Ankarada yaşayan soydaşımız aksiyalardan danışdı: "Polis etirazçılarla anlaşmağa çalışır"

Son günlər Türkiyənin paytaxtı Ankara etiraz aksiyalarının episentrinə çevrilib. Bir həftədir davam edən nümayişlər əsasən gənclər və tələbələrin iştirakı ilə keçirilir. Şəhərin müxtəlif yerlərində polis barikadalar qurub, bəzi küçələrə giriş məhdudlaşdırılıb. Saat 19:00-dan sonra nəqliyyatın hərəkəti dayandırılsa da, etirazçılar piyada şəkildə aksiyalara qoşulmaqda davam edirlər.
Ölkədəki gərgin vəziyyətə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da münasibət bildirib. O, etirazları “qardaşla qardaşı qarşı-qarşıya qoymaq üçün oynanılan oyun” adlandırıb və ölkənin küçə terroruna təslim olmayacağını vurğulayıb: “Biz ölkəmizi küçə terroruna təslim edə bilmərik. Çox diqqətli olun. Bu ölkə küçələrdə qurulmayıb. Küçələrdə terror törədənlərin gedəcək yerləri yoxdur, onların yolu dalana dirənir.”
Bu aksiyalar çərçivəsində son altı gündə 1400-dən çox şəxs saxlanılıb. Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bununla bağlı verdiyi açıqlamada saxlanılan 979 şübhəlidən 478-nin məhkəmə qarşısına çıxarılacağını bildirib. O, küçələrdə terror aktlarının törədilməsinə, milli-mənəvi dəyərlərə zərbə vurulmasına və polislərə hücum edilməsinə icazə verilməyəcəyini vurğulayıb.
Martın 19-dan 25-dək davam edən aksiyalar zamanı təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında toqquşmalar baş verib. Rəsmi qurumlar etirazların qarşısının alınması üçün sərt tədbirlər gördüklərini bəyan ediblər. Bütün bu hadisələrin fonunda şəhərdə vəziyyətin necə inkişaf edəcəyi hələ də qeyri-müəyyən olaraq qalır.
Hazırda Türkiyədə olan soydaşımız, Bakı Dövlət Universitetinin müəllimi, Ankara Universitetin doktorantı Qoşqar Bəylərov bildirib ki, Ankarada bir həftədir hər gün iğtişaşlar baş verir: "Şəhərin mərkəzində qaldığıma görə, hadisələrin içindəyəm. Deyilənə görə, dünən son gün idi, amma bu gün necə olacağını hələ görəcəyik . Demək olar ki, hər yerdə barikadalar qurulub. Əsas küçələrə saat yeddidən sonra giriş qadağan edilib, amma insanlar yenə də girə bilirlər. Sadəcə maşınların girişi qadağandır. Aksiyalarda daha çox tələbələr və gənclər iştirak edir və əllərində bayraqlar var. Polisin müdaxiləsi çox sərt deyil".
Q.Bəylərov qeyd edib ki, o, evinə getmək üçün mərkəzi küçədən keçməli olub və bu zaman heç bir problem yaşamayıb: "Polis yalnız barikadalardan keçənlərə nəzarət edir, lakin ciddi maneə yaratmır. Bəzi universitetlərdə də baykotlar mövcuddur. Məsələn, Ankara Universitetində boykotlar baş verir. Bəzi fakültələrdə əsasən Cümhuriyyət Xalq Partiyası (CHP) tərəfdarları baykot çağırışları edir. Lakin universitetlər rəsmi açıqlama verərək boykotun olmadığını və dərslərin vaxtında keçiriləcəyini bildiriblər. Bu vəziyyətlə bağlı aksiyalar keçirilir, amma sərt müdaxilənin şahidi olmuruq".
O, polisin yumşaq davranaraq, hətta mitinqçilərlə anlaşmağa çalışdığını qeyd edib.
Q.Bəylərov əlavə edib ki, bəzən küçələrdə hərəkət etməyə icazə verilir, ancaq ətrafa zərər verməmək və ya digər küçəyə keçməmək kimi anlaşmalar olur.
Xumar Emilqızı
Fatimə Məmmədova
16:30 26.03.2025
Oxunuş sayı: 5440