Aİ-nin Cənubi Qafqazla bağlı planı məlum oldu: “Ermənistan silahlandırılır”
Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının Azərbaycanla şərti sərhəddə avantürist addımları davam edir.
Mediada yayılan görüntülərdən məlum olur ki, bu dəfə daha bir qrup Qazax rayonu istiqamətinə gəlib.
Onlar Ermənistanla Azərbaycan arasındakı şərti sərhədə yerləşdirilən Aİ missiyasının üzvləri durbinlə Azərbaycan ərazilərini müşahidə ediblər.
Aİ missiyasının fəaliyyətinin bu günlərdə daha iki il uzadıldı. Yəni Aİ ən azı 2027-ci ilə kimi Cənubi Qafqazda qalmaq niyyətindədir. Bu barədə müvafiq qərar qəbul ediləndən, demək olar, dərhal sonra missiya üzvlərinin Qazax rayonu ilə sərhəddə “peyda olması” onların niyyətlərini bir daha ortaya qoyur. Görünən odur ki, Aİ bölgədə “suları bulandırmaqda” israrlıdır. Əks halda göz görə- görə təxribatçı addımlar atmazdı.
Missiyanın Qazaxla sərhədə getməsi və regionla bağlı planları barədə Crossmedia.az-a danışan siyasi analitik, professor Sabir Məmmədli bildirib ki, Aİ-nin Cənubi Qafqaz siyasəti birbaşa olaraq regiona müdaxilə etməyə hesablanıb: “Aİ Ermənistan vasitəsilə regionda möhkəmlənməyə çalışır. Bunun əsas bir neçə məqsədi var. Hər şeydən əvvəl ittifaq Cənubi Qafqazdan keçən kommunikasiya xətlərinə və buradakı proseslərə nəzarət etmək istəyir. İkinci bir tərəfdən, Aİ Ermənistanın belə demək mümkünsə, müdafiəçisinə çevrilməklə Rusiyanı sıxışdırmağa çalışır. Ermənistandakı Aİ missiyası, əlbəttə, həm də qonşu İrana təzyiqdir. Bundan başqa, Aİ-nin fəaliyyəti ilə həm də Ermənistandakı revanşistlər sakitləşdirilir. Məsələ burasındadır ki, Azərbaycan Ermənistan qarşısında ciddi tələblər qoyub. Bunlardan başlıcası konstitusiya dəyişikliyidir. İndi İrəvanın Bakının tələblərinə müqavimət göstərməsində Aİ missiyası da mühüm rol oynayır. Daxildəki revanşistlərdə bir növ özünə inam yaranır”.
Analitikin sözlərinə görə, proseslər göstərir ki, Ermənistan hələ də revanşist məqsədlərindən əl çəkməyib: “Bunun ən bariz nümunəsi Ermənistanın silahlanmasıdır. Fransadan tutmuş Hindistana qədər müxtəlif dövlətlər Ermənistanı silahlandırırlar. Bəzi məlumatlara görə, Ermənistan Hindistandan silah alan ölkələr arasında üçüncüdür”.
S.Məmmədlinin fikrincə, Aİ bir növ nümayişkarə formada Azərbaycan ərazilərini müşahidə edir, bundan çəkinmədiyini göstərməyə çalışır: “Bütün bunlara baxmayaraq, Aİ-nin Azərbaycana qarşı təsir mexanizmi ciddi deyil. Əlbəttə, rəsmi Bakı öz mövqeyindən, haqlı tələblərindən gri çəkilməyəcək. İndiki məqamda Aİ-nin adventurist addımlarına məhəl qoymamaq, bəlkə də, ən yaxşı cavab olar”.
Kənan Novruzov
13:10 05.02.2025
Oxunuş sayı: 496