Zelenski: Rusiya ilə “iqtisadi nikah” ABŞ üçün sərfəli olmayacaq
Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, Rusiya ilə genişmiqyaslı iqtisadi əməkdaşlıq uzunmüddətli perspektivdə ABŞ-nin maraqlarına uyğun olmayacaq.
Crossmedia.az xəbər verir ki, UNIAN agentliyi bu barədə Zelenskinin jurnalistlərə açıqlamasına istinadən məlumat yayıb.
Ukrayna Prezidenti bildirib ki, dizel yanacağı ilə bağlı razılaşma Rusiyaya ABŞ tərəfindən növbəti sanksiya güzəştlərinin əldə olunması üçün imkan yarada bilər.
Onun sözlərinə görə, bu güzəştlər gübrə, təbii qaz, dondurulmuş aktivlər, eləcə də sanksiya siyahısında olan ayrı-ayrı şəxslər və qurumlarla bağlı ola bilər.
Zelenski qeyd edib ki, Rusiyanın zəngin təbii sərvətlərə və onların idarə olunması üzərində mərkəzləşdirilmiş nəzarətə malik olması Vaşinqtona geniş iqtisadi təkliflər irəli sürməsinə imkan verir.
“Rusiya ABŞ-yə bir növ ‘iqtisadi nikah’ təklif edə bilər. Lakin belə bir ‘nikah’ın uzunmüddətli perspektivdə Amerika üçün sərfəli olacağına inanmıram. Çünki Rusiyanın hər bir razılaşmasında əvvəlcə görünməyən xoşagəlməz məqamlar olur. Qısamüddətli dövrdə isə müəyyən faydalar əldə ediləcəyi təsəvvürü yarana bilər”, – deyə Zelenski vurğulayıb.
Məlumata görə, daha əvvəl “The New York Times” qəzeti ABŞ-nin Rusiya Birbaşa İnvestisiyalar Fonduna tətbiq edilən sanksiyaları ləğv edə biləcəyi barədə yazıb.
Nəşrin məlumatına əsasən, Moskva ABŞ-yə dizel yanacağının tədarükü ilə bağlı danışıqlar zamanı bu addımın atılmasında israr edib. Amerikalı rəsmilərdən biri Donald Trampın belə bir imkanı nəzərdən keçirdiyini təsdiqləyib.
11:34 28.10.2026
Oxunuş sayı: 79