Pakistanda Xocalı soyqırımının ildönümünə həsr olunan seminar təşkil edilib


Azərbaycanın Pakistandakı səfirliyi bu ölkənin aparıcı beyin mərkəzlərindən olan Müslüm İnstitutu ilə birgə Pakistan Milli Kitabxanasında Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan “Xocalı soyqırımı və etnik təmizləmə: İnsanlığa qarşı cinayət” mövzusunda seminar təşkil edib.
Crossmedia.az Səfirliyə istinadən xəbər verir ki, diplomatların, Pakistanın müxtəlif beyin mərkəzlərinin və universitetlərinin rəhbər heyətlərinin, alimlərin, ictimaiyyət və media nümayəndələrinin iştirak etdikləri tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, faciə ilə bağlı geniş məlumatları əks etdirən videoçarx nümayiş olunub.
Bəşəriyyətin ən dəhşətli qətliamlarından biri olan Xocalı soyqırımı haqqında geniş məlumat verən ölkəmizin Pakistandakı səfiri Xəzər Fərhadov bildirib ki, erməni silahlı birləşmələri bir neçə ay mühasirədə olan Xocalı şəhərinə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının yardımı ilə hücuma keçərək, qətliam törədib. Nəticədə 63 uşaq, 106 qadın və 70 qoca daxil olmaqla, 613 nəfər xüsusi amansızlıqla qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirib.
Diplomat 44 günlük Vətən müharibəsindən, eləcə də 2023-cü ilin sentyabrındakı antiterror əməliyyatlarından danışaraq, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun erməni işğalına son qoyduğunu, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam təmin etdiyini, bu gün işğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən Xocalıda üçrəngli Azərbaycan Bayrağının dalğalandığını diqqətə çatdırıb.
Türkiyənin Pakistandakı səfiri İrfan Neziroğlu, Air Universitetinin sosial elmlər fakültəsinin dekanı vəzifələrini icra edən xanım Vasima Şahzad, Pakistan ordusunun sabiq generalı Zahid Mahmud, Müslüm İnstitutunun əməkdaşı Asif Tanvir Avan çıxışlarında Xocalı soyqırımının ötən əsrin ən dəhşətli faciələrindən olduğunu vurğulayıblar. Bildirilib ki, Xocalıda törədilən soyqırımı aktı, sadəcə, Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş ən amansız cinayətlərdəndir. Xocalı soyqırımını törədən qatillər ədalət mühakiməsinə cəlb olunmalı və ən ağır şəkildə cəzalandırılmalıdırlar.
Qeyd olunub ki, tarix boyunca qərbi azərbaycanlılar etnik təmizləməyə və deportasiyaya məruz qalıb. Onların geri qayıdış ilə bağlı fundamental hüquqlarının bərpa edilməsi istiqamətində praktiki addımlar atılmalıdır. Bu mənada ədalətin və qlobal həmrəyliyin vacibliyi xüsusilə vurğulanıb.
21:13 27.02.2025
Oxunuş sayı: 1091