Azərbaycan otellərində təhlükəsizlik tədbirləri yetərlidirmi? - RƏSMİ AÇIQLAMA
Türkiyənin Bolu şəhərində baş verən və 79 nəfərin həyatına son qoyan otel yanğını Azərbaycanda da bu cür hadisələrin baş verə biləcəyi ehtimalını gündəmə gətirib. Ölkəmizdə fəaliyyət göstərən turizm obyektlərində yanğın təhlükəsizliyi qaydalarına nə dərəcədə əməl olunur?
Məsələ ilə bağlı Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Gülnar Mustafayeva Crossmedia.az-a açıqlama verib. Onun sözlərinə görə, Azərbaycanda mehmanxanalar ulduz kateqoriyalarına görə sertifikatlaşdırılır və bu proses çərçivəsində onların təhlükəsizlik tələblərinə uyğunluğu yoxlanılır: “Mehmanxanaların ulduz kateqoriyaları üzrə sertifikatlaşdırma prosesi çərçivəsində yerində qiymətləndirmə aparılır. Dövlət Turizm Agentliyinin Kollegiyasının 2 may 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları”na və AZS 906 dövlət standartına uyğunluğu yoxlanılır”.
O bildirib ki, AZS 906 dövlət standartına əsasən, bütün yerləşmə vasitələri müəyyən edilmiş tələblərə riayət etməlidir: “Qonaq otaqlarında fövqəladə hallarda (yanğın və s.) davranış qaydaları ilə bağlı təlimat vərəqi və əlaqədar qaynar xətt nömrələri diqqətçəkən yerlərdə asılmalıdır. Hər bir yerləşmə vasitəsində yanğın təhlükəsizliyi təmin olunmalıdır. Bundan əlavə, mehmanxanalar mütləq şəkildə binalarında yanğın təhlükəsizliyini “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi Qaydaları”na uyğun təşkil etməlidir. Binadan insanların köçürülməsi üçün Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmış təxliyə planı nəzərəçarpan yerdə divardan asılmalıdır”.
Mətbuat katibi bildirib ki, hotellər sertifikatlaşdırma prosesinə başlamaq üçün müvafiq sənədləri, o cümlədən “Yanğın texniki müayinə aktını” təqdim etməlidirlər. Lakin agentlik mehmanxanaların təhlükəsizliyinə birbaşa nəzarət etmir: “Mehmanxanaların yanğın təhlükəsizliyi qaydalarına uyğunluğunun yoxlanılması fəaliyyətə başlamazdan öncə ixtisaslaşmış qurumlar tərəfindən həyata keçirildiyinə görə həmin sahələr üzrə geniş nəzarətin aparılması sertifikatlaşdırma orqanının fəaliyyət sahəsinə və səlahiyyətinə daxil deyil”.
Bununla yanaşı, Mustafayeva vurğulayıb ki, mehmanxananın ulduz kateqoriyası yalnız göstərilən xidmətin keyfiyyət səviyyəsini əks etdirir və yanğın təhlükəsizliyi ilə bağlı yoxlamalar auditorların ekspertizası xaricindədir: “Ulduz kateqoriyası mehmanxanada təşkil edilən xidmətin keyfiyyət səviyyəsini göstərir və yanğın təhlükəsizliyi kimi sahələrin yoxlanılması auditorların ekspertizası xaricindədir”.
Mövzu ilə bağlı aidiyyəti qurumların daha ciddi nəzarət mexanizmləri tətbiq edib-etməyəcəyi isə yaxın zamanