Milli Məclisin komitə iclasında üç məsələ müzakirə olunub

Fevralın 27-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yaz sessiyasında növbəti iclası keçirilib. İclası açan komitə sədri Azər Əmiraslanov gündəliyə 3 qanun layihəsinin daxil edildiyini söyləyib.
Əvvəlcə “Lisenziyalar və icazələr haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini müzakirəyə təqdim edən komitə sədri sənədin Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” Qanuna 2022-ci ildə edilən müvafiq dəyişikliklərə uyğun olaraq hazırlandığını bildirib.
Belə ki, həmin dəyişikliklərə görə, işğaldan azad edilmiş ərazilərin rezidentləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurum) verdiyi təsdiqedici sənəd əsasında idxal olunan texnika, texnoloji avadanlıq və qurğular, habelə xammal və materiallar üzrə 2023-cü il yanvarın 1-dən 10 il müddətinə ƏDV-dən və gömrük rüsumlarından azad ediliblər. Buna uyğun olaraq da həmin təsdiqedici sənəd “Lisenziyalar və icazələr haqqında” Qanuna 3 nömrəli əlavədəki “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”na daxil edilir.
Gündəliyin ikinci məsələsi olan “Qiymətləndirmə fəaliyyəti haqqında” 2023-cü il 8 dekabr tarixli 1052-VIQ nömrəli Qanunun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə komitənin üzvü Vüqar Bayramov məlumat verib.
O, bildirib ki, layihədə on üç qanunun qiymətləndirmə məsələlərini tənzimləyən müddəalarının “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun ayrı-ayrı normalarına uyğunlaşdırılması təklif olunub. Dəyişiklikləri üç istiqamət üzrə qruplaşdıran deputat birinci istiqamətin bələdiyyə mülkiyyətində olan torpaq sahələrinın satışı, eləcə də hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların qiymətinin müəyyənləşdirilməsinin yeni tənzimlənmələrini ehtiva etdiyini diqqətə çatdırıb.
Dəyişikliklərin ikinci istiqaməti “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunda istifadə olunan “qiymətləndirici” və “qiymətləndirici təşkilat” anlayışlarına uyğunlaşdırma xarakteri daşıyır. Üçüncü istiqamət isə digər bir sıra uyğunlaşdırma və terminlərin dəqiqləşdirilməsi ilə bağlıdır.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Dərman vasitələri haqqında” və “Reklam haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə komitə üzvü Müşfiq Cəfərov məlumat verib. O bildirib ki, rəqəmsal mühitdə reklam fəaliyyətinin genişlənməsi və yeni reklam daşıyıcılarının meydana gəlməsi sözügedən məsələlərin qanunla tənzimlənməsi zərurəti yaradıb. Təklif olunan qanun layihəsi, əsasən iki istiqamətdə dəyişiklikləri nəzərdə tutur.
Qanun layihələrinin müzakirəsi zamanı komitə sədrinin müavini Azər Badamov, komitə üzvləri Əlibala Məhərrəmzadə, Rövşən Muradov, Məşhur Məmmədov, Aydın Hüseynov, Tahir Mirkişili, Vüqar Bayramov çıxış edərək təqdim olunan qanun layihələrinin tətbiqi mexanizmləri, dəyişikliklərlə bağlı fikirlərini və suallarını səsləndiriblər.
Komitə sədri Azər Əmiraslanov, deputat Vüqar Bayramov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndələri Şahin Nağıyev və Vaqif Ataşov qanun layihələri üzrə deputatların qaldırdıqları məsələlərə münasibət bildiriblər, onların suallarını cavablandırıblar.
Müzakirələrin yekununda qanun layihələri baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
20:51 27.02.2025
Oxunuş sayı: 1563