Google, İran və Çinə qarşı mübarizəyə başladı
“Google” tərəfindən yayımlanan hesabatda, xüsusilə İran və Çin mənşəli agentlərin “Gemini” süni intellektini fişinq hücumları və zərərli proqramlar hazırlamaq üçün istifadə etdiyi bildirilib. Şirkət, bu fəaliyyətlərin aşkar edilməsi ilə əlaqədar olaraq süni intellektin bu cür məqsədlər üçün istifadəsini məhdudlaşdırmaq məqsədilə müxtəlif tədbirlər gördüyünü açıqlayıb.
İranla bağlı araşdırmalarda dövlət dəstəyi alan kiber qrupların “Gemini”dən hədəf yönümlü fişinq hücumları üçün istifadə etdiyi müəyyən edilib. Xüsusilə “APT42” adlı qrupun qurbanlarını aldatmaq və onların həssas məlumatlarını ələ keçirmək üçün “Gemini”dən dəstək aldığı bildirilir. “Google”, bu qrupun İranın kiber casusluq fəaliyyətlərinin 30 faizini təşkil etdiyini qeyd edir.
Çin mənşəli kiber hücum qrupları isə əsasən dövlət qurumlarını və beynəlxalq şirkətləri hədəf alır. “Google”un məlumatına görə, Çin dəstəkli aktorlar “Gemini”ni ABŞ hökumət qurumları haqqında məlumat toplamaq, kiber təhlükəsizlik boşluqlarını müəyyən etmək və “Microsoft”a bağlı sistemlərin tərcümə əməliyyatları üçün istifadə edir.
Son olaraq, bu ölkələr arasında Rusiyanın “Gemini”dən istifadəsinin digər ölkələrlə müqayisədə daha məhdud olduğu bildirilir. Lakin “Google”, ölkədə dövlət dəstəyi alan bəzi qrupların süni intellektdən təbliğat məzmunları hazırlamaq və siyasi manipulyasiya üçün istifadə etdiyini qeyd edir. Xüsusilə Kremlin tərəfdarı qrupların “Gemini” vasitəsilə Qərb əleyhinə xəbərlər yaratdığı və sosial media kampaniyalarını yönləndirdiyi iddia edilir.
Nərgiz Camalzadə
20:31 31.01.2025
Oxunuş sayı: 429