Sahibə Qafarova: Azərbaycan türk dünyasının güclənməsinə xüsusi önəm verir

Milli Məclisin sədri Sahibə Qafarova fevralın 28-də Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ilə görüşüb.
Crossmedia.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata istinadən xəbər verir.
Qeyd edilib ki, Milli Məclisin sədri Türk Mədəniyyəti və İrsi Fondunun əhəmiyyətindən danışıb. O, bildirib ki, Azərbaycan Türk dünyasının güclənməsinə xüsusi önəm verir. Prezident İlham Əliyevin dediyi kimi, “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.
Spiker bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış bu Fond türk xalqlarının bir-birinin mədəniyyətini, irsini daha da yaxından tanımasına, qardaş xalqlarımızın daha da yaxınlaşmasına imkan yaradır. Fondun səmərəli fəaliyyət göstərdiyini deyən Milli Məclisin sədri onun fəaliyyətinin daha da genişləndirilməsi üçün böyük potensialın və ən əsası istəyin olduğunu qeyd edib.
Söhbət zamanı bildirilib ki, Fond Türk dünyasının zəngin mədəni irsini qorumaq, yaymaq, gələcək nəsillərə ötürmək baxımından mühüm körpü rolunu oynayır. Fond türk xalqlarının dəyərlərini vurğulayaraq, mədəniyyətlərarası dialoqu gücləndirməklə bu sahəyə önəmli töhfələr verir. Aparılan bu işlər türk dünyasının qlobal miqyasda daha yaxşı tanınmasına və onun dəyərlərinin qiymətləndirilməsinə şərait yaradır.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova bu fondun yaradılmasının düzgün və çox uzaqgörən qərar olduğunu diqqətə çatdırıb. O, bildirib ki, mədəniyyət yumşaq gücdür və xalqların bir-birinə yaxınlaşmasında mühüm rola malikdir.
Söhbət zamanı qonaq Türk Mədəniyyəti və İrsi Fondunun gördüyü işlər, həyata keçirdiyi layihələr və gələcək planları barədə məlumat verib. O, Prezident İlham Əliyevin “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır.” sözlərini özləri üçün bir deviz seçdikllərini və fəaliyyətlərini də bu istiqamətdə qurduqlarını diqqətə çatdırıb.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
19:30 28.02.2025
Oxunuş sayı: 1087