Cəmiyyətin "erkən evlilik" problemi: Mütəxəssislər məsələyə "nöqtə qoydu"

Hər insanın həyatda öz yolunu tapmaq, arzularını reallaşdırmaq və şəxsiyyət kimi formalaşmaq üçün zamana ehtiyacı var. Lakin bəzi qızlar və oğlanlar bu şansı əldə etmədən, yeniyetmə yaşlarında ailə qurmağa məcbur edilirlər. Erkən Vellalar nəinki uşaqlıq və gənclik illərini əlindən alır, həm də psixoloji travmalara, sosial problemlərə və hüquqi mübahisələrə yol açır.
Cəmiyyətin bəzi təbəqələrində bu fenomen hələ də normal qəbul edilir.
Son günlərdə 13 yaşlı qızın hamilə qalması ilə bağlı yayılan xəbərlər bu problemin nə qədər ciddi və təhlükəli olduğunu bir daha göstərir. Halbuki belə hallar bir fərdin həyatı ilə yanaşı, bütövlükdə cəmiyyətin gələcəyinə mənfi təsir göstərir.
Məsələ ilə bağlı fəlsəfə üzrə fəlsəfə doktoru, sosioloq Hüseyn İbrahimov Crossmedia.az-a verdiyi açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, erkən nikah qadağandır:
"Qanunda nikaha daxil olmaq üçün minimal yaş həddi müəyyən edilib və bu qaydalara əməl olunması vacibdir. Lakin statistik məlumatlara əsasən ölkəmizdə,xüsusən də ucqar rayon və kəndlərdə erkən evlilik hallarına hələ də rast gəlinir. Keçmişdə bu hal sosial norma kimi qəbul edilsə də, müasir dövrdə erkən nikah qanunla tənzimlənir və yolverilməz sayılır. Erkən nikah deyiləndə əsasən yetkinlik yaşına çatmayan şəxslərin nikaha girməsi başa düşülür. Əslində isə bəzi hallarda tərəflər rəsmi nikah bağlamadan birgə yaşamağa başlayır və yalnız müəyyən yaşa çatdıqdan sonra evliliklərini rəsmiləşdirirlər. Çox zaman yeniyetmə qızlar öz iradələrindən asılı olmayaraq ailələrinin təzyiqi ilə erkən yaşda ailə qurmağa məcbur edilir. Bu zaman onların fikirləri və arzuları nəzərə alınmır. Nəticədə erkən nikah qızların təhsildən yayınmasına, sosial həyatdan kənar qalmasına və gələcəkdə peşəkar fəaliyyətini həyata keçirə bilməməsinə səbəb olur. Bundan əlavə, erkən evlilik bir çox problemlərə yol açır. Bu cür evliliklərdə tərəflərin həyat baxışları üst-üstə düşmədiyi üçün boşanma halları artır. Erkən yaşda ailə quran qızlar sosial-psixoloji problemlərlə üzləşir".
Sosioloq dövlət və müxtəlif təşkilatlar erkən nikahların qarşısını almaq üçün həyata keçirdiyi tədbirlərdən də danışdı:
"Qeyd etmək lazımdır ki, erkən evliliyin müəyyən göstəricilərinə baxdıqda görürük ki, onlar daha çox qohumlar arasında baş verir. Həmçinin yaxın günlərdə qüvvəyə minəcək olan qohumlar arasında nikahın qadağan edilməsi erkən evliliklərin statistik göstəricisinin aşağı düşməsində mühüm rol oynaya bilər.
Dövlət və müxtəlif təşkilatlar erkən nikahların qarşısını almaq üçün müxtəlif tədbirlər həyata keçirsə də, bu problem hələ də aktual olaraq qalır. Erkən nikahların tamamilə aradan qaldırılması və müasir ailə institutunun möhkəmləndirilməsi üçün maarifləndirmə tədbirlərinin gücləndirilməsi olduqca vacibdir".
