Sam Altman, İlon Maskın OpenAI-ı almaq təklifini rədd etdi

OpenAI rəhbəri Sam Altman, İlon Maskın şirkəti almaq üçün verdiyi 97,4 milyard dollarlıq təklifi rədd edib.
Maskın vəkili Mark Toberoff OpenAI-ın “bütün aktivlərini” almaq üçün şirkətin idarə heyətinə rəsmi təklif göndərdiklərini təsdiqləyib.
Altman, Maskın sosial media platforması X (keçmiş Twitter) üzərindən verdiyi təklifə “Xeyr, təşəkkürlər, amma istəsən biz Twitter-i 9,74 milyard dollara ala bilərik” cavabını verib.
Mask isə Altmanı sosial şəbəkədə “fırıldaqçı” adlandıraraq onu lağa qoyub.
Altmanın təklifi geri çevirməsinə baxmayaraq, OpenAI-ın satılıb-satılmayacağına şirkətin idarə heyəti qərar verəcək. Xüsusilə təklif artırılarsa, satışı qəbul etmə ehtimalı var.
Bəzi ekspertlər Maskın təklifinin ciddi olub-olmadığını sual altına alır və bunu onun Altmanla davam edən hüquqi mübarizəsində strateji bir addım kimi dəyərləndirir.
2015-ci ildə OpenAI-ı qeyri-kommersiya təşkilatı kimi birgə quran Mask və Altman arasındakı münasibətlər 2018-ci ildə Maskın şirkətdən ayrılmasından sonra pisləşib.
Mask, Altmanın OpenAI-ı kommersiya məqsədli bir quruma çevirməsinin şirkətin insanlıq naminə süni intellekt inkişaf etdirmək missiyasını pozduğunu iddia edir. OpenAI isə bu dəyişikliyin texnologiyanın inkişafı üçün maliyyə toplamaq baxımından zəruri olduğunu bildirir.
Mütəxəssislərə görə, Maskın verdiyi 97,4 milyard dollarlıq təklif OpenAI-ın real dəyərindən xeyli aşağıdır. Şirkətin yeni investisiya mərhələsində 300 milyard dollar dəyərində qiymətləndiriləcəyi gözlənilir.
Maskın vəkili Toberoff investor konsorsiumunun “daha yüksək təklifləri üstələməyə hazır olduğunu” və Maskın OpenAI-ın texnologiyasını qoruyub inkişaf etdirmək üçün “ən uyğun şəxs” olduğunu bildirib.
Bu arada OpenAI, Orakl və digər investorlarla birlikdə 500 milyard dollarlıq süni intellekt infrastrukturu qurmağı planlaşdırır. ABŞ Prezidenti Donald Tramp isə bu layihəni “Tarixdəki ən böyük süni intellekt layihəsi” adlandırıb.
Mədinə Cəlilova
00:34 01.03.2025
Oxunuş sayı: 804