Livan Prezidenti: “Suverenliyimiz danışıqlar mövzusu ola bilməz”

Livan Prezidenti Cozef Aun İsrail qüvvələrinin cənubi Livanın didərgin düşmüş sakinlərinə atəş açmasından sonra “Livanın suverenliyi və ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz” bəyanatını verib. Həmin sakinlər İsrail qüvvələrinin geri çəkilməsi üçün qoyulan müddətin bitməsindən sonra öz şəhər və kəndlərinə qayıdırdılar.
“Livanın suverenliyi və ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz və mən bu məsələni Livan xalqının hüquqlarının təmin olunması üçün ən yüksək səviyyədə qaldıracağam”, – Aun bazar günü bildirib.
İsrail qüvvələrinin sərhəd bölgələrinə qayıdan insanlara atəş açması nəticəsində azı 15 nəfər həlak olub, 83 nəfər isə yaralanıb.
Prezident Aun hadisəyə münasibət bildirərək “Cənubi Livan xalqı ilə birlikdə haqqın qələbəsini qeyd edirəm. Cəmiyyəti sakitliyini qorumağa və ordumuza güvənməyə çağırıram” deyib. “Livan ordusu həmişə sizin yanınızdadır və təhlükəsizliyinizi qorumağa sadiqdir”, – o əlavə edib.
İsrailin atəş açması ilə bağlı Livan parlamentinin sədri Nəbih Berri də reaksiya verərək beynəlxalq ictimaiyyəti və atəşkəs razılaşmasını izləyən ölkələri İsraili dərhal Livan ərazilərindən çıxmağa məcbur etməyə çağırıb.
Bazar günü BMT-nin Livandakı ali nümayəndəsi və cənubdakı sülhməramlı missiyanın rəhbəri birgə bəyanat yayaraq, sərhəd bölgəsində Livan vətəndaşlarının təhlükəsiz şəkildə evlərinə qayıtması üçün hələ də lazımi şəraitin olmadığını bildiriblər.
“Atəşkəs razılaşmasında nəzərdə tutulan müddətlərin yerinə yetirilmədiyi bir faktdır”. – deyə bəyanatda qeyd olunub.
Maral Şahverdili
20:42 26.01.2025
Oxunuş sayı: 2689