Qədr gecəsi sülh və əmin-amanlıq gecəsidir



Qədr gecəsi – sonsuz rəhmət qapılarının ardına qədər açıldığı, ilahi mərhəmətin yer üzünə endiyi o gecə… Bu gecə kainat öz sükutunda dua edən ürəkləri qucaqlayır, səma isə sanki duaların səmimi melodiyasını əks-səda ilə qarşılayır. İnsanın qəlbindən qopan hər söz, ulduzların işığına qarışaraq ilahi dərgaha yüksəlir…
Bu gecənin mahiyyəti yalnız ibadətlərin və duaların savabı ilə məhdudlaşmır. Günahların bağışlandığı, qəlbin ağrılarının sakitləşdiyi bu gecə, insan üçün yeni başlanğıclar deməkdir. Bağışlanma axtaranlar səmaya əl açaraq Allahdan mərhəmət diləyir, ürəklər sevgi və ümidlə dolur.
Hər nəfəsdə sanki səmanın zümzümə edir: "Bağışlanma istəyin, qəlbinizi təmizləyin və yenidən başlayın!"
Mövzu ilə bağlı Crossmedia.az-a danışan Qafqaz Müsəlmanlar İdarəsinin Qazilər Şurasının üzvü Hacı Sədi Axundzadə ilk olaraq bildirib ki, Allah bir neçə şeyi başqa bir şeyin içində gizlədib:
“Bismillahir-Rəhmanir-Rəhim.
Allah bir neçə şeyi başqa bir şeyin içində gizlədib. Onlardan biri günlərin içində bir gün ayırıb seçib onun içində gizlədib - o cümə günüdür yəni cümə günləri, bütün günlərdən fəzilətlidir. Biz deyə bilmərik ki, digər günlər fəzilətsizdir, heç bir günün fəzilətsizliyi yoxdur, nəhzi yoxdur. Amma deyə bilərəm ki, günlərin biri digərinin üstün cəhətləri var. Onlardan biri də cümədir. Həmçinin, bir hədisdə bildirilir ki, Allah-Təala öz dostlarını insanların arasında gizlədib. Bu səbəbdən biz heç kəsi aşağılaya bilmərik. Bizim nəzərimizdə çox yüksək görünən bir insan Allahın nəzərində olmaya bilər. Əksinə, Allahın yanında çox yüksək qiymətə sahib ola bir insanı biz tanımaya bilərik. Buna görə də bütün insanlara hörmətlə yanaşmalıyıq. Belə ki, bizim hörmət göstərdiyimiz insanlar Allahın nəzərində heç kim, bizim qiymət vermədiyimiz insanlar isə Allahın nəzərində çox yüksək ola bilər. Bu baxımdan hədisdə var ki, Allah öz dostlarını insanlar arasında gizlədib. Digər tərəfdən, Allah gecələrin içində Qədr gecəsini gizlədib. Qədr gecəsi Ramazan ayının son on gecəsindən birindədir. Bu gecə qiymətli, bərəkətli və fəzilətlidir, əsasən də Qurani-Kərim in nazil olmasına görə önəmlidir. Allah Quranda belə buyurur: “Biz onu (Qurani-Kərimi) mübarək bir gecədə nazil etdik.” Bu gecəni Quranda mübarək, həm də “qədirli” gecə adlanır.
Hər bir şeyin qədəri, miqdarı, dərəcəsi və ölçüsü olduğu kimi, bu gecənin də insanlara bəxş etdiyi kriteriyalar ölçüləndirilir.
Məsələn, insan bir il müddətində Allahla "müqavilə" bağlayır ki, müəyyən işləri yerinə yetirsin və buna uyğun olaraq qiymət və ölçü təyin olunur. Sanki bu gecədə insanın taleyi Allah-Təalanın hüzurunda müəyyən edilir”.
Onun sözlərinə görə, bu gecə həm də təyinat gecəsidir:
“Qədr gecəsinin mahiyyəti, məhz bundan ibarətdir. İnsanlar bu gecəyə xüsusi hazırlıq görməlidirlər. Qədr gecəsinin dəqiq hansı gecə olduğunu bilmədiyimiz üçün Rəsulullah (s.ə.s) Ramazan ayının son on gecəsini əhya saxlayardı. Bəzi hədislərdə Qədr gecəsinin 19, 21, 23 və 27-ci gecəyə təsadüf etdiyi qeyd olunur. Qədr gecəsi içərisində gizləndiyi üçün biz axtarış aparırıq, təşvişə düşürük. O həqiqəti axtarmaq üçün hər gecə axtarışlarda oluruq ki, həmin gecənin savabını əldə edək.
İnsanlar bu gecəni axtarıb tapmaq və onun savabını qazanmaq üçün daha çox ibadət etməyə çalışırlar”.
S.Axundzadə bildirib ki, Allah Təbarəkə və Təala Qədr gecəsini ilin ən gözəl, ən qiymətli və ən dəyərli gecəsi qərar verib:
“Qurani-Kərimdə digər gecələr haqqında ayə olmadığı halda, Qədr gecəsi barədə isə Qədr surəsində Allah belə buyurur:
"Bismilləhir-Rahmənir-Rahim. İnna ənzəlnahü fi ləylətil-qədr".
"Həqiqətən, Biz onu (Qurani-Kərimi) Qədr gecəsində nazil etdik."
“Və ma ədrakə ma ləylətul-qədr” Qədirli gecənin nə olduğunu dərk etdinizmi?
“LəylətuI-qədri xəyrun–min əlfi şəhr”– Qədr gecəsi min aydan xeyirlidir.
1000 ay təxminən 84 ilə bərabərdir. Düşünün ki, bir gecəni Qədr gecəsi olaraq dərk edib o gecənin əməlləri ilə məşğul olmaq, ibadət etmək insanı 1000 ayın ibadətindən üstün edir. Bu gecə Rəbbinin izni ilə mələklər və Ruh (Cəbrail) yerə enirlər.
“Tənəzzəlul məlaikətu vər-ruhu fiha biizni rəbbihim min-kulli əmr”. Allah bu gecədə mələklərə sanki bəyan edir: “Baxın, görün, vaxtilə siz mənə deyirdiniz ki, insanlar qan tökər, zülm edib fəsad törədər. Amma mənim yaratdığım insanlar bu gecə bütün dünya işlərini buraxaraq, mənə səcdə , zikr, dua edir. Mənə ibadətlə məşğuldurlar.” Bu gecə dan yeri sökülənə qədər, yəni sübhə qədər Allah tərəfindən təhlükəsizlik və sülh içində keçirilən bir gecədir. "Səlamun hiyə hətta mətləil fəcr”. Qədr gecəsi sülh və əmin-amanlıq gecəsidir. Sanki təhlükəsizlik müqaviləsi bağlanıb bu gecədə. Bu vaxt ərzində dünyada qeyri-adi və təhlükəli hadisələr baş verməz. Qədr gecəsinin əsas fəziləti, onun fərqliliyində və insanların mənəviyyatını bu gecədə Allaha həsr etməsindədir. Mələklərin nazil olması, duaların qəbul edilməsi, Qurani-Kərimin nazil edildiyi gecə olması bu gecəni digər gecələrdən üstün edir”.
S.Axundzadə qeyd edib ki, Qədr gecəsi vacib gecələrdən sayılmır, müstəhəbdir.
“Yəni vacib qədər olmasa da, bu gecəyə çox təkid olunmuşdur ki, müəyyən əməlləri yerinə yetirək. İlk öncə qüsl almaq lazımdır. İmam Museyi-Kazım (ə) nəql edir ki, Qədr gecəsində qüsl alıb niyyət edən şəxs – “Qədr gecəsini əhya saxlamaq üçün qüsl edirəm, qürbətən iləllah” deyərək – həmin gecəni sübhə qədər oyaq qalaraq əhya saxlayarsa, Allah-Təala onun bütün günahlarını bağışlayar. İkincisi, əhya saxlamaq, yəni həmin gecəni diri qalaraq, yatmayaraq sübhə qədər ibadətlə məşğul olmaqdır. Əhya saxlamaq həm də təkcə cismin deyil, qəlbin oyaq qalmasıdır.
İmam Əli (ə) buyurur ki, Peyğəmbərimiz (s.ə.s) Ramazanın son on günündə yatağını yığar, ibadət geyimini izarını geyər və sübhə qədər ibadətlə məşğul olardı. Bütün vücudu ibadətlə məşğul olardı.23-cü gecədə isə, yəni Ramazanın 19, 21 və ya 23-cü gecələrində Peyğəmbər öz ailəsini də oyadar, yatmamaları üçün üzlərinə su səpərdi. Xanım Fatimeyi Zəhra (s.ə) da bu gecədə ailəsini yatmağa qoymazdı, ev əhlinə az yemək verərdi ki yatmasınlar.
Xanım Zəhra (s.ə) buyurardı: "Məhrum o kəsdir ki, bu gecənin fəzilətindən məhrum olar”. Yəni , bu gecədən məhrum olan şəxs əbədi bədbəxt və məhrum sayılar.
Allah bu gecənin fəzilətini bütün xalqımıza nəsib etsin”.
İlahiyyatçının sözlərinə görə, bu gecə, iki rükət namaz qılmaq müstəhəbdir:
“Qədr gecəsi üçün namazın qılınma qaydası belədir: 3 dəfə “Əs-Salah” deyilir və “iki rükət Qədr gecəsinin namazını qılıram qürbətən iləllah” deyərək namaza başlanır.
“Əl-Fatihə” surəsi oxunduqdan sonra yeddi dəfə “Qul huvəllahu əhəd” surəsi oxunur. Sonra rüku və səcdələr yerinə yetirilir.
İkinci rükətdə də eyni surələr oxunduqdan rüku və səcdələr yerinə yetirildikdən sonra təşəhhüd və salam verilərək namaz tamamlanır. Namazdan sonra 70 dəfə “Əstəğfirullahə və ətubu ileyh”(“Bağışlanmaq diləyirəm, bir Allahdan ki, mənim pərvəriş verənimdir və mən Ona tərəf qayıdıram”) deyilir. Peyğəmbərimiz (s.ə.s) buyurur ki, bu namazı qılan şəxsin və onun valideynlərinin günahları bağışlanar.
Allah mələkləri göndərər və həmin şəxs üçün Qədr gecəsindən gələn ilin Qədr gecəsinə qədər savablar yazar. Bununla da bitmir - Allah mələklərə əmr edər ki, həmin şəxs üçün cənnətdə ağaclar əkilsin, qəsrlər, binalar inşa edilsin. Bununla da kifayətlənməz – həmin binaların önündə mələklər vasitəsilə çaylar, arxlar və bulaqlar çəkilər. Allah-Təala, dünyasını dəyişənədək həmin şəxsin cənnətdəki məqamını bu dünyada belə ona göstərə bilər. Qədr gecəsində qılınan iki rükət namaz bu qədər böyük fəzilətə malikdir.
Ümidvarıq ki, hər kəs bu gecədə daha çox namaz qılıb, dualar edər, zikrlər söyləyər və salavatlar gətirər.
Eyni zamanda, bu gecədə “Cövşən-Kəbir” duasını - Allahın müqəddəs və gözəl adlarına uyğun olaraq edilən duanı oxumaqla fəzilət əldə edə bilər. Əgər bunları edə bilmirsə, 1000 rükət namaz qılmaq müstəhəb əməllərdən biridir.
Allah Təbarəkə və Təala Qədr gecəsinin fəzilətini bizlərə nəsib etsin. Allah bizləri bu gecənin dəyərini dərk edənlərdən qərar versin. Allah xalqımıza daim izzət, dövlətimizə əmin-amanlıq, möhkəmlik və bərəkət versin.
Allah bütün xəstələrimizə şəfa, şəhidlərimizə rəhmət, qazilərimizə sağlamlıq əta etsin. Allah-Təala günahlarımızı bağışlasın və ömrümüzün son Qədr gecəsi olmasın, gələcək illərə sağlamlıqla yetişməyi nəsib etsin. Allah Novruz bayramını xalqımız üçün mübarək və bərəkətli qərar versin”,- deyən Hacı Sədi Axundzadə fikrini yekunlaşdırıb.
Nəzrin Salmanova
19:55 20.03.2025
Oxunuş sayı: 5074