Sokratın fəlsəfəsi əsasən etikaya yönəlmişdi. O, insanın həyatının məqsədini tapmaq istəyirdi. O, "özünü tanı" prinsipini müdafiə edirdi və insanın öz daxili təbiətini anlamaq üçün, özünü sorğulamağı təklif edirdi.
"Mən bilirəm ki, heç nə bilmirəm" prinsipi Sokratın fəlsəfi yanaşmasının təməlini təşkil edir və onun mayeutika metodunun əsasını qoyur. Bu prinsip, Sokratın təvazökar və eyni zamanda dərin təhlil edən yanaşmasını əks etdirir. O, özünü bilik baxımından əhəmiyyətli bir müəllim kimi deyil, həqiqəti axtaran bir tələbə kimi görürdü. Bu, Sokratın həqiqəti tapmaq üçün davamlı bir axtarışda olduğunu göstərir. O, hər zaman suallar verərək, insanların bilmədiklərini bilmələrini təmin edirdi. Bu, onun fəlsəfi yanaşmasını həm təvazökar, həm də kəskin edir. Bu fəlsəfi yanaşma, insanın daim öyrənmə və inkişaf etmə ehtiyacını vurğulayan bir təməl prinsipi idi və mayeutika metodu vasitəsilə bu, fəlsəfi dialoqların və dərslərin əsasını təşkil edirdi.
Sokrat öz dialoq metodunda mayeutika və elenxus adlı yanaşmalardan istifadə edirdi:
- Mayeutika (doğurtma metodu) — Sokrat insanların ağlında olan bilikləri açmaq üçün sual-cavab yolu ilə onları öz həqiqətlərini tapmağa yönləndirirdi.
- Elenxus (təkzib metodu) — O, insanları öz ziddiyyətli fikirlərini aşkara çıxarmağa məcbur edir və onları həqiqətə yaxınlaşdırırdı.
Bu iki metod Sokratın dialoqlarının əsasını təşkil edir və fəlsəfi müzakirələrinin strukturunu müəyyənləşdirir.
Mayeutika termini yunanca "maieutikos" (doğuşa kömək edən) sözündən götürülüb. Sokrat bu metodu mamaçalıq sənəti ilə müqayisə edirdi. O hesab edirdi ki, insan ruhunda bilik artıq mövcuddur, lakin bu bilik açılmalı və dərk edilməlidir. Onun rolu, ananın körpəni dünyaya gətirməsinə kömək etdiyi kimi, qarşısındakı insanın zehni doğuşuna vasitəçilik etmək idi. Bu metoda görə:
- Şəxs öz daxilində həqiqəti tapmağa yönləndirilir.
- Sokrat birbaşa tədris etmir, suallar verərək qarşısındakı insanın düşüncəsini yönləndirir.
- Fərd öz cavablarını axtararaq yeni bilik əldə edir.
Elenxus Sokratın mübahisə və təkzib etmə (refutasiya) üsuludur. Bu metodla o, insanların əvvəlcədən doğru bildikləri fikirləri sınayır və onların məntiqi ziddiyyətlərini üzə çıxarır. Onun xüsusiyyətləri bunlardır:
- Fərdin ifadə etdiyi fikir sorğu-suala tutulur.
- Əgər fikir ziddiyyətlidirsə, o, təkzib edilir və yeni yanaşma tələb olunur.
- İnsan öz əvvəlki səhv fikirlərini qəbul etməyə məcbur olur.
Bu iki metod bir-birini tamamlayır. Elenxus vasitəsilə insanın yanlış bilikləri təkzib edilir, sonra mayeutika ilə ona həqiqəti tapmaqda kömək olunur. Bu yanaşma fəlsəfi tədqiqatın tənqidi və konstruktiv tərəflərini birləşdirir. Bu metodlar Platonun dialoqlarında geniş yer alır və sonrakı fəlsəfi düşüncəyə ciddi təsir göstərmişdir.
Bununla bağlı Platonun əsərlərindən bir neçə nümunə təqdim edək:
- Nümunə1. Bilik nədir?
