Azərbaycanla Ermənistan arasında sülh sazişi Qazaxıstanda imzalanacaq?- Ekspert açıqladı

Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu martın 27-də ermənistanlı həmkarı Ararat Mirzoyanla geniş tərkibdə danışıqlar zamanı bildirib ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması bir çox ölkələrin Cənubi Qafqazın geostrateji imkanlarından faydalanması üçün geniş perspektivlər açır.
O, A.Mirzoyanın ölkəyə ilk rəsmi səfərinin Bakı və İrəvan arasında mühüm razılaşmalar fonunda keçdiyini vurğulayıb.
"Biz bu səfərə xüsusi əhəmiyyət verir və onu Qazaxıstan ilə Ermənistan arasında ikitərəfli münasibətlərin gələcək inkişafında mühüm mərhələ kimi qiymətləndiririk. Sizin Qazaxıstana indiki səfəriniz Azərbaycanla mühüm razılaşmaların əldə edildiyi dövrdə baş tutur. Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatması dünya ictimaiyyəti tərəfindən təqdirlə qarşılanıb", - M.Nurtleu qeyd edib.
Astanın Azərbaycan- Ermənistan münasibətlərinin normallaşmasındakı vasitəçilik rolu uzun müddətdir müzakirə olunur. Perspektivdə mümkün sülh sazişinin Qazaxıstanda imzalanması istisna deyil. Bu ehtimal barədə Crossmedia.az-a danışan politoloq İlqar Vəlizadə bildirib ki, Qazaxıstandəfələrlə danışıqlar üçün məkan təqdim etməklə vasitəçilik edib, amma artıq vasitəçiliyə ümumiyyətlə ehtiyac yoxdur: “Qazaxıstanın marağı ondan ibarətdir ki, tərəflər ortaq qərara gəlsinlər və hər iki ölkə ilə münasibətlər faydalı şəkildə qurulsun. Astana Bakının yaxşı tərəfdaşı olmasına baxmayaraq, həm də İrəvanla eyni təşkilatların üzvüdür. Buna misal olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqını (Aİİ) göstərə bilərik. Qazaxıstan Cənubi Qafqaza tranzit region kimi baxır və bu cəhətdən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması müəyyən dərəcədə Qazaxıstanın da imkanlarını artırır. Belə ki, Qazaxıstanın ümidi Zəngəzur dəhlizinin açılmasına bağlıdır. Çünki Zəngəzur dəhlizi Qazaxıstana imkan verir ki, Yaxın Şərq ölkələrinə birbaşa çıxışı olsun. Burada da Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən Qazaxıstanın vasitəçi yox, tərəfdaş olduğunu görürük”.
Həmçinin, politoloq qeyd edib ki, sazişin imzalanması tərəflərin iradəsindən asılıdır. Sazişin imzalanması üçün əlverişli "meydançalar" da mövcuddur: "Gürcüstan, Qazaxıstan, İsveçrə buna misal ola bilər. Amma buna siyasi maraq və ya başqa cəhətdən yanaşsaq, Qazaxıstan daha əlverişli yer olaraq görünür".
Fidan Xəlilova
16:36 28.03.2025
Oxunuş sayı: 1475