“Ukrayna parçalana bilər, bu dəfə başqa ölkələr torpaq iddiası edəcək”- İDDİA

Dünyada siyasi proseslər bitib- tükənmək bilmir. Əksinə, demək olar, hər gün yeni toqquşmalar, gərginliklər meydana çıxır. Yəni siyasi proseslər özünü həm də hərb meydanında göstərir. Dövlətlər danışıqlardan, razılaşmalardan daha çox müharibəyə meyillənirlər. Bəzən istəyərək, məqsədli şəkildə, bəzən də məcbur. Belə savaşların başında dünyadakı geosiyasi reallıqlara əsaslı təsir edən Rusiya- Ukrayna müharibəsini göstərmək olar. Savaşın nə zaman bitəcəyini kimsə bilmir. Amma dəqiq görünən odur ki, müharibə nəinki dünyanın siyasi xəritəsini, həm də iqtisadi münasibətlər sistemini dəyişdi.
Milli Məclisin dörd çağırış deputatı, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev müharibənin gedişi və onun iqtisadi təsirləri barədə Crossmedia.az-ın suallarını cavablandırıb
“Rusiyanın təhlükəsizlik maraqları nəzərə alınmalı idi”
- Rüfət müəllim, Rusiya- Ukrayna müharibəsi dünya iqtisadiyyatına necə təsir etdi?
- Əlbəttə, çox pis. Dediyinə görə, indiyədək ABŞ Ukraynaya 170 milyard dollar ayırıb. Kiyev isə bunun heç yarısının da ona çatmadığını iddia edir. Ümumiyyətlə, ABŞ maliyyəni daha çox özünə sərf edir, yeni silahlar alır, köhnələrini isə Ukraynaya verir. Ukrayna birmənalı olaraq poliqona çevrilib. Müharibə nəticəsində dünyada həm də qida problemləri yarandı. Savaş nəqliyyat, infrastuktur sahəsində də çətinliklərə səbəb oldu. 100 minlərlə insan həlak oldu. 200 minlərlə insan şikəst qaldı. Ukraynaya dəymiş ziyan bir trilyon dolları keçib. Ölkənin enerji sisteminin 75 faizi dağılıb. Ölkə iqtisadiyyatının 55 faizi işləmir. Rusiya isə müharibənin bir həftəsinə ayırdığı vəsaitdə 20-25 vilayətin kommunal problemlərini həll edə bilərdi. Rusiya iqtisadiyyatı hərbi xərclər üzərində qurulub. Hərbi xərclər isə quyuya atılmış maliyyədir. Hərbi iqtisadiyyatla Ümumdaxili Məhsulu artırmaq, inflyasiyasının qarşısını müəyyən mənada almaq mümkündür. Lakin bu metod uzunmüddətli perspektiv üçün uğurlu deyil. Hərbi xərclər quyuya atılmış maliyyə kimidir. Töhfə vermir. İndi iki yol var. Ya müharibə davam etdirilməlidir, ya da texnikalar xarici ölkələrə ixrac etilməlidir. Rusiya texnikasını xarici ölkələrə satışını artırsa, iqtisadiyyatını dirçəldə bilər. Əks halda isə daha ağır vəziyyət yaranacaq. Bir fakt deyim: 1930-cu ilə kimi Almaniya ən geridə qalmış ölkələrdən idi. 1933-cü ildə, yəni Adolf Hitler hakimiyyətə gələndən sonra, müharibələr hesabına ölkə qismən toplarlandı, inkişaf etdi. Amma bu, uzun çəkmədi. Almaniya İkinci dünya müharibəsinin sonunda məğlub. Yəni iqtisadiyyatı zəif ölkə mütləq savaşda məğlub olur.
- Sizcə, doğrudanmı müharibə qaçılmaz idi?
- Birmənalı olaraq savaşın əleyhinəyəm. Müharibə, bəlkə də, heç başlamamalı və ya çoxdan başa çatmalı idi. Amma Rusiyanın da təhlükəsizlik maraqlarını nəzərə almaq lazımdır. Məsələ burasındadır ki, Rusiya NATO-nun onun sərhədlərinə qədər yaxınlaşmasını istəmir. İndi NATO-nun ən yaxın bazasından Kremli saat yarıma vurmaq mümkündür. Bu gün NATO-nun 800-dən artıq hərbi bazası var. Onların 70 faizi sanki Rusiyanı əhatəyə götürüb. Belə olan halda rəsmi Moksvanın təhlükəsizlik maraqları başa düşüləndir. Müharibə nəticəsində bütün dünya itirdi. Xüsusilə də sadə xalq. Sizə bir fakt deyim: zireli texnika hərəkət edən torpaqlarda 10-15 il heç nə bitmir. Ukrayna torpaqları çox bərəkətlidir. Amma qarşıdakı 15 il müddətində bu torpaqların məhsuldarlığı minimum səviyyədə olacaq.
- Bəs kim uddu?
- Udan ancaq silah istehsalçıları oldu. Onlar öz bizneslərini gücləndirdilər. Bu isə dünyanın 0,000007 faiz əhalisidir.
- Rusiyaya qarşı tətbiq edilən sanksiyalar sanki effekt vermir. Rəsmi Moskva nəyin hesabına bu embarqolara müqavimət göstərə bilir?
- Rusiyaya qarşı son üç ildə minə yaxın sanksiya tətbiq edilib. Bu sanksiyalar, əlbəttə, Rusiyaya bu və ya digər formada təsir edib. Rusiyanın texnoloji sahəsi, valyuta ehtiyatları və digər sektorlar sanksiyalardan təsirlənib. İnsanların durumu getdikcə ağırlaşır. Buna baxmayaraq, dünyada yeraltı və yerüstü sərvətlərin 40 faizi Rusiyadadır. Bu, onun sanksiyalara qarşı müqavimət imkanını gücləndirir. Rusiyaya sanksiyalar, əlbəttə, hansısa formada təsir edir, amma tam yox. İnkişaf get- gedə dayana bilər, amma ölkə “ölməyəcək”.
“Müharibəni bir günə bitirmək mümkün deyil”
- ABŞ-nin hazırkı hakimiyyəti müharibənin bitməsi üçün çalışır. Sizcə, buna nail olacaq?
- Polşalı ekspertlərin fikrincə, son 50-60 ildə ABŞ-da prezidentlər verdiyi vədlərin cəmi 40 faizini yerinə yetiriblər. Prezident Donald Tramp istisnadır. O, hakimiyyətinin birinci dövründə verdiyi sözlərin təxminən 75 faizini yerinə yetirmişdi. Trampın yenə təxminən belə bir nəticə əldə edəcəyinə dair gözlənti var. ABŞ lideri, bəlkə də, müharibəni bitirə biləcək. Amma nəzərə almaq lazımdır ki, bu müharibəni bir günə bitirmək mümkün deyil. Hazırkı gərginliyin təxminən 30 illik tarixçəsi var. Artıq hər iki tərəfdən müəyyən müsbət siqnallar gəlir. Buna baxmayaraq, döyüşlər, yəqin ki, ən az ilin sonuna qədər davam edəcək. Fikrimcə, nə Rusiya geri çəkilməyə razı olacaq, nə də Ukrayna ciddi ərazi güzəştinə. Savaşın nəticəsinin necə olacağını indidən konkret deməkdir. Onsuz da Ukraynaya da, Rusiyaya da çox ziyan dəyib. Ümumiyyətlə, müharibəyə çoxdan son qoyulmalı idi. Ehtimal edirən ki, müharibənin sonunda Krım, Donbas, Luqansk, Zaporejye kimi ərazilər Rusiyada qalacaq. Moskva Ukraynanın NATO-ya üzvlüyündən imtinasını tələb edəcək. Amma əsas məsələ budur ki, Rumıniya, Macarıstan və Polşa Ukraynanın ərazi güzəştinə razı olacağı halda, öz ərazilərini “geri qaytarmaq” barədə mesaj veriblər. Bu, Ukraynanın parçalanması deməkdir. Plan da elə bu idi. Müharibənin sonunda 27 vilayətdən cəmi 10-u Ukraynada qalacaq. Rusiya-Ukrayna müharibəsi böyük bir layihə idi. Onu da deyim ki, savaşın məqsədi Rusiyanı zəiflətmək olub, amma parçalamaq yox. Məsələ burasındadır ki, bu ssenari ilə bağlı iki təhlükə var. Birincisi, Qərbə miqrant axınıdır. İkincisi isə nüvə silahının tətbiqi ehtimalıdır. Nüvə silahının tətbiqi çox təhlükəlidir. Bu, on milyon adamın məhv deməkdir. İçində nüvə silahı olan bir çantanı gətirib şəhərin mərkəzinə qoymaq kifayətdir ki, milyonlarla adam ölsün. Son vaxtlar ABŞ-da hüquq – mühafizə orqanlarının sayının artması da birbaşa bu təhlükə ilə bağlıdır. Qərb bunların heç birini istəmir. Onu da deyim ki, bundan sonra Rusiyaya qarşı sanksiyaların mənası yoxdur.
- Sizcə, müharibə bu il bitə bilər?
- İlin sonuna kimi atəşkəsin olması mümkündür. Amma gərək hər iki tərəf razı olsun. Bu, layihə idi. Məqsəd Rusiyanı zəiflətmək, Ukrayna torpaqlarını ələ keçirmək idi. Bu layihə, demək olar, uğurlu alındı.
“Neftin qiyməti 75-70 dollardan aşağı düşməyəcək”
- Trampın fikrincə, neft və qaz qiymətlərinin aşağı düşməsi nəticəsində Rusiya iqtisadiyyatının zəifləməsi müharibənin başa çatmasına kömək ola bilər. Sizcə, o, enerjini ucuzlaşdırmağa bacaracaq?
- Qiymətlər ciddi şəkildə aşağı düşməyəcək. Neft elə- belə məhsul deyil ki, “dirijor çubuğu”nun hərətinə uyğun olaraq bahalaşıb- ucuzlaşsın. Rusiya nefti ən çox ixrac edən üç ölkədən biridir. Çin və Hindistan isə neft idxal edən nəhəng ölkələrdilər. Onlar bütün hallarda Rusiyadan enerji alacaqlar. Yəni Tramp məqsədinə çatmayacaq. Üstəlik, nəzərə almaq lazımdır ki, ABŞ-da neft bazaları var. Amma orada neft çıxarmaq ekologiyaya ciddi ziyan vurmaq deməkdir. Tramp buna getməyəcək. Qiymətlər təxminən 3- 5 faiz aşağı düşə bilər, bundan artıq yox. BMT, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq İnkişaf Fondu və digər təşkilatlar da təsdiqləyir ki, bu ilin sonuna qədər neftin qiyməti 75-70 dollardan aşağı düşməyəcək. Yəni Tramp özünün iddia etdiyi kimi, neft qiymətini 45 dollara qədər endirməyə nail olmayacaq.
- Maraqlıdır, Rusiyaya qarşı sanksiyalar fayda verməsə, ABŞ başqa hansı iqtisadi- siyasi “rıçak”lardan istifadə edə bilər?
- Əslində bütün imkanlardan istifadə olunub. Bəlkə də, bundan sonra ebarqo tətbiq etmək mümkünsüzdür. Hərçənd, yəqin ki, sanksiyalar davam edəcək.
- Bu gün Ukrayna, demək olar, Qərbdən asılıdır. Sizcə, Qərbin təklifləri Ukraynanın tələblərinə adekvatdır?
- Əlbəttə, yox. Müharibənin əvvəlindən bəri Ukraynaya köhnə silahlar verildi. Bu isə Kiyevi qane etmir. Onu da deyim ki, Ukraynada bu gün milyonlarla pul “yeyilir”. Ümumiyyətlə, müharibə gedən ölkədə tam şəffaflıq mümkün deyil.
- ABŞ perspektivdə Ukraynaya dəstəyi azaltsa, yaxud tamamilə dayandırsa, Aİ bunu kompensasiya edə biləcək?
- Gücü çatmayacaq. NATO-nun hərbi xərcləri getdikcə artır. Bu, o deməkdir ki, mülki insanlara iqtisadi zərbə dəyəcək, inflyasiya başlayacaq, iş yerləri azalacaq.
“Varlılara heç nə olmayacaq, milyarderlerin sayı artır”.
- Ümumiyyətlə, sizcə, Tramp hakimiyyəti ilə Aİ arasındakı gərginlik hansı mərhələyə qədər davam edəcək?
- Münasibətlər həddindən çox gərginləşməyəcək. ABŞ və Aİ iqtisadi cəhətdən bir – birinə çox bağlıdır. Onlar arasında gərginlik heç birinə sərf etmir. Ən çox ziyan çəkən, əlbəttə, xalq olacaq. Varlılara heç nə olmayacaq. Yeri gəlmişkən deyim ki, dünyada milyarderlərin sayı artıb. İndi varlılar dünya əhalisinin 0,000007 hissəsidir. Qalanları isə kasıbdır. Avropada insanlara pulsuz yemək, qida verirlər, niyə? Ölməmələri üçün. Qərb ölkələrinin bir çoxundan uzun illər işləyən, sonra təqaüdə çıxan insana 1500 avro alır. Xaricdən gəlib sığınacaq istəyənə isə 2000 avro verilir. Bilirsiniz, bu gün dünyanı çox ciddi güclər idarə edir. Bir çox dövlətdə prezident sadəcə simvolik vəzifədir. Yalnız Azərbaycanda, Rusiyada, Belarusda, Çində prezident cəmiyyəti inkişaf etdirir, ölkəni idarə edir. Digərlərində isə milyonçular ölkəni idarə edir, siyasətə onlara sərf edən adamları gətirirlər. Lazım olmayanda da aradan çıxarırlar.
Kənan Novruzov
Gültac Mehdizadə
08:43 10.02.2025
Oxunuş sayı: 28005