Ukraynada prezident seçkiləri "havası": Zelenski üçün "qış sərt keçəcək"

Ukraynalılar demokratik dəyərləri qürurla müdafiə edir, lakin müharibə dövründə seçkiləri qətiyyətlə rədd edirlər
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Bildirilib ki, Rusiyanın genişmiqyaslı işğalının üçüncü ildönümündə Ukraynada yeni seçkilərin keçirilməsi ilə bağlı çağırışlar daha da güclənir: "Maraqlıdır ki, bu çağırışlar ukraynalıların özlərindən deyil, Kremlin və ABŞ Prezidenti Donald Trampın nümayəndələrindən gəlir: "Tramp bir ay əvvəl vəzifəyə başladığı gündən bəri Rusiyanın Ukraynada yeni seçkilər keçirmək tələblərini təkrarlayır. O, Ukrayna prezidenti Volodimir Zelenskini “seçkisiz diktator” adlandıraraq ciddi mübahisələrə səbəb olub. Trampın bu ittihamları Moskvada rəğbətlə qarşılanıb, lakin Kiyevdə geniş etiraz doğurub. Ukraynalıların əksəriyyəti ABŞ prezidentinin iddialarını rədd edir və Zelenskinin ətrafında birləşir".
Qeyd olunub ki, Ukraynadakı seçki müzakirələri müharibə şəraitinin doğurduğu çətin reallıqları əks etdirir: "Ukraynada 2024-cü ildə prezident və parlament seçkilərinin keçirilməsi planlaşdırılsa da, Konstitusiyaya əsasən, hərbi vəziyyət şəraitində milli seçkilərin təşkili qadağandır. 2022-ci ildə elan olunan hərbi vəziyyət hələ də qüvvədə olduğu üçün seçkilər təxirə salınıb. Zelenski təhlükəsizlik şəraiti imkan verən kimi seçkilərin keçiriləcəyini vəd etsə də, indiki şəraitdə azad və ədalətli seçkilərin mümkün olmadığını bildirir.Ukraynalıların əksəriyyəti bu mövqeyi dəstəkləyir. Zelenskinin əsas siyasi rəqiblərindən olan sabiq prezident Petro Poroşenko və müxalifət lideri Yuliya Timoşenko müharibə şəraitində seçkilərin həm qeyri-praktik, həm də qeyri-legitim olacağını vurğulayıblar. Ukraynanın güclü vətəndaş cəmiyyəti də sülh razılaşması imzalanmadan seçkilərin keçirilməsinə qarşı çıxır. Fevral 2025-ci ildə aparılan yeni ictimai rəy sorğusuna görə, ukraynalıların 63 faizi Rusiyayla müharibə başa çatmadan hər hansı milli seçkilərin keçirilməsinə qarşıdır".
Bildirilib ki, seçki keçirilməsinə qarşı çıxış edənlərin əsas arqumenti demokratiyanın qorunmasıdır: "Ukraynalılar demokratik dəyərlərini iki böyük xalq üsyanı nəticəsində – 2004-cü il Narıncı İnqilabı və 2014-cü il Maydan hərəkatı zamanı qazanıblar. Hər iki hadisədə milyonlarla ukraynalı küçələrə çıxaraq, Kremlin dəstəklədiyi avtoritar idarəçilik cəhdlərinə etiraz edib və ölkələrinin avtoritarizmlə deyil, Avropa demokratiyası ilə inteqrasiyasını təmin edib. Bu proses nəticəsində demokratiya Ukraynanın milli kimliyinin əsas elementlərindən birinə çevrilib".
Nabat Fərzəliyeva
11:44 24.02.2025
Oxunuş sayı: 1069