Xocalı soyqırımı qurbanlarının xatirəsi Türkiyənin İğdır şəhərində də anılıb

Türkiyənin İğdır şəhərindəki Heydər Əliyev adına liseydə Xocalı soyqırımı qurbanlarının xatirəsini anma mərasimi keçirilib.
Crossmedia.az xəbər verir ki, Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası və Türkiyə-Azərbaycan Cəmiyyətinin İğdır şöbəsinin təşəbbüsü ilə keçirilən tədbirdə liseyin müəllim və şagirdləri, iki qardaş ölkənin ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları Azərbaycanın Xocalı şəhərində erməni cəlladlarının qurbanı olmuş yüzlərlə dinc sakinin xatirəsini ehtiramla yad ediblər.
1992-ci ilin fevralında baş vermiş faciəli hadisələrdən bəhs edən videoçarx nümayiş etdirilib.
Mərasimi açan Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini, yazıçı Serdar Ünsal Azərbaycanın Qarabağ bölgəsində törədilən soyqırımı aktını unutmamağa çağırıb. O qeyd edib: “Təəssüf ki, dünya ictimaiyyəti bəşəriyyət tarixinin ən qaranlıq səhifələrindən birinə çevrilmiş Xocalıda baş verən qanlı hadisələrə bugünədək lazımi qiymət verməyib. Biz soyqırımında iştirak edənlərin hamısının məsuliyyətə cəlb olunmasını tələb edirik”.
S.Ünsal Xocalı faciəsinin ermənilərin türklərə və azərbaycanlılara qarşı ilk cinayəti olmadığını xatırladıb. “1915-1920-ci illərdə ermənilər Anadoluda, o cümlədən İğdırda kütləvi cinayətlər törədiblər. Onlar təkcə bizim vilayətdə bir sıra kəndlərin, o cümlədən Hakmehmet, Oba və Gediklinin sakinlərini qətlə yetiriblər. İnsanlar diri-diri quyulara atılır, təndirlərdə yandırılırdı. 1915-1920-ci illərdə türkləri və azərbaycanlıları qətlə yetirənlərin nəvələri sonradan Xocalıda soyqırımını törədiblər”, - deyə yazıçı xatırladıb.
Sonra çıxış edən Heydər Əliyev adına liseyin direktoru Yavuz Bağçı əmin edib ki, Türkiyə xalqı Xocalıda baş vermiş soyqırımını unutmayıb və unutmayacaq. O əlavə edib: “Ermənilərin türklərə və azərbaycanlılara qarşı törətdikləri qanlı cinayətlər xüsusi qəddarlığı ilə seçilirdi. Hər bir ölkənin tarixində müharibələr olub. Ordular dinc insanlar, qadınlar və uşaqlarla deyil, qoşunlarla vuruşurdu. Silahsız mülki əhalinin qətliamı soyqırımı aktıdır. Ermənilərin qanlı cinayətləri və vandalizmi tarixə düşüb və heç vaxt unudulmamalıdır”.
Tədbir çərçivəsində Xocalı soyqırımı mövzusunda ən yaxşı esse, rəsm və şeirlərin müəlliflərinə mükafatlar təqdim olunub.
Liseydə Xocalıda baş verən qanlı hadisələrin 33-cü ildönümü ilə bağlı fotostend də yaradılıb.
15:04 25.02.2025
Oxunuş sayı: 889