Erməni politoloqdan TRIPP layihəsi ilə bağlı XƏBƏRDARLIQ
Erməni politoloq Beniamin Matevosyan TRIPP layihəsinin Azərbaycan, Türkiyə və ABŞ üçün üstünlüklər yaradacağını, Ermənistanın isə bunun qarşılığında yetərli təminatlar əldə etməyəcəyini iddia edib.
Crossmedia.az xəbər verir ki, “Sputnik Ermənistan” agentliyi bu barədə məlumat yayıb.
Politoloqun sözlərinə görə, İrəvan Bakı qarşısında əlavə öhdəliklər nəzərdə tutan sənəd imzalanmadan nəqliyyat dəhlizinin fəaliyyətinə razılıq verə bilər.
Matevosyan bildirib ki, Ermənistanın üzərinə maneəsiz tranziti təmin etmək öhdəliyi düşdüyü halda, ölkənin təhlükəsizliyini qoruyacaq mexanizmlər də müəyyənləşdirilməlidir.
O, Azərbaycan tərəfindən mümkün hərbi təhlükələrin qarşısını alacaq təminatların vacibliyini vurğulayıb.
Politoloq Azərbaycandan Ermənistana malların daşınmasının özlüyündə sülh prosesinin irəliləməsi kimi təqdim edilməsini də düzgün hesab etmədiyini bildirib.
Onun fikrincə, Bakı 1990-cı illərin əvvəllərində tətbiq etdiyi məhdudiyyətlərin bir hissəsini aradan qaldırır və Ermənistan hakimiyyəti bunu sülh prosesinin nəticəsi kimi təqdim edir.
Matevosyan Ermənistan hökumətinin Rusiya ilə münasibətlərdə tutduğu mövqeyi də tənqid edib.
O iddia edib ki, İrəvan ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan və Türkiyəyə mühüm nəqliyyat-logistika imkanları yaradır, lakin layihənin Ermənistan iqtisadiyyatına konkret faydaları yetərincə əsaslandırılmayıb.
Politoloq TRIPP çərçivəsində infrastrukturun yerləşəcəyi ərazilərlə bağlı qeyri-müəyyənliyin də aradan qaldırılmalı olduğunu vurğulayıb.
09:55 28.10.2026
Oxunuş sayı: 70