Misirdə Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib



Fevralın 23-də Azərbaycanın Misirdəki səfirliyində Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbirdə Türkiyənin və Qazaxıstanın səfirləri, digər dost ölkələrin səfirliklərinin nümayəndələri, Misirdəki Azərbaycan icması, yerli mətbuat təmsilçiləri və ziyalılar iştirak ediblər.
Əvvəlcə Xocalı soyqırımından bəhs edən videoçarx nümayiş olunub. Sonra Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov xalqımızın qan yaddaşına yazılmış bu faciənin törədilmə səbəblərindən danışıb. Qeyd edib ki, Xocalı sakinləri milli ayrı-seçkilik zəminində, məhz azərbaycanlı olduqları üçün vəhşicəsinə qətlə yetiriliblər. O diqqətə çatdırıb ki, hazırda dünyanın bir neçə beynəlxalq təşkilatı, həmçinin 18 dövlətin qanunverici orqanları tərəfindən bu qanlı hadisəni soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən qətnamələr qəbul edilib. Səfir, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə müxtəlif ölkələrdə aparılan “Xocalıya ədalət!” kampaniyasından söhbət açıb.
Qahirədə Misir-Çin Universitetinin rektorunun müşaviri, Misirin Heluan Universitetinin professoru Adil Dərviş Xocalıda yüzlərlə günahsız insanın qətli və yaralanması ilə nəticələn qanlı hadisələrin beynəlxalq arenada doğurduğu əks-sədadan söhbət açıb. Qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatı və başqa beynəlxalq təşkilatlar bu soyqırımını pisləyən qərarlar qəbul ediblər. Xocalı faciəsi ilə bağlı çəkilmiş “Sonsuz dəhliz” filmi bir çox dillərə tərcümə edilərək müxtəlif ölkələrdə nümayiş olunub. Misirdə də “Xocalıya ədalət!” kampaniyası çərçivəsində bir sıra tədbirlərin keçirildiyini vurğulayan professor misirlilərin Azərbaycan xalqı ilə həmrəy olduğunu bildirib. O, Xocalı faciəsini qurbanlarının anımı ilə əlaqədar tədbirlər, həmçinin 300 tələbənin iştirakı ilə marafon təşkil olunduğunu deyib.
İştirakçılara Xocalıda törədilmiş qətliamdan bəhs edən bukletlər paylanıb, soyqırımını əks etdirən fotosərgi təqdim olunub.
23:45 23.02.2025
Oxunuş sayı: 1891