Mən bunu “erkən nikah” deyil, “erkən evlilik” adlandırıram. Çünki nikah qanunvericiliklə tənzimlənir. Azərbaycan qanunvericiliyinə əsasən, erkən evliliyə yol verilmir və bu, qadağandır". Bu fikirləri söyləyən hüquqşünas Əlövsət Allahverdiyev isə bildirib ki, ümumiyyətlə, qanunvericilikdə erkən evlilik tənzimlənmir: "Mən bunu “erkən nikah” deyil, “erkən evlilik” adlandırıram. Azərbaycan qanunvericiliyinə əsasən, erkən evliliyə yol verilmir və bu, qadağandır. Bu, Azərbaycan qanunvericiliyi ilə bərabər olaraq, Uşaq Hüquqları Haqqında Konvensiyaya da ziddir. Bir sözlə, erkən evlilik yeniyetmənin seçim imkanının əlindən alınması ilə bərabər, birbaşa onun hüquqlarının pozulmasıdır. İlk növbədə unutmaq olmaz ki, bu yaşda yeniyetmələr heç vaxt cəmiyyət üçün faydalı ola biləcək övlad böyüdə bilməzlər. Çünki onlar buna nə mənəvi, nə psixoloji, nə də digər sahələrdə hazır deyillər. Əgər valideynlər qanunvericiliyə zidd olaraq belə hallara şərait yaratsalar mütləq onlar qanun qarşısında məsuliyyət daşımalı olacaqlar.
Ümumiyyətlə erkən evliliyə şərait yaradan müəyyən amillər var. Ailənin maddi vəziyyəti, kasıbçılıq, evliliyin övladına xoşbəxt həyat gətirəcəyi fikri, valideynlərin təhsilinin və dünya görüşünün olmaması və qızı böyütmək qorxusu də erkən evliliyə şərait yaradır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq oğlanlar və qızlar üçün nikah yaşı 18-dir. 18 yaşdan aşağı evlilik isə yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə və yalnız zəruri hallarda mümkündür. Digər hallarda isə bu, qanunvericiliyə tamamilə ziddir.
Erkən evliliyin ciddi fəsadları var və bu mövzu geniş müzakirə olunur. Erkən evlilik fərdin psixi mənəvi və bioloji cəhətdən inkişafına təsir edən, təhsildən yayındıran, sosiallaşmasına mane olan ciddi faktordur. Bu sahədə ciddi təbliğat aparılmalı və bu istəkdə olan insanları çəkindirmək lazımdır".
Hüquqşünas hesab edir ki, bu gün qızlar, oğlanlar daha çox diqqəti təhsilə yönəltməlidir. Təhsili olmayan insanların nə üstünlüyü, nə inkişafı, nə də uğuru ola bilər".
Psixoloq Fatimə Qasımovanın sözlərinə görə, hazırkı dövrdə qanunla müəyyən olunmuş yaşa çatmadan da erkən yaşlarda bəzi yeniyetmə qız və oğlanlar evlilik haqda düşünülməyə məcbur edilir və ya erkən nikaha məruz qalırlar:
"Yeniyetməlik yaşı psixoloji ədəbiyyatda “böhranlı dövr”, "keçid dövrü” olaraq öyrənilir. Yəni bu yaş mərhələsində həm oğlan, həm də qızlarda istər psixoloji, istərsə də fiziki dəyişikliklər özünü göstərməkdədir. Onlar özlərinin artıq “ böyüdüyünü” düşünərək, verdikləri hər qərarda bunu bildirirlər. Şəxsiyyət kimi formalaşmağa başlayırlar. Təbii ki, onların arzu, istəkləri, hisslərinin inkişafı bu yaş dövründə özünü daha qabarıq şəkildə göstərir. Lakin, bu inkişaf evlilik mövzusunda tam kifayət etmir. Düşünürəm ki, bu yaş dövründə onların belə qərar almaasında valideynlərin təkidi, israrı və məcburiyyəti çox olur. Çünki, bu mövzuda valideyn razılığı varsa, övladların söz demək hüququ olmur. Erkən yaşda qurulan ailələrdə bir çox fiziki, psixoloji, sosial problemlər özünü göstərməkdədir.
Fiziki problemlərə – ana və uşaq ölümləri, sosial problemlərə – təhsildən yayınma və ailədaxili münaqişələri misal göstərə bilərik".
F. Qasımova yeniyetmələrin psixoloji və fiziki baxımdan ailə qurmağa hazır olmadığından onlarda zamanla yarana biləcək problemlərdən də söz açdı:
"Belə ki, bunlara ilk öncə özünəinamsızlıq, özünəqapanma, depressiya, qorxular, həmçinin ana olmaq qorxusu və analıq depressiyası, intihar etmə, psixi sağlamlıqla bağlı bir çox problemlər və bu səbəbdən dolayı yaranan bir çox travmaları nümunə gətirə bilərik. Eyni zamanda ailədaxili problemlər, yaş fərqinin çox olması səbəbindən yaranan xarakter uyğunsuzluqları, psixoloji , iqtisadi, cinsi zorakılıq hallarını da problemlərə aid edə bilərik".
Elnurə Kərimova
11:48 26.03.2025
Oxunuş sayı: 2919