Qarlı Bakı: Narazı və razı sakinlər - FOTOLAR





Son günlər Bakıya yağan güclü qar şəhər həyatına ciddi təsir edib. Küçələr, yollar və parklar qarla örtülüb, bu isə həm piyadalar, həm də sürücülər üçün çətinliklər yaradıb.
Fevralın sonlarında müşahidə edilən qarlı hava şəraiti yollarin buz bağlamasına, bəzi ərazilərdə isə palçıqlı və buzlu vəziyyətin yaranmasına səbəb olub.
Bu gün də səhər saatlarından etibarən şəhərdə qar təmizləmə işləri davam edir. Bakı şəhərinin yollarında böyük tıxaclar müşahidə olunub. Belə ki, sərnişinlər avtobusların gecikməsindən şikayətlənir.
“Neftçilər” metrostansiyasının dayanacağındakı sakinlər artıq yarım saatdır avtobus gözlədiklərini və işə gecikdilərini bildirib.
Avtobus dayanacaqları və metro çıxışlarında yığılan qar insanların hərəkətini çətinləşdirib.
Bakı şəhərində qarın gözəl mənzərəsi bir çoxları üçün sevinc hissləri oyatsa da bəzi sakinlər yay ayları üçün darıxdıqlarını bildirirlər.
Kommunal xidmətlər göstərən müəssisələrin əməkdaşları tərəfindən qartəmizləmə və duz səpilməsi işləri aparılır ki, yollar buz bağlamasın.
Şəhər sakinlərindən bəziləri mağaza və iş yerlərinin qarşısında yolları öz imkanları daxilində təmizləməyə çalışırlar. Lakin bu kifayət etmir və sürüşmə riski hələ də qalır.
Qışın dözülməz soyuğunu təkcə insanlar deyil, küçə heyvanları da hiss edir. Yemək qıtlığı və su mənbələrinin donması heyvanlar üçün həyati təhlükə yaradır.
Şəhərdə qar gözəl görüntülər yaratsa da, onun yaratdığı problemlər hər kəsin həyatına təsir edir. Bəzi sakinlər qarlı mənzərələrdən zövq alsa da, digərləri onunla mübarizə aparmağa məcburdur. Xüsusilə yaşlı və əlil insanlar üçün qarlı hava heç də əlverişli deyil.
Səsli-küylü uşaq parkları da qarla örtülüb. Həmişə uşaqlar burada oynasa da, soyuq hava səbəbindən parklar bomboş qalıb.
Qar hələ də şəhərin bir çox yerlərində ərimədiyi üçün Bakı sakinləri gündəlik həyatlarında ehtiyatlı olmağa və hava şəraitinə uyğun tədbirlər görməyə çağırılırlar.
Qeyd edək ki, Bakı şəhərində fəaliyyət göstərən universitetlərin bir çoxu 24 fevral tarixi üçün distant təhsilə keçib.
Qar yağması davam etdiyi təqdirdə şəhər sakinlərinə ehtiyatlı olmalarını və yollarda diqqətli hərəkət etmələrini tövsiyə edirik.
Fidan Xəlilova,
Fatimə Məmmədova
18:50 24.02.2025
Oxunuş sayı: 1738