Pakistandakı səfirliyimizdə Xocalı soyqırımının 33-cü ildönümü qeyd edilib

Azərbaycanın Pakistandakı səfirliyi Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar fotosərgi və seminar keçirilib.
Crossmedia.az xəbər verir ki, Azərbaycanın Pakistandakı səfirliyi bu ölkənin aparıcı beyin mərkəzlərindən olan Müslüm İnstitutu ilə birgə Pakistan Milli Kitabxanasında Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan “Xocalı soyqırımı və etnik təmizləmə: İnsanlığa qarşı cinayət” mövzusunda seminar təşkil edib.
Təşkil edilmiş seminarda xarici dövlətlərin bu ölkədəki səfirləri və diplomatları, Pakistanın müxtəlif beyin mərkəzlərinin və universitetlərinin rəhbər heyətləri, alimlər, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə, hər iki ölkənin dövlət himnləri səsləndirilib, Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Xocalı soyqırımı ilə bağlı geniş məlumatları özündə əks etdirən videoçarx nümayiş olunub.
Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov tədbirdə çıxış edərək bəşəriyyətin ən dəhşətli qətliamlardan biri olan Xocalı soyqırımı haqqında iştirakçılara müfəssəl məlumat verib.
Əlavə olaraq 44 günlük Vətən müharibəsindən, eləcə də 2023-cü ilin 19-20 sentyabr tarixlərində keçirilmiş antiterror əməliyyatlarından danışan X.Fərhadov, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun erməni işğalına son qoyduğunu, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam təmin etdiyini, bu gün işğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən Xocalıda üçrəngli Azərbaycan bayrağının dalğalandığını diqqətə çatdırıb.
Sonra tədbirdə Türkiyənin Pakistandakı səfiri İrfan Neziroğlu, Air Universitetinin Sosial Elmlər Fakültəsinin dekanı vəzifələrini icra edən xanım Vasima Şahzad, Pakistan ordusunun sabiq general-mayoru Zahid Mahmud, səfir R.Nailə Çohan və MÜSLÜM İnstitutunun İctimaiyyətlə Əlaqələr üzrə əməkdaşı Asif Tanvir Avanın çıxışları dinlənilib. Natiqlər öz məruzələrində Xocalı soyqırımının ötən əsrin ən dəhşətli faciəsi olduğunu vurğulayaraq, həmin hərbi təcavüz zamanı dinc sakinlərin amansızcasına qətlə yetirlməsinə dair tarixi faktları, həqiqətləri və elmi araşdırmalara söykənən məlumatları iştirakçıların diqqətinə çatdırıb. Bildirilib ki, 1992-ci ilin 26 fevral tarixində Xocalıda törədilən soyqırımı aktı sadəcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş ən amansız cinayətlərdəndir. Qeyd olunub ki, Xocalı soyqırımını törədən qatillər beynəlxalq ədalətə cəlb olunmalı və ən ağır şəkildə cəzalandırılmalıdırlar.
Çıxışlar zamanı, həmçinin, tarix boyunca Qərbi azərbaycanlıların etnik təmizləməyə və zorla deportasiyaya məruz qalmasından bəhs edilərək, onların geri qayıdış ilə bağlı fundamental hüquqlarının bərpa edilməsi istiqamətində praktiki addımların atılmalı olduğu bildirilib. Bu mənada ədalətin və qlobal həmrəyliyin vacibliyi xüsusilə vurğulanıb.
19:20 27.02.2025
Oxunuş sayı: 802