İlon Maskın qəribə paylaşımları hər kəsi təəccübləndirib

İlon Mask son günlər sosial mediada qalmaqallı paylaşımları və qəribə addımları ilə yenidən gündəmə gəlib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, dünyanın ən varlı insanı olan Mask Avropa Kosmik Agentliyinin astronavtı Andreas Mogensenlə mübahisə edib, ifrat sağçı paylaşımlara dəstək verib və hətta dövlət işçilərindən icra hesabatları tələb edib.
Astronavtla qalmaqal
Fevralın 20-də Mask astronavt Mogensenlə sosial mediada mübahisəyə girib. Mogensen, Maskın “astronavtların siyasi səbəblərdən tərk edildiyi” iddiasını təkzib edəndən sonra, milyarder ona qarşı təhqiramiz ifadələr işlədib.
Saxta xəbərə reaksiya
Mask, guya immiqrantların İngiltərədə xəstəxanaya hücum etdiyini göstərən bir şəkli paylaşaraq, "Orada nə baş verir?" yazıb. Lakin sonradan bu görüntünün 2012-ci ildə çəkilmiş "Batman: Qara Cəngavər Yüksəlir" filmindən olduğu məlum olub. Paylaşıma icma qeydi əlavə edilib.
Dövlət işçilərinə tələblər
Mask federal hökumət işçilərinə e-poçt göndərərək onlardan həftəlik performans hesabatı tələb edib və cavab verməyənlərin istefa etmiş sayılacağını bildirib.
Maskın bu son hərəkətləri onun ABŞ siyasətindəki mövqeyi və sosial mediada təsiri ilə bağlı mübahisələri yenidən gündəmə gətirib.
04:28 24.02.2025
Oxunuş sayı: 1293