ABŞ İrana Körfəz ölkələrini xəbərdar edib
ABŞ noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərindən sonra İrana qarşı hərbi əməliyyatların mümkünlüyü barədə Fars körfəzi ölkələrini məlumatlandırıb.
Crossmedia.az xəbər verir ki, “The Wall Street Journal” nəşri bu barədə mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Vaşinqton bir sıra Körfəz ölkələrini İrana qarşı qısamüddətli, lakin intensiv hərbi əməliyyatların başlanması ehtimalına hazır olmağa çağırıb.
Məlumata görə, Pentaqon mümkün hücumlara məruz qala biləcək Yaxın Şərqdəki hərbi bazalardan ABŞ hərbçilərini daha təhlükəsiz ərazilərə köçürüb.
Eyni zamanda, regiondakı ABŞ Silahlı Qüvvələri döyüş sursatı ehtiyatlarını artırır, bombardmançı və qırıcı təyyarələr isə mümkün zərbələrə hazırlanır.
ABŞ regionda hava hücumundan müdafiə imkanlarını gücləndirmək üçün əlavə “Patriot” sisteminin yerləşdirilməsini də planlaşdırır.
Nəşrin mənbələri bildiriblər ki, ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların bərpası ilə bağlı hələ yekun qərar qəbul etməyib.
Mümkün hücumların hədəfləri arasında İranın infrastruktur və nüvə obyektlərinin ola biləcəyi qeyd olunur.
Ağ Ev isə mümkün hərbi planlarla bağlı şərh verməkdən imtina edərək İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün variantların nəzərdən keçirildiyini bildirib.
09:47 28.10.2026
Oxunuş sayı: 74