Platonun "Theaitetos" dialoqunda gənc riyaziyyatçı Theaitetos Sokratın suallarına cavab verir. Onu qısa şəkildə təqdim edirik:
Bilik nədir? sualına Theaitetos “Bilik hissiyyatdır” tərifini verir. Sokrat bu fikri Protaqorun "İnsan hər şeyin ölçüsüdür" fikri ilə əlaqələndirərək bildirir ki, əgər bilik hissiyyatdırsa, o zaman hər bir insan üçün həqiqət fərqli olacaq. Bu fikir tənqid edilir, çünki hisslər daim dəyişir və bu, sabit bilik anlayışına uyğun gəlmir.
Theaitetos daha sonra biliyin “düzgün inam” olduğunu deyir. Sokrat bildirir ki, insanlar düzgün inama sahib ola bilərlər, lakin onu əsaslandıra bilməzlərsə, bu bilik sayıla bilməz.
Sokrat və Theaitetos biliyin həm düzgün inam, həm də əsaslandırma ilə bağlı ola biləcəyini düşünürlər. Lakin Sokrat göstərir ki, əsaslandırma nədir? Əgər əsaslandırma yalnız sözlərdən ibarətdirsə, bu, yenə də bilik üçün yetərli olmaya bilər. Beləliklə, Platon dialoqda göstərir ki, həqiqi bilik nə hissiyyatdır, nə də sadə şəkildə əsaslandırılmış inam.
Sokrat və Theaitetos konkret cavab tapmırlar. Dialoq açıq sonluqla bitir və Platon bilik anlayışını daha dərin araşdırmağa imkan yaradır.
Bu dialoq epistemologiyanın (bilik fəlsəfəsinin) əsas problemlərindən birini müzakirə edir. Platon burada biliyin klassik tərifinin əsaslarını qoyur: “bilik əsaslandırılmış düzgün inamdır.” Lakin bu tərifin yetərli olub-olmadığı hələ də müasir fəlsəfədə müzakirə edilir.
- Nümunə 2. Təqva nədir?
Sokratın mayeutika metoduna dair başqa bir nümunə "Euthyphro" dialoqunda müşahidə olunur. Dialoq Sokrat və Eutifronun məhkəmə qarşısında rastlaşması ilə başlayır. Eutifron atasını günahlandırdığı üçün məhkəməyə gəlir, Sokrat isə ateizm və gəncləri azdırmaq ittihamları ilə mühakimə olunur. Sokrat Eutifronun dini mövzularda mütəxəssis olduğunu düşündüyü üçün ondan "təqva nədir?" sualını cavablandırmasını istəyir.
Eutifron deyir ki, təqva tanrılara xoş gələn hərəkətlərdir. Sokrat soruşur: "Bəs tanrılar arasında fikir ayrılığı varsa? Bir tanrıya xoş gələn şey digərinə xoş gəlmirsə, onda hansı doğrudur?" Bu, Eutifronun fikrində ziddiyyət yaradır.
Eutifron fikrini düzəldərək deyir ki, "təqva tanrılar tərəfindən sevilən hərəkətlərdir." Sokrat yenidən soruşur: "Bir şey tanrılar tərəfindən sevildiyi üçün müqəddəs olur, yoxsa müqəddəs olduğu üçün tanrılar onu sevirlər?" Bu sual Eutifronu çətin vəziyyətə salır və cavab verməkdə çətinlik çəkir.
Sokrat suallar verərək Eutifronun səhv və ziddiyyətli anlayışlarını üzə çıxarır. O, təkzib metodu (elenxus) ilə onun ilkin fikirlərinin yetərsiz olduğunu göstərir. Eutifron dialoqdan qaçaraq çıxır, çünki Sokratın sualları onu konkret bir nəticəyə gəlməyə məcbur edir.
- Nümunə 3. Cəsarət nədir?
Başqa bir dialoqda Lisimax və Melesias övladlarını necə tərbiyə edəcəkləri barədə məsləhət almaq üçün Lakhess və Nikias adlı iki komandirlə danışırlar. Söhbət döyüş sənətinin faydalı olub-olmaması ətrafında cərəyan edir və nəticədə cəsarətin nə olduğu sualı ortaya çıxır.
Lakhess cəsarəti "təhlükə qarşısında sabit və qorxmaz qalmaq" kimi izah edir. Sokrat dərhal sual verir: "Bəs onda ehtiyatsızlıqla qorxmadan irəli atılanlar da cəsarətlidirmi?" Lakhess cavab verməkdə çətinlik çəkir, çünki bu halda cəsarət sadəcə riskə girmək deyil, müəyyən bir bilik və hikmət tələb edir.
