Rusiyanın sanksiyalı tankerləri ABŞ-yə dizel yanacağı daşıyır
Rusiyadan ABŞ-yə dizel yanacağı daşıyan üç tankerdən ikisi Qərb ölkələrinin sanksiyaları altındadır.
Crossmedia.az xəbər verir ki, “Financial Times” (FT) nəşri bu barədə məlumat yayıb.
Bildirilib ki, təxminən 140 min ton Rusiya dizel yanacağı daşıyan üç tankerin noyabrın əvvəlində ABŞ limanlarına çatması gözlənilir.
Gəmilərin ABŞ-də noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərindən bir neçə gün sonra limanlara daxil olacağı proqnozlaşdırılır.
Məlumata görə, “Talisman” tankeri ABŞ, Böyük Britaniya və Avropa İttifaqının, “Leruo” isə Böyük Britaniya, Avropa İttifaqı və Kanadanın sanksiya siyahısındadır.
Üçüncü tanker – “Agioi Fanendes”in noyabrın 7-də təxminən 40 min ton dizel yanacağı ilə Nyu-Yorka çatacağı gözlənilir.
Bu tədarük 2023-cü ilin iyulundan bəri Rusiya dizel yanacağının ABŞ-yə ilk qeydə alınmış çatdırılması ola bilər.
Nəşr qeyd edir ki, tədarüklər ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında əldə olunan razılaşma çərçivəsində həyata keçirilir.
ABŞ Konqresinin bir sıra üzvləri isə sanksiyalar altında olan gəmilər vasitəsilə yanacaq idxalının hüquqi nəticələri ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Demokratlar Partiyasının nümayəndələri mümkün əməliyyatlarla bağlı banklardan və liman qurumlarından sənədlərin qorunub saxlanılmasını tələb ediblər.
Demokratların Konqresin palatalarından ən azı birində çoxluq əldə edəcəyi təqdirdə sözügedən razılaşmanın araşdırılması gündəmə gələ bilər.
09:50 28.10.2026
Oxunuş sayı: 124