Tramp İranla bağlı İsrailə güzəştlər vəd etmişdi: Yeni müharibə başlayır? -MÜSAHİBƏ

İsrailin müdafiə naziri İsrael Katz İsrail Ordusunun Qəzza zolağında döyüş əməliyyatlarını genişləndirəcəyini elan edib. O, sosial şəbəkəsində yerləşdirdiyi videomüraciətində bölgədə hərbi planların təsdiqləndiyini və icra mərhələsinə keçildiyini bildirib.
"İsrail Ordusu tezliklə Qəzzanın əlavə ərazilərində tam qüvvə ilə fəaliyyət göstərəcək. Yerli sakinlərdən təhlükəsizlikləri üçün döyüş bölgələrini tərk etmələri tələb olunacaq", - deyə Katz vurğulayıb.
Nazirin sözlərinə görə, HƏMAS hərəkatı mülki əhalidən canlı qalxan kimi istifadə edir və bu, İsraili Qəzzada daha çox əraziyə nəzarət etməyə məcbur edir. Katz eyni zamanda fələstinli mülki şəxslərin evlərini tərk etmələrinin zəruriliyini qeyd edib.
Bu bəyanat İsrailin Qəzzada hərbi əməliyyatlarını daha da intensivləşdirməyə hazırlaşdığını göstərir. Bunun fələstinli mülki əhali üçün ağır nəticələrə səbəb olacağı ehtimal edilir. Müharibənin davam etməsi regionda vəziyyəti daha da gərginləşdirə bilər.
Mövzu ilə Crossmedia.az-a politoloq, professor Əlimusa İbrahimov müsahibə verib
-İsrailin müdafiə naziri bildirib ki, Qəzzada əməliyyatlar genişlənəcək. Bir tərəfdən atəşkəs haqqında bəyanatlar verilir, müəyyən şərtlər irəli sürülür, digər tərəfdən isə əməliyyatlar davam etdirilir. Bu ziddiyyət nə ilə bağlıdır?
-Atəşkəsin səbəblərini və onun əldə olunması istiqamətində atılan addımları nəzərdən keçirmək üçün bir qədər geri qayıdaq. ABŞ-nin prezidenti Donald Trampın hakimiyyətə gəlməsi və sonrakı dövrdə baş verənlər bu məsələnin daha yaxşı anlaşılmasına kömək edə bilər. Tramp hakimiyyətə gəldikdən sonra ilk qəbul etdiyi ölkə lideri İsrailin baş naziri Benyamin Netanyahu oldu. Bu görüş zamanı Yaxın Şərqdə baş verən münaqişələr və İsrail-Fələstin qarşıdurması müzakirə edildi. Tramp hakimiyyətə gəlməzdən əvvəl beynəlxalq münaqişələrin qarşısını alacağına dair vədlər vermişdi. O dövrdə əsas münaqişələr Yaxın Şərqdə və Rusiya-Ukrayna arasında baş verirdi. Hakimiyyətə gəldikdən sonra Tramp Yaxın Şərqdə və Ukraynada müharibənin dayandırılması istiqamətində addımlar atmağa başladı. Nəticədə İsrail və HƏMAS arasında atəşkəs əldə olundu və bu, Trampın andiçmə mərasimində elan edildi. Lakin Tramp atəşkəsin nə qədər davam edəcəyini dəqiqləşdirmədi və onun uzunmüddətli olacağına dair qəti fikir bildirmədi. Atəşkəs üç mərhələli bir plana əsaslanırdı. Mütəxəssislər hesab edirdilər ki, bu plan tam icra olunmayacaq və atəşkəs pozulacaq. Həqiqətən də, birinci mərhələ başa çatmadan İsrail tərəfindən bir neçə dəfə atəşkəsin pozulmasına cəhdlər edildi. İsrailin atəşkəsə razı olması ehtimal ki, ABŞ-nin xüsusilə də Trampın təzyiqi nəticəsində mümkün olub. Digər ehtimal isə İsrailin atəşkəs müqabilində müəyyən vədlər almasıdır. 