"Rusiya- Ukrayna müharibəsində geri dönüş yoxdur" - Eskpert
Ukraynada davam edən müharibə Avropa üçün ciddi narahatlıq doğurmağa davam edir. Cəbhə xəttinin qərbə doğru irəliləməsi həm Ukrayna hökumətinin, həm də beynəlxalq ictimaiyyətin üzərindəki təzyiqləri artırır. Bu vəziyyətdə Avropa İttifaqı (Aİ) Ukraynaya dəstəyini artırmaq niyyətindədir, lakin mövcud yardımların kifayət etmədiyi vurğulanır. Aİ rəsmiləri münaqişənin qlobal miqyasda təhlükəsizlik və iqtisadi təsirlər doğura biləcəyini bildirirlər.
Bu mövzuda Brüsseldə keçirilən Aİ Şurasının iclasının yekunlarına dair mətbuat konfransında çıxış edən İttifaqın xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Ukraynanın daha çox yardıma ehtiyacı olduğunu qeyd edib. “Aİ artıq Ukraynaya 100 milyard avrodan çox yardım ayırıb. Lakin Kiyevin daha çoxuna ehtiyacı var”. – deyə o bildirib. Kallasın sözlərinə görə, Aİ-nin bu dəstəyi Ukraynanın ərazi bütövlüyünü qorumaqla yanaşı, Avropa sərhədlərindəki təhlükəsizliyi təmin etmək məqsədi daşıyır.
Mövzu
ilə bağlı Crossmedia.az-a danışan Beynəlxalq Münasibətlər və Diplomatiya
Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov isə müharibənin hazırkı mərhələsi və perspektivləri barədə
fikirini bildirib: “Hazırkı vəziyyət kifayət qədər mürəkkəbdir. Rusiya-Ukrayna
savaşı elə bir mərhələyə çatıb ki, artıq geri dönüş mümkün görünmür. Düşünürəm
ki, tamamilə qarşısını almaq mümkün olmasa da, müəyyən həddə qədər idarə etmək
olar. Lakin problem ondadır ki, nə Rusiya, nə də Ukrayna müharibəni dayandırmaq
niyyətindədir. Hər iki tərəf kifayət qədər hərbi qüvvə cəlb edib, canlı qüvvə səfərbər
edib və silah-sursat təmin edib. Belə olan halda müharibəni dayandırmaq çətin
görünür”.
Politoloq
bildirib ki, Aİ savaşda əsasən Ukraynanı silahlandırmaq və dəstəkləmək
strategiyasını tətbiq edir: “İttifaqın bu müharibəyə yanaşmasına baxdıqda görmək olar ki, onların
Rusiyaya qarşı birbaşa hərbi qarşıdurmaya girməsi uğurlu yol deyil. Əksinə, Ukraynanı
silahlandırmaq və ona daha çox dəstək vermək strategiyası üstünlük təşkil edir.
Bu, açıq şəkildə göstərir ki, əgər Rusiya savaşı davam etdirib Ukraynada
üstünlük qazanarsa, gələcəkdə Avropa üçün ciddi təhlükə yarana bilər. Bu səbəbdən
indiki vəziyyətdə Rusiya-Ukrayna müharibəsinin belə bir mərhələyə çatması
Avropanı ciddi narahat edir”.
S.Hümbətov
əlavə edib ki, ABŞ-nin dəstəyi olmadan Aİ-nin müharibədə effektiv nəticə əldə
etməsi çətin olacaq: “Aİ-nin Ukraynaya dəstəyi davam edə bilər, lakin bunun kifayət
qədər effektiv olacağı qənaətində deyiləm. ABŞ-nin dəstəyi bu məsələdə çox
vacibdir. Əgər ABŞ-nin indiyə qədər verdiyi dəstək müharibəni bu həddə gətiribsə,
gələcəkdə bunun qarşısını almaq üçün daha çox resurs lazım olacaq. Əgər Rusiya
bu münaqişədə qalib gələrsə, bu, Avropa üçün ciddi təhlükə olacaq”.
Sonda
politoloq qeyd edib ki, hazırkı vəziyyət çox çətin və qeyri-müəyyən olsa da, hər
iki tərəfi gözləyən ciddi problemlər var: “Ümumilikdə, bu vəziyyət çox çətin və
mürəkkəbdir. Mövcud problemlərin
qarşısını almaq üçün bütün resurslardan istifadə edilməlidir. Müharibənin gedişatına
dair dəqiq proqnoz vermək çətindir. Amma Aİ-nin dəstəyi müəyyən dərəcədə
Ukraynaya üstünlük qazandırmağa imkan yarada bilər”.
Maral
Şahverdili
15:50 28.01.2025
Oxunuş sayı: 3685