Ərdoğandan Avropaya çağırış: Aİ, Türkiyənin üzvlüyü ilə güc qazanır

Prezident Rəcəb Tayyib Ərdoğan, Polşanın Baş naziri Donald Task ilə keçirdiyi birgə mətbuat konfransında çıxış edərək bildirib: “Avropa İttifaqı (Aİ) güc və nüfuz itkisini dayandırmaq, hətta bu prosesi əks istiqamətə çevirmək istəyirsə, bunu yalnız Türkiyənin tam üzvlüyü ilə bacara bilər.”
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki,Prezident Ərdoğan, Polşanın Baş naziri Donald Task ilə Prezident Sarayında təkbətək görüşdən sonra birgə mətbuat konfransı təşkil edib. O, Polşa ilə 600 ildən çox davam edən tarixi əlaqələrdən güc aldıqlarını və bölgəni maraqlandıran bütün məsələləri iki müttəfiq və strateji tərəfdaş olaraq açıq şəkildə müzakirə etdiklərini vurğulayıb.
Ərdoğan, Task və onun nümayəndə heyəti ilə keçirdiyi görüşlərdə Türkiyə-Polşa münasibətlərini gücləndirmək və müxtəlif sahələrdə genişləndirmək iradələrini bir daha təsdiqlədiklərini qeyd edib. Bu istiqamətdə atılacaq birgə addımları müzakirə etdiklərini bildirən Ərdoğan, gələcəkdə Polşaya səfər etməyi planlaşdırdıqlarını da əlavə edib.
Ərdoğan çıxışında bunları qeyd edib:
“Ticarət, investisiyalar, müdafiə sahəsində əməkdaşlıq və mədəni əlaqələr sahələrində güclü potensiala sahibik. Bu gün bu məsələləri əhatəli şəkildə müzakirə etdik. Ukraynadakı müharibənin dayandırılması üçün atıla biləcək addımları nəzərdən keçirdik. Avropanın təhlükəsizliyinin gələcəyi, Suriya və Fələstin də daxil olmaqla regional məsələlər barədə fikir mübadiləsi apardıq. 2024-cü ildə təxminən 12 milyard dollara çatan ticarət dövriyyəmizi və qarşılıqlı investisiyalarımızı daha da irəli aparmaqda qərarlıyıq. Yeni ticarət hədəfimiz isə 15 milyard dollardır. Polşa, xaricdə fəaliyyət göstərən tikinti sektorumuz üçün vacib bazarlardan biridir. Şirkətlərimizin bu ölkədə daha çox layihə həyata keçirməsindən məmnuniyyət duyduğumuzu xüsusi qeyd etmək istəyirəm. Türkiyə və Polşa NATO-nun Avropadakı ən böyük iki quru ordusuna rəhbərlik edən, ittifaqın şərq və cənub cinahlarında yerləşən iki əsas müttəfiqdir.”
Zəhra Ağayeva
09:01 13.03.2025
Oxunuş sayı: 656