalanmasına nail olsun. Donald Tramp iki slavyan dövləti arasındakı atəşkəsə vəsilə olan bir şəxs kimi tarixə keçmək istəyir. Bu hətta onun sülh üzrə Nobel mükafatı almağına səbəb ola bilər. Eyni zamanda da bu atəşkəsin imzalanması Donald Trampa həm Rusiya həm də Ukrayna ilə minerallar və nadir metallarla bağlı saziş imzalanmasına gətirib çıxara bilər. Hazırda Ukrayna və ABŞ arasında mineral sazişi ətrafında danışıqlar davam edir. Bu gün ABŞ-ın xarici siyasətində daha çox Henri Kissincerin “Dünya düzəni” əsərində irəli sürdüyü konsepsiya hakimdir. Bu da ABŞ üçün əsas prioritet yaxın, orta və uzaq Şərqdə qüvvələr balansını təmin olunması olmalıdır”.
Politoloq bildirib ki, ABŞ Rusiyanı Çindən qopartmalıdır: “Hər iki regionda isə bu balansın təmin olunmasına ABŞ-a əsas əngəli Çin və İran yaradır. Ona görə də ABŞ hər ikisini neytrallaşdırmağa çalışır. Dünya ölkələrinə tətbiq etdiyi tariflər də bundan qaynaqlanır. Ən böyük tarif Çinə qarşı olundu. Bütün bunlar onu göstərir ki, əsas hədəf Çindir. Sadəcə ilk olaraq Rusiya və Ukrayna arasında atəşkəs imzalanmalıdır. Buna görə də atəşkəsin imzalanması üçün ABŞ daha neytral görsənməyə çalışmalıdır. Necə ki, soyuq müharibə vaxtı Riçard Nikson Çini Sovet İttifaqından qopartmağa çalışırdı. 1970-ci ildə ABŞ və Çin arasında diplomatik münasibətlər buna görə quruldu ki, ABŞ-a qarşı Çin alyansı formalaşmasın. Artıq Tramp Avropanın hərbiləşməsinə və öz müdafiəsinə nail olmağa çalışır ki, Avropa hərbi cəhətdən asılı vəziyyətə düşsün və ABŞ-dan silah alsın. O ki qaldı, Avropanın Ukrayna məsələsindəki mövqeyinə. Biz bilirik ki, Ukraynanın ərazi bütövlüyünü və suverenliyini nəzərdə tutulması şərti ilə atəşkəs imzalanmasına, eyni zamanda da Ukraynada bu atəşkəsə nəzarətin təmin olunması üçün qüvvələrin yerləşdirilməsini istəyir. Bununla bağlı mövqe fərqi var. ABŞ burada neytral görsənsə də düşünürəm ki, ABŞ özü də başa düşür ki, Avropa kontinenti orada olarsa heçbir halda atəşkəs imzalanmayacaq. İndiki halda sülh sazişindən söhbət gedə bilməz. Atəşkəsin imzalanması müşkül məsələdir. Avropa da Rusiya da ayrı şey istəyir. Ukrayna ətrafında cəmi sıfıra bərabər olan oyun formalaşıb. Bəli, 30 gün atəşkəs təklif olundu və bu məhdud şəkildə qəbul edildi. Amma yenə də Rusiya və Ukrayna bütün obyektlərini intensiv şəkildə hədəfə alır.”
Nurcan İsmayılova
17:33 04.04.2025
Oxunuş sayı: 1584