NATO-nun baş katibi Zelenskini Trampla münasibətləri bərpa etməyə çağırıb

NATO baş katibi Mark Rutte Ukrayna Prezidenti Vladimir Zelenskiyə ABŞ Prezidenti Donald Trampla münasibətlərini bərpa etməyin yollarını tapmağı tövsiyə edib.
Rutte bu barədə cümə günü Zelenski ilə telefon danışığı zamanı bildirib. Onun sözlərinə görə, cümə günü Ağ Evdə keçirilən görüşdə yaranan fikir ayrılığı Kiyev və Vaşinqton arasındakı münasibətləri gərginləşdirib.
Ağ Evdəki müzakirələr zamanı Tramp və Zelenski arasında fikir ayrılığı yaranıb. Zelenski Ukraynanın güclü təhlükəsizlik zəmanətləri almaq istədiyini vurğulasa da, Tramp administrasiyası Rusiya ilə diplomatiyaya üstünlük verdiyini ifadə edib.
Görüşü “təəssüf doğuran” adlandıran Rutte, ABŞ-ın Ukraynaya verdiyi hərbi dəstəyi xatırladaraq, Zelenskiyə Trampın 2019-cu ildə Ukraynaya Cavelin tank əleyhinə raketlərini verməsinin ölkənin müdafiəsində mühüm rol oynadığını deyib.
“Əgər 2022-ci ildə genişmiqyaslı işğal başlayanda Cavelinlər olmasaydı, Ukrayna çox çətin vəziyyətə düşərdi. Biz Trampın və ABŞ-ın o vaxt etdiklərini qiymətləndirməliyik,” – deyə Rutte bildirib.
O, ABŞ-ın NATO-ya və alyansın 5-ci maddəsinə sadiqliyini də vurğulayıb. Bununla yanaşı, Rutte Trampın Zelenskini Üçüncü Dünya Müharibəsi ilə qumar oynamaqda ittiham etməsinə və ya Ukraynanın razılığa gəlməli olduğu, əks halda ABŞ-ın dəstəyini dayandıracağına dair bəyanatlarına şərh verməkdən çəkinib.
Rutte sonda qeyd edib ki, Ukraynanın davamlı sülhə nail olması üçün ABŞ, Avropa və Ukraynanın birlikdə işləməsi vacibdir. O, “Tramp da məhz bu məqsəd uğrunda mübarizə aparır” – deyə bildirib.
Mədinə Cəlilova
21:00 01.03.2025
Oxunuş sayı: 901