Ermənistan niyə silahlanır? - Deputatdan fərqli yanaşma

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tərəfindən İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Ərağçi ilə birgə mətbuat konfransında səslənmiş münasibət bildirib.
Qeyd olunub ki, martın 25-də Mirzoyanın iranlı həmkarı Əraqçi ilə birgə mətbuat konfransında guya Azərbaycanın sülh müqaviləsinin mətni üzrə razılaşma əldə edildikdən sonra yeni şərtlər irəli sürdüyü barədə iddiaları tamamilə əsassızdır:
"Ermənistan xarici işlər nazirinə yaxşı məlumdur ki, Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı müddəanın aradan qaldırılması, habelə Minsk Qrupunun rəsmən ləğvi tələbi son iki il yarım ərzində danışıqlar prosesinin vacib mövzuları sırasında olub.
Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu Konstitusiya, Ermənistan milli qanunvericiliyi, məhkəmə iddiaları və siyasi bəyanatlar barədə faktlar hələ 2023-cü ilin may ayında Vaşinqton görüşü zamanı Ermənistan tərəfinə təqdim olunub. Bu barədə üçüncü ölkələr də tam olaraq məlumatlıdırlar.
Qeyd edilənləri nəzərə alaraq, Ermənistan tərəfinin guya Azərbaycanın bu şərtləri yeni irəli sürdüyü barədə iddiaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır və bu taktika heç bir nəticə verməyəcək.
Ermənistan tərəfi sülh müqaviləsinin imzalanmasında maraqlıdırsa, vaxt itirmədən Konstitusiyasında dəyişiklik edərək Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli, Minsk Qrupunun rəsmən ləğvi istiqamətində əməkdaşlıqdan boyun qaçırmamalıdır", -o bildirib.
Bu barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı Tural Gəncəliyev qeyd edib ki, Ermənistan sülh müqaviləsi ilə bağlı bir tərəfdən zaman- zaman müsbət, konstruktiv görünə biləcək bəyanatlar səsləndirir, digər tərəfdən tamam başqa istiqamətdə addımlar atır: "Məsələn, Ermənistan qeyd edir ki, sülh müqaviləsinin mətni hazırdır. Sülh müqaviləsini dərhal imzalamağa razı olduqlarını deyirlər, lakin digər tərəfdən Ermənistan silahlanmağa davam edir. Üstəlik, Avropa İttifaqı (Aİ) monitorinq missiyasının kontingentinin sayını və missiyanın yerləşmə məkanlarını artırır. Digər tərəfdən, son günlər şərti Ermənistan-Azərbaycan sərhədi zolağı istiqamətində, Naxçıvan və Gorus istiqamətlərində atəşkəsi pozur, Azərbaycan mövqelərini qəsdən atəşə tutur. Hesab edirəm ki, bu, Ermənistanın sülh müqaviləsini əslində imzalamaq istəməməsi taktikasını əks etdirir. Çünki dünya ictimaiyyətinin gözündə Ermənistan özünü konstruktiv göstərməyə çalışır, günahı Azərbaycan tərəfinin üzərinə yıxmağa çalışır. Buna görə Ermənistan sözdə əlbəttə ki, sülh müqaviləsini imzalamağa hazır olduğu haqqında danışır, lakin bu, hiyləgər Ermənistanın bir oyunudur. Sülh müqaviləsini imzalamaq istəyən tərəf niyə silahlanmağa davam edir və bunu niyə hücum silahları ilə həyata keçirir? Niyə Aİ missiyasını öz ölkəsindən göndərmir? Bilir ki, bu, Azərbaycan üçün çox vacib məsələdir, biz üçüncü tərəflərin sərhəd zolağında olmasına heç vaxt razı ola bilmərik. Niyə Zəngəzur dəhlizinin açılmasında heç bir praktiki addım atmır? Əvəzində "sülh kəsişməsi" və digər mənasız və lazımsız layihələr təklif edir. Niyə Hindistanla əməkdaşlığa girərək Şimal-Cənub marşrutu adı altında Azərbaycanı və Türkiyəni yan keçməklə alternativ marşrutlar haqqında düşünür? Niyə 100 minlərlə azərbaycanlının öz dədə-baba torpaqlarına, indiki Ermənistan ərazisinə, indiki Qərbi Azərbaycan icmasına dönməsi ilə bağlı heç bir beynəlxalq insan hüquqları sənədinə uyğun olaraq heç bir addım atmır?
Həmçinin bunlarla yanaşı, qəsdən atəşkəsi pozur. Çünki Ermənistan şərti sərhəd zolağına Aİ missiyasını dəvət edir və orada Azərbaycanı təqsirkar çıxarmaqdan ötrü sərhədin delimitasiya-demarkasiya edilməmiş hissələrinə yerləşdirib həmin missiyanı. Bu taktika ilə Ermənistan sülh prosesinə zərər gətirir, istər istəməz özünü konstruktiv göstərməyə çalışır, digər tərəfdən isə sülh müqaviləsini imzalamaqdan boyun qaçırmaq məqsədi güdür. Ermənistan silahlanaraq belə rəy yaratmağa çalışır ki, guya Azərbaycandan təhdid var və o, bu təhlükənin qarşısını almağa çalışır".
Zəhra Məmmədova
16:20 26.03.2025
Oxunuş sayı: 1402