15 ay davam edən müharibə dövründə dəfələrlə ABŞ, xüsusilə də Cozef Bayden administrasiyası İsrailə atəşkəs üçün təzyiqlər göstərsə də, buna nail ola bilməmişdi. Lakin Trampın təzyiqi ilə İsrail atəşkəsə razılaşdı. Burada mühüm məqam ondan ibarətdir ki, Tramp böyük ehtimalla İsraillə İran məsələsində müəyyən güzəştlər edəcəyini vəd etmişdi. Lakin sonradan ABŞ administrasiyası İsrailin İrana hücum planlarını açıq şəkildə dəstəkləmədi. Bu isə Netanyahu üçün gözlənilməz nəticə oldu. Beləliklə, İsrail atəşkəsə razılaşdı, ancaq öz qarşısına qoyduğu məqsədlərə tam nail ola bilmədi. Netanyahu Qəzzada əsas hədəflərinə – HƏMAS-ın tamamilə məhv edilməsinə, Qəzzanın işğalına və mümkün qədər əhalinin bölgədən köçürülməsinə çatmaq istəyirdi. Atəşkəsin şərtlərinə görə, İsrail qoşunları Qəzzadan çıxmalı, HƏMAS isə ləğv edilməli idi. Lakin HƏMAS hələ də mövcuddur və İsrailin nəzarətini tam bərpa etməsi mümkün olmayıb.
Digər tərəfdən, ABŞ İsrailin İrana hücumunu açıq dəstəkləmədiyi üçün Netanyahu başqa variantlara əl atmağa məcbur oldu. Belə olan halda, İsrailin atəşkəsi pozması və əməliyyatları yenidən başlatması üçün bəhanələr axtarması gözlənilən idi. Nəticədə, İsrail Qəzzaya qarşı yeni hücumlara başladı və hazırda da əməliyyatları davam etdirir. Bu müharibənin nə zaman bitəcəyi hələ bəlli deyil. Lakin İsrail, ehtimal ki, HƏMAS-ı tamamilə məhv edənə və Qəzzada tam nəzarəti bərpa edənə qədər döyüşləri dayandırmayacaq. Üstəlik, Netanyahu administrasiyası Qəzzadan əhalinin köçürülməsi ideyasını da gündəmdə saxlayır. İsrail mediasında zaman-zaman Qəzzadan çıxan mülki şəxslərin sayı və onları qəbul edən ölkələr haqqında məlumatlar yayılır. Bu, İsrailin bölgəni demoqrafik baxımdan dəyişmək istədiyini göstərir. Nəticə etibarilə İsrailin əməliyyatları genişləndirməsi və atəşkəsi pozması onun əsas məqsədlərinə tam nail ola bilməməsi ilə bağlıdır. ABŞ-nin mövqeyi isə İsrailin bu strategiyasına müəyyən sərhədlər qoyur, lakin İsrail öz maraqlarını təmin etmək üçün müharibəni davam etdirməyə çalışır. İsrailin Qəzzada apardığı müharibənin əsas məqsədi HƏMAS-ın tamamilə ləğvi, Qəzzanın işğalı və oradakı əhalinin Misirə və digər ölkələrə köçürülməsi idi. Lakin İsrail bu məqsədlərinə nail ola bilmədi. Atəşkəs şərtlərinə görə, İsrail qoşunlarını geri çəkməli idi, lakin HƏMAS tam ləğv olunmadı və Qəzzaya nəzarət tam bərpa olunmadı. Netanyahu üçün bu, ciddi uğursuzluq idi. Digər tərəfdən, ABŞ İsrailin İrana hücumunu dəstəkləmədiyi üçün Netanyahu öz istədiyini Trampdan ala bilmədi. Bütün bunlar İsraili atəşkəsi pozmağa vadar etdi. Müxtəlif bəhanələrlə İsrail yenidən HƏMAS-a qarşı müharibəyə başladı və hazırda bu müharibənin nə vaxt bitəcəyi məlum deyil. İsrail müharibəni o vaxta qədər davam etdirəcək ki, ilk qarşıya qoyduğu məqsədləri yerinə yetirsin – HƏMAS-ın hərbi gücünün tam ləğvi, Qəzzaya tam nəzarət və oradakı əhalinin köçürülməsi.
- İsrailin ABŞ-dən icazəsiz atdığı addımlar ikitərəfli münasibətlərdə gərginlik yarada bilər?
- İkitərəfli münasibətlərdə müəyyən narazılıq yarana bilər. Ümumiyyətlə, atəşkəsin pozulması İsrailin Trampa qarşı atdığı addım idi. Lakin ABŞ liderinin Təl- Əvivə qarşı münasibətinin ciddi dəyişdiyini hiss etmirik. Çünki Tramp administrasiyası Netanyahu hökumətinə ciddi təzyiqlər etsə də, bu, kütləvi informasiya vasitələrində açıq şəkildə əks olunmadı. İsrail ABŞ-nin dəstəyindən asılıdır və ABŞ-nin İsraildən əl çəkməsi bu dövlət üçün ölümə bərabərdir. Buna görə də, düşünmürəm ki, Qəzzada atılan addımlar ABŞ-İsrail münasibətlərinə ciddi təsir edəcək. Bundan əvvəl də Bayden administrasiyası İsrailə təzyiq göstərsə də, İsrail tələbləri qulaqardına vururdu.
-İsrailin İrana hücumu ehtimalı nə qədərdir?
-Tramp administrasiyası İrana məktub göndərərək ona iki ay vaxt verdiyini bildirdi. Ancaq Trampın müharibəyönümlü bir prezident olmadığı nəzərə alınmalıdır. O, müharibədən çox, iqtisadi mənfəət götürməyə və digər ölkələri təzyiq altında saxlamağa çalışır. İsrailin indiki şəraitdə İrana hücum etməsi real görünmür. Bunun bir neçə səbəbi var: Yəməndə gedən müharibə – İsrail və ABŞ artıq Yəməndə hərbi toqquşmalarla üzləşib. Bu vəziyyətdə İrana hücum yeni bir cəbhənin açılması deməkdir. Avropanın mövqeyi – ABŞ İsrailə arxayın olduğu kimi, özü də Avropadakı NATO müttəfiqlərindən asılıdır. Ancaq Avropa ölkələri İrana hücumu dəstəkləməyəcək. İranın gücü – İran bölgədə güclü hərbi və siyasi təsirə malikdir. Ona qarşı birbaşa hücum ciddi nəticələrə gətirib çıxara bilər. Buna görə də, yaxın gələcəkdə İsrailin İrana hücumu ehtimalı çox aşağıdır.
-İsrail-HƏMAS müharibəsi nə vaxt bitəcək?
-Beynəlxalq siyasət üzrə mütəxəssislər müharibənin yalnız iki dövlətin yaranması ilə sona çatacağını proqnozlaşdırırlar. Mən də bu fikirlə razıyam. İsrail HƏMAS-ın hərbi gücünü zəiflədə bilər, lakin ideoloji baxımdan HƏMAS-ı və Fələstin müqavimətini tamamilə məhv edə bilməz. İsrailin Qəzzadakı əməliyyatları beynəlxalq ictimaiyyət tərəfindən də tənqid olunur. Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və İsrail hökumətinin hərəkətlərini araşdırır. İsrail bütün fələstinliləri Qəzzadan çıxarmaq və ya onların müqavimətini tam məhv etmək istəyərsə, bu, beynəlxalq hüquq baxımından ciddi nəticələr doğura bilər. Nəticə olaraq İsrailin bu müharibədə tam qələbə qazanması real görünmür. Hərbi baxımdan müəyyən üstünlüklər əldə edə bilər, lakin siyasi və ideoloji müstəvidə HƏMAS hələ də mövcud olacaq. Müharibənin nə qədər davam edəcəyi isə İsrailin və beynəlxalq güclərin atacağı addımlardan asılıdır.
Kənan Novruzov,
Xumar Emilqızı
16:52 27.03.2025
Oxunuş sayı: 8451