Dövlət Departamenti razıdır: Rusiya ilə danışıqlar konstruktiv keçib

ABŞ və Rusiya nümayəndə heyətlərinin İstanbulda apardıqları danışıqların konstruktiv keçdiyi ABŞ Dövlət Departamentinin saytında bildirilib. “Birləşmiş Ştatlar bank xidmətlərinə və müqavilə xidmətlərinə çıxış, eləcə də ABŞ-ın Moskvadakı səfirliyinin sabit və davamlı kadr təminatının zəruriliyi ilə bağlı narahatlığını ifadə edib. Konstruktiv müzakirələr zamanı hər iki tərəf bu sahələrdə ikitərəfli missiyaların sabitləşdirilməsi üçün konkret ilkin addımları müəyyən edib”, – deyə məlumatda qeyd olunur.
Rusiya nümayəndə heyətinə Rusiya Xarici İşlər Nazirliyinin Şimal-Atlantika departamentinin direktoru Aleksandr Darçiyev, ABŞ nümayəndə heyətinə isə ABŞ dövlət katibinin Rusiyaya və Mərkəzi Avropaya dair müavini Sonatan Koulter rəhbərlik edib. Onlar qeyd olunan məsələlər üzrə daha bir görüş keçirmək barədə razılığa gəliblər. Görüşün vaxtı və yeri sonradan müəyyən ediləcək.
Xatırladaq ki, Rusiya və ABŞ nümayəndələri fevralın 27-də İstanbulda görüş keçiriblər. Danışıqlar təxminən altı saat yarım davam edib və əsas diqqət iki ölkənin səfirlik və konsulluqlarının fəaliyyətinin bərpasına yönəldilib. Görüşdən əvvəl Rusiya Xarici İşlər Naziri Sergey Lavrov sistemli problemlərin ABŞ-ın əvvəlki administrasiyasının hərəkətləri səbəbindən yarandığını bildirmişdi.
10:12 28.02.2025
Oxunuş sayı: 1322