Deputat: "Azərbaycan Pakistan əlaqələri ümumbəşəri dəyərlər əsasında qurulub"

Azərbaycan və Pakistan arasındakı münasibətlər təkcə diplomatik əlaqələrlə məhdudlaşmır, həm də dərin dostluq və qardaşlıq bağlarına əsaslanır. Ortak dini və mədəni dəyərlər eyni zamanda, tarixi hadisələr iki ölkəni daha da yaxınlaşdırıb. Bu münasibətlər təkcə siyasi və diplomatik müstəvidə deyil, eyni zamanda, iqtisadi, hərbi və mədəni sahələrdə də sürətlə inkişaf edir. Pakistanın güclü hərbi sənayesi və Azərbaycanın strateji mövqeyi iki ölkə arasında əməkdaşlığın daha da dərinləşməsinə şərait yaradır. Son illərdə iki dövlət arasında ticarət əlaqələri genişlənib, birgə layihələr həyata keçirilib və əməkdaşlıq yeni mərhələyə qədəm qoyub.
Azərbaycan-Pakistan əlaqələri barəsində Crossmedia.az-a Milli Məclisin deputatı Ziyad Səmədzadə açıqlama verib.
O, bildirib ki, Azərbaycan və Pakistan arasında dostluq və strateji əməkdaşlıq illər boyu inkişaf edərək yeni mərhələyə yüksəlib: "Pakistan hərbi potensialına görə dünyanın aparıcı dövlətlərindən olub Azərbaycanın mühüm tərəfdaşlarındandır. İki ölkə arasında əlaqələrin tarixi zəngindir. Hələ XX əsrin əvvəllərində tanınmış xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev Pakistana humanitar yardım göstərib. Bu hadisə Pakistan xalqının yaddaşında dərin iz qoyub. Sonrakı illərdə Pakistan Ermənistanı işğalçı dövlət kimi tanıyaraq onunla heç bir diplomatik əlaqə qurmayıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra iki ölkə arasındakı münasibətlər daha da möhkəmlənib və bu əməkdaşlıq təkcə türk və islam dünyası çərçivəsində deyil, ümumbəşəri dəyərlər əsasında qurulub".
Z. Səmədzadə qeyd edib ki, Pakistan Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyən ölkələrdən biridir: "Eyni zamanda, Azərbaycan da Kəşmir məsələsində həmişə Pakistanın yanında olub. Son illərdə Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri arasında keçirilən görüşlər iki ölkə arasında əməkdaşlığın yeni səviyyəyə yüksəldiyini göstərir. Xüsusilə hərbi sahədə Pakistanın Azərbaycanın ordu potensialının güclənməsindəki rolu nəzərə çarpacaqdır".
Deputat vurğulayıb ki, Azərbaycan-Pakistan ticarət əlaqələri genişlənməkdədir: "Sahibkarlığın inkişafı üçün müəyyən güzəştlər nəzərdə tutulur, idxal-ixrac əməliyyatlarında rüsumların azaldılması planlaşdırılır. Bütün bu addımlar iqtisadi əməkdaşlığı daha da möhkəmləndirəcək".
Parlamentarinin sözlərinə görə, Azərbaycanın 44 günlük Vətən müharibəsində Pakistan daim Azərbaycanın yanında oldu, bu ölkənin rəhbərliyi və xalqı açıq şəkildə Azərbaycana dəstəyini ifadə etdi: "Bu dostluq və qardaşlıq əlaqələri təkcə iki ölkə üçün deyil, regionda və dünyada sülh və sabitliyin qorunmasına töhfə verən mühüm amildir. Eyni zamanda, Azərbaycan, Pakistan və Türkiyə arasındakı üçtərəfli əməkdaşlıq ildən-ilə güclənir. Bu birlik yalnız hərbi və iqtisadi sahələrdə deyil, eyni zamanda elmi, mədəni və sosial sahələrdə də sıx əlaqələrin inkişafına səbəb olur. Üç dövlətin liderlərinin birliyi və əməkdaşlıq strategiyası, regionun gələcəyi üçün böyük perspektivlər açır. Azərbaycan-Pakistan dostluğu təkcə diplomatik münasibətlər çərçivəsində qalmır, həm də qardaşlıq prinsiplərinə əsaslanır. Bu münasibətlərin gələcəkdə daha da möhkəmlənəcəyi və hər iki xalqın rifahına xidmət edəcəyi şübhəsizdir".
Xumar Əhmədova
16:55 28.02.2025
Oxunuş sayı: 1902