Nikias cəsarətin yalnız fiziki güc və qorxmazlıq olmadığını, eyni zamanda gələcəyi görmək qabiliyyəti və biliklə bağlı olduğunu bildirir. Sokrat isə bu fikri tədricən inkişaf etdirərək soruşur: "Bəs əgər cəsarət yalnız bilikdirsə, onda qorxu və təhlükəni tanımayan biri cəsarətli sayılarmı?" Nikiasın cavabları dolaşıqlaşır, çünki Sokratın sualları onun düşüncəsindəki boşluqları üzə çıxarır. Sokrat Lakhess və Nikiasın cəsarət barədə ilkin anlayışlarını tədricən təkzib edir və onları daha dərindən düşünməyə məcbur edir. O, suallar verməklə onların cavablarını təhlil edir və yanlış olanları aşkar edir. Dialoq açıq sonluqla bitir – tam bir tərif verilmir, lakin iştirakçılar cəsarətin daha mürəkkəb bir anlayış olduğunu dərk edirlər. Sokrat burada mayeutika metodunu istifadə edərək iştirakçıların öz biliklərini yenidən araşdırmasına şərait yaradır. Onun məqsədi cavab vermək deyil, düşünməyə sövq etməkdir. Cəsarətin bilik, hikmət, iradə və ehtiyatlılıq kimi müxtəlif tərəfləri ortaya çıxır. Bu dialoq Sokratın sual-cavab yolu ilə həqiqətə çatmaq metodunun klassik nümunələrindən biridir.
- Nümunə 4. Natiqlik nədir?
Gorgias deyir ki, natiqlik insanları inandırmaq sənətidir və güclü natiqlər istənilən mövzuda insanları inandıra bilər. Sokrat dərhal sual verir: "Bəs əgər bir insanı yanlış bir şeyə inandırırıqsa, bu sənət sayıla bilərmi?" Gorgias çətin vəziyyətə düşür, çünki bu halda natiqliyin həqiqətlə bağlı olub-olmadığı mübahisəli hala gəlir.
Polos Gorgiası müdafiə edərək bildirir ki, natiqlər güclüdür və istədiklərini edə bilərlər. Sokrat cavab verir: "Bəs güc insanı xoşbəxt edirmi? Əgər biri ədalətsiz hərəkət edərək hakimiyyəti ələ alırsa, bu, onun həqiqətən xoşbəxt olduğunu göstərirmi?" Polos əvvəlcə natiqliyin güc olduğunu müdafiə etsə də, suallara cavab verdikcə onun fikirləri zəifləyir.
Kallikles müzakirəyə qoşularaq bildirir ki, güc həqiqəti müəyyən edir və təbiətcə güclü insanlar zəiflər üzərində hökmranlıq etməlidir. Sokrat sual verir: "Bəs güclü olmaq ədalətli olmaq deməkdirmi? Əgər bir şəxs başqalarına zülm edirsə, onun xoşbəxt olması mümkündürmü?" Kallikles əvvəlcə öz mövqeyində israr etsə də, Sokratın mayeutika metodu ilə dərinləşən suallarından sonra cavab verməkdə çətinlik çəkir.
Sokrat bu dialoqda mayeutika və elenxus metodlarını tətbiq edərək Gorgias, Polos və Kalliklesin arqumentlərindəki boşluqları ortaya qoyur. Onun sualları sayəsində mübahisə tərəfləri öz ilkin fikirlərini tədricən tənqid etməyə başlayırlar. Dialoq açıq sonluqla bitir – tam cavab tapılmır, lakin iştirakçılar əvvəlki inanclarını şübhə altına alırlar.
Bu dialoqda mayeutika metodu açıq şəkildə görünür: Sokrat heç bir konkret cavab vermir, lakin sualları ilə qarşı tərəfin düşüncəsini dərinləşdirir. O, göstərir ki, həqiqət sadəcə güc və inandırma deyil, daha dərin etik və fəlsəfi prinsiplərlə bağlıdır. Gorgias, Polos və Kalliklesin ilkin mövqeləri suallar nəticəsində zəifləyir və onlar öz düşüncələrini yenidən nəzərdən keçirməyə məcbur olurlar.
- Nümunə 5. Fəzilət nədir? O, öyrənilə bilərmi?"
“Menon” dialoq Menonun "Fəzilət nədir? Öyrənilə bilərmi?" sualını verməsi ilə başlayır. Sokrat fəzilətin nə olduğunu öyrənmədən onun öyrənilə biləcəyini müəyyən etməyin mümkünsüz olduğunu bildirir.
Menon iddia edir ki, insan ya bir şeyi bilir, ya da bilmir. Əgər bilirsə, onu öyrənməyə ehtiyac yoxdur. Əgər bilmirsə, onu necə öyrənə bilər? Çünki onu tanımaq üçün artıq onun nə olduğunu bilməlidir. Bu məntiqə "Menon paradoksu" deyilir.
Sokrat Menonun köləsini çağırır və ona riyaziyyat sualı verir. Sual: “Əgər bir kvadratın sahəsi 4 kvadrat futdursa, onun ikiqat sahəyə (8 kvadrat fut) malik olan kvadratı necə çəkmək olar?” Kölə əvvəlcə cavab verməkdə çətinlik çəkir. Sokrat ona müxtəlif istiqamətlərdə suallar verir və tədricən onu cavabı özünün tapmasına yönləndirir.
Sokrat suallar verərək kölənin öz içindəki biliyi üzə çıxarmasına kömək edir. Bununla o, göstərir ki, insan doğuşdan müəyyən biliklərə malikdir və onları xatırlamaq (anamnēsis) mümkündür. Kölə heç vaxt təhsil almamışdı, amma düzgün yönləndirilən suallar sayəsində həqiqəti öz içində kəşf etdi.
Sokrat mayeutika metodu ilə Menona sübut edir ki, bilik insanın ruhunda əvvəldən mövcuddur, sadəcə onun aşkara çıxması lazımdır. Öyrənmək əslində unutduğumuz həqiqətləri yenidən xatırlamaqdır.
Bu dialoq mayeutika metodunun ən məşhur nümunələrindən biridir. Sokrat birbaşa öyrətmir, əksinə, suallar verərək kölənin və Menonun öz həqiqətlərini tapmasına şərait yaradır. Bu metodun məqsədi biliyin mənbəyinin insanın daxilində olduğunu sübut etməkdir. Bu dialoq fəlsəfədə epistemologiya və təlim metodologiyası baxımından mühüm məqamları ehtiva edir.

• Sokratın etikası
Sokratın etik nəzəriyyəsi onun fəlsəfəsinin əsasını təşkil edir. O, mayeutika metodu ilə birlikdə insan davranışlarının və həyatın mənasının dərinliyini araşdırmışdır. O, etik məsələlərə yanaşarkən, insanın daxili və əxlaqi inkişafına xüsusi diqqət yetirmişdir.
Sokratın etik nəzəriyyəsinin əsas prinsipləri bunlardır:
1. Bilik və fəzilət eynidir
Sokratın fəlsəfəsində bilik və fəzilət bir-birinə bağlıdır. O, həqiqi bilik əldə edən insanın avtomatik olaraq fəzilətli bir həyat sürəcəyinə inanırdı. Sokrat bilginin sadəcə intelektual məlumatdan daha çox olduğunu vurğulayır və həqiqi bilik dedikdə insanın əxlaqi dəyərləri və düzgün davranışı başa düşməsini nəzərdə tuturdu. Bu yanaşma, həqiqi bilik və fəzilət arasında dərin bir əlaqə olduğunu göstərir: Əgər insan həqiqətə yönəldilərsə, o, öz əxlaqi qərarlarını düzgün verməli olacaqdır. Beləliklə, fəzilət insanın bilik qazanmasından doğur.
Platonun "Protqoras" dialoqu Sokrat və Proqoras arasında keçən bir mübahisəni təsvir edir. Bu dialoqda, Proqoras insanlara fəzilət öyrətməyin mümkünlüyünü müdafiə edir, Sokrat isə, fəzilətin bilik olduğunu və əgər insan həqiqi bilik əldə edərsə, o zaman o fəzilətli olacaq deyə iddia edir.
Sokrat burada Proqorasla mübahisə edərək deyir ki, əgər fəzilət öyrədilə bilərsə, deməli, o bilikdir. Sokratın fikrincə, əgər insan fəzilətli olmaq istəyirsə, o zaman doğru biliklərə sahib olmalıdır, çünki bilik insanı düzgün və əxlaqi davranışlara yönləndirir. Sokrat, əgər insan həqiqi bilik əldə edərsə, onun əxlaqi davranışları da düzgün olacaqdır. Bu yanaşma, fəzilətin biliklə eyni olduğunu təsdiq edir, çünki bilik insanın düzgün qərar verməsi və əxlaqi mükəmməlliyə çatması üçün zəruri şərtdir.
Bu dialoqda Sokratın əsas arqumenti, həqiqi bilik əldə etməyin insanı fəzilətli edəcəyidir. Əgər insan doğru və düzgün biliklərə malikdirsə, o zaman o, öz davranışlarını da düzgün və əxlaqi şəkildə tənzimləyəcəkdir.
Platonun "Protqoras" dialoqunda fəzilət və bilik eyniliyi mövzusunu aydın şəkildə görə bilərik. Sokrat, fəzilətin bilik olduğunu vurğulayaraq, əgər insan doğru biliklərə sahibdirsə, o zaman fəzilətli olacaqdır. Bu yanaşma, Sokratın etik nəzəriyyəsinin əsas prinsiplərindən biridir.
2. Heç kim qəsdən pis iş görməz
Sokrat "Gorgias" dialoqunda deyir: "Heç kim qəsdən pis iş görməz. Pis işlər yalnız cəhalət nəticəsində baş verir, çünki insan doğru biliklərə malik olsa, pis hərəkət etməz."
Sokratın etik nəzəriyyəsinin bir başqa əsas elementi pis əməllərin cəhalət nəticəsi olmasıdır. O, insanların pis hərəkətlərini qəsdən etdiklərinə inanmırdı. Əksinə, insanların pislik etməsinin səbəbi yalnız biliksizlik və cəhalətdir. Bilik və təfəkkür insanı doğruya yönləndirər və düzgün əxlaqi qərarlar verməsinə səbəb olar. İnsanlar pis hərəkətə meylli olmurlar, yalnız həqiqi bilikdən məhrum olduqları üçün bu cür davranışlarda olurlar. Bu yanaşma, insanın daxili təlimi və təfəkkürü vasitəsilə dəyişə biləcəyini və mənfi davranışların öyrənmə yolu ilə düzəldilə biləcəyini müdafiə edir.
3. Ən ali xoşbəxtlik (Eudaimoniya) fəzilətli həyatdır
Sokratın etik sistemində xoşbəxtlik və fəzilət bir-birindən ayrılmazdır. O, həqiqi xoşbəxtliyin yalnız fəzilətli həyat vasitəsilə əldə oluna biləcəyini qeyd edirdi. Eudaimoniya (xoşbəxtlik və ya yaxşı həyat) Sokratın fəlsəfəsində fəzilət ilə sıx bağlıdır. Həqiqi xoşbəxtlik yalnız mənəvi və əxlaqi fəzilət nəticəsində əldə edilə bilər. Sokrat inanırdı ki, fəzilətli həyat insanın daxili təkamülü ilə bağlıdır və bu da öz növbəsində ona mənəvi sülh və həqiqi xoşbəxtlik gətirir. Xoşbəxtlik, maddi və zahiri dəyərlərlə deyil, insanın əxlaqi inkişafı və düzgün davranışı ilə ölçülür.
Sokratın bilik və fəzilət arasında əlaqə qurması onu digər filosoflardan fərqləndirir. O, əsil xoşbəxtliyi və əxlaqi mükəmməlliyi yalnız doğru biliklə əldə etmək mümkün olduğunu göstərdi. Bu yanaşma, filosofların və təfəkkür sahiblərinin daxili inkişafını təşviq etmişdir.
Sokratın etikasında təlim və tərbiyə mühüm yer tuturdu. O, gənclərin əxlaqi inkişafını vacib sayaraq, onların doğru biliklərə yönləndirilməsinin əhəmiyyətini vurğulamışdır.
Sokratın fəlsəfəsində maddi həyat və zahirən yaxşı görünən dəyərlər önəmli deyil. O, daxili əxlaq və mənəviyyatın insanın həqiqi xoşbəxtliyini müəyyən etdiyini bildirirdi.
Sokratın etik nəzəriyyəsi, bilik, fəzilət və xoşbəxtlik arasında sıx əlaqə qurmuşdur. O, insanın doğru və əxlaqi davranışlarını daxili təfəkkür və biliklə inkişaf etdirəcəyini müdafiə etmiş və insanların pis əməllərinin səbəbini cəhalət olaraq göstərmişdir. Fəzilətli həyat və həqiqi xoşbəxtlik, Sokratın fikrincə, fiziki rahatlıqdan daha vacibdir və yalnız mənəvi tərəqqi ilə mümkündür.
Sokrat demokratiyanı və kütlənin idarəçiliyini tənqid edirdi. O hesab edirdi ki, idarəetmə yalnız müdrik və əxlaqlı şəxslərin işi olmalıdır. Bu fikirləri Platonun ideal dövlət nəzəriyyəsində daha da inkişaf etdirilmişdir.
• Sokratın mistikası
Sokratın düşüncəsində mistik elementlər də var idi. O, içindəki bir səsin (daimonion) ona bəzi hallarda yol göstərdiyini deyirdi. Sokrat ölümdən qorxmurdu və ruhun bədəndən ayrıldıqdan sonra varlığını davam etdirəcəyinə inanırdı.
Sokratın fəlsəfi düşüncəsində mistik elementlər arasında ən diqqət çəkəni Daimonion anlayışıdır. Daimonion, Sokratın həyatında və düşüncələrində mühüm bir yer tutmuş və o, bunu özünün şəxsi təcrübələrinə, daxili bir ilham və rəhbərlik mənbəyinə istinad edərək izah etmişdir.
Daimonion Sokratın içindəki "ilahi səs" və ya "gizli xəbərdarlıq" kimi təsvir olunur. Sokrat bu səsi həyatında bir növ rəhbərlik və ya yönləndirmə mənbəyi kimi hiss etmişdir. O, daim öz daxili səsinin ona doğru və ya yanlış hərəkətlərin necə olduğunu xəbər verdiyini iddia edirdi. Bu səs, əsasən, Sokratın öz hərəkətlərini və qərarlarını düzgün şəkildə yönləndirməsi üçün lazım olan bir iç səs kimi çıxış edirdi.
Sokrat daim bu səsi "ilahi" və "mistik" bir təcrübə kimi təsvir edirdi. O, bu səsi Allah tərəfindən gələn bir xəbərdarlıq və ya ilahi bir göstəriş kimi qəbul edirdi. Sokratın qeyd etdiyi kimi, Daimonion ona yalnız yanlış hərəkətlər etməyə başlamazdan əvvəl xəbərdarlıq edirdi. Bu səs, heç vaxt ona nəyi etməli olduğunu deyil, ancaq nəyi etməməli olduğunu bildirirdi. Bu da, Sokratın əxlaqi seçimlərində ona mütəmadi olaraq rəhbərlik edən bir element olmuşdur.
Sokratın Daimonion təcrübəsi, onun həyatda doğru yolu tapması və insanları doğru hərəkətlərə yönləndirməsi üçün əhəmiyyətli bir vasitə olmuşdur. Əslində, Sokrat özünü bu səsin vasitəsilə doğru yolda qaldığını hiss edirdi və buna görə də, əxlaqi və fəlsəfi həyatını daim bu daxili səsin rəhbərliyində inkişaf etdirdi.
Platonun "Apologiya" əsərində Sokrat, daim etdiyi mühakimələrində Daimonion anlayışına istinad edir. O, bu səsin ona dəfələrlə doğru qərarlar verməkdə kömək etdiyini və bir çox hallarda yanlış yolda getməməsini təmin etdiyini bildirir. Məsələn, Sokrat məhkəmədə deyir ki, bu ilahi səs ona heç vaxt məzhəb və ya inançlarından kənara çıxmağa imkan verməyib, əksinə, onu həmişə doğru yolda saxlayıb.
Sokratın Daimonion anlayışı, mistik və ilahi bir təcrübə kimi qəbul edilir. Bu anlayış, Sokratın əxlaqi və fəlsəfi yönünü bəlirləyən bir qüvvə kimi görülür. O, bu səsi heç vaxt sadəcə şəxsi düşüncəsi kimi qiymətləndirmirdi, bunun əksinə, ilahi bir müdaxilə kimi qəbul edirdi.
• Sokratın ontologiyası və idrak təlimi
Sokratın ontologiyası, müasir mənada ənənəvi ontoloji sistemlərdən fərqli olaraq, daha çox etik və bilgi məsələlərinə yönəlmişdir. Sokrat ontoloji suallara daha az diqqət yetirərək, əsasən həqiqət, bilgi, fəzilət və əxlaq məsələlərinə diqqət yönəldirdi. Bununla belə, Sokratın ontoloji yanaşmaları onun fəlsəfəsinin ümumi prinsip və anlayışlarını müəyyən edən əhəmiyyətli xüsusiyyətlərə sahibdir.
Sokrat varlığın doğru bilik və həqiqət ilə əlaqəli olduğunu düşünürdü. O, insanın varlığını yalnız sübut edilmiş bilik və ya fəzilət əsasında anlamalı olduğunu vurğulayırdı. Ontologiya, Sokratın fəlsəfəsində həqiqətin və biliklə əlaqədar olan varlığın tapılması ilə birləşirdi. Sokratın «Mən bilirəm ki, heç nə bilmirəm» prinsipi, varlığın əslində sadəcə doğru biliklərə sahib olan insan tərəfindən anlaşıla biləcəyini bildirir. O, varlığın təməlində əsil həqiqəti axtarmağa yönələn bir yanaşma təklif edirdi.
Sokratın ontoloji yanaşmasında biliksizlik və cəhalət pisliyin əsas səbəbləridir. O, hər hansı bir insanın pis əməllərini yalnız biliksizlikdən qaynaqlandığını, bununla yanaşı, fəzilət və doğru davranışın yalnız həqiqi biliklə əldə edilə biləcəyini müdafiə edirdi. Bu, onun ontoloji yanaşmasında varlığın biliklə əlaqələndirilməsinin əhəmiyyətini vurğulayır.
Sokrat ontoloji məsələlərə münasibətini daha çox bilgi və əxlaq məsələləri ilə əlaqələndirirdi. Onun məşhur Mayeutika metodu, insanlara doğru bilgilərini tapmaq üçün suallar vasitəsilə həqiqətə yönəlməyə kömək edirdi. Bu yanaşma, ontoloji sualları fəlsəfi aydınlıq üçün yönəldir, lakin varlıq haqqında təfərrüatlı sistemli mülahizələrdən qaçır.
Sokratın fəlsəfəsində varlığın təməli, yalnız fiziki dünya ilə əlaqəli deyil, həm də mənəvi və əxlaqi dəyərlərlə əlaqəlidir. O, varlığın, xüsusən də həqiqətin və fəzilətin qavranmasının əxlaqi və daxili mühakiməyə bağlı olduğunu irəli sürür. Bu, onun ontoloji yanaşmasında insanın əxlaqi təbiəti və doğru həyat axtarışının ön planda olduğunu göstərir.
Sokrat üçün varlığın ən yüksək məqsədi əxlaqi mükəmməllik və fəzilət idi. İnsan yalnız həqiqətə və fəzilətə yönəldiyi zaman, o, varlığın həqiqi məqsədinə çatacaqdır. Bu yanaşma, ontologiyanın bilik və əxlaqla sıx bağlı olduğunu göstərir.
Sokratın ontologiyası ənənəvi mənada bir varlıq fəlsəfəsi deyil, əksinə, həqiqət, bilgi və əxlaq ilə əlaqəli olan ontoloji məsələləri önə çıxarır. Onun ontologiyasını daha çox fəzilət, bilik və həqiqət axtarışı ilə əlaqələndirmək mümkündür. Sokratın fəlsəfəsi varlığın yalnız fiziki və maddi aspektlərini deyil, mənəvi və əxlaqi aspektlərini də əhatə edir.
Sokratın idrak təlimi əsasən bilgi və bilik mövzusunda onun fəlsəfi yanaşmalarını formalaşdırır. O, insanların dünyanı və özlərini anlamalarının əsas yolunun sübut edilən bilik və həqiqətə yönələn düşüncə olduğunu vurğulamışdır.
Sokratın idraki yalnız məlumat toplama deyil, daha çox həqiqətə çatmaq məqsədini güdür. O, heç nə bilmirəm prinsipi ilə insanları düşünməyə və daxili həqiqətlərini tapmağa təşviq edirdi. Sokratın fikrincə, idrakın məqsədi yalnız dünyanı və ətrafı tanımaq deyil, həm də həqiqət və əxlaqi düzgünlük tapmaqdır.
Sokratın ən məşhur idrak metodlarından biri mayeutika (doğurtma metodu) idi. Bu metodda Sokrat insanlara suallar verərək onların daxilindəki mövcud bilikləri üzə çıxarmağa kömək edirdi. O, insanın öz biliklərini kəşf etməsi üçün, yalnız doğru suallar verərək onları doğru düşüncəyə yönləndirirdi. Bu, Sokratın insanlara yeni məlumat vermək əvəzinə, onları düşünməyə və öz əsl həqiqətlərini tapmağa dəvət etdiyi bir yanaşmadır.
Elenxus metodu, Sokratın idrak təlimindəki başqa bir mühüm vasitədir. Bu metodda Sokrat, bir şəxsin fikirlərini təkzib edərək onların daxili ziddiyyətlərini ortaya çıxarır və onları doğru düşüncəyə yönləndirir. Elenxus metodu ilə, insan öz fikirlərinin məntiqi səhvlərini və ya cavablarındakı boşluqları anlayır və bu yolla idrakın daha da inkişafına səbəb olur.
Sokrat, bilk və fəzilətin eyni olduğunu irəli sürürdü. O, hər hansı bir şəxsin doğru biliklərə malik olarsa, öz davranışlarının da əxlaqi və düzgün olacağını müdafiə edirdi. Yəni, doğru bilik, doğru davranışa yol açır. Bu yanaşma, Sokratın idrak anlayışını həm əxlaqi, həm də intelektual sahəyə yayır.
Sokrat, özünü tanımanın idraka çox böyük təsir etdiyini vurğulamışdır. O, "özünü tanı" deyərək insanları yalnız öz düşüncələrini deyil, həm də öz daxili təbiətlərini və əxlaqi vəziyyətlərini dərk etməyə çağırırdı. Bu yanaşma onun ontoloji və etik düşüncələrinə dərin təsir etmiş və idrakı yalnız ağıl və biliklə əlaqəli deyil, həm də daxili etik inkişafla əlaqələndirmişdir.
Sokratın idrak təlimində ən mühüm məqam, onun müdrikliyə çatma yolunu göstərməsidir. O, müdrikliyi sadəcə məlumat toplama deyil, daha çox özünü və dünyanı doğru anlama kimi izah edirdi. Müdrik insan, həqiqəti axtarmaq, özünün və başqalarının səhvlərini tanımaq, və doğru əxlaqi qərarlar vermək bacarığına malikdir.
Sokratın idrak təlimində şüur və yaddaş də mühüm rola malikdir. Sokratın idrakını özündəki bilgi ilə əlaqələndirərək, o, insanların öz yaddaşlarında mövcud olan bilikləri müəyyən edərək bu bilikləri üzə çıxara biləcəyini müdafiə edirdi. Bu yanaşma, bir növ "əski biliklərin" yaddaşda mövcud olduğu və insanın onları yenidən tapması ilə əlaqələndirilirdi.
Sokrat, insanın idrakını təkamül prosesinə bənzədirdi. O, idrakın əvvəlcə cəhalətdən başladığını, amma doğru suallar və sübutlarla bir tərəfdən müdrikliyə və həqiqətə doğru inkişaf etdiyini vurğuladı. Bu, onun dialektik metodunun əsasını təşkil edən bir yanaşmadır.
Sokratın idrak təlimi, bilik axtarışı, özünü anlama, etik davranış və həqiqətə yönəlmə prinsiplərinə əsaslanır. O, insanlara öz daxili biliklərini və həqiqətə gedən yolu tapmağa kömək etmək üçün, dialektik suallar və təkzib metodları ilə onların idrakını inkişaf etdirməyə çalışırdı. Bu yanaşma, onun fəlsəfəsini həm təhlil, həm də əxlaqi mühakimə ilə əlaqələndirir.
Rauf Məmmədov
Cross Media Təhlil Mərkəzinin analitiki, fəlsəfə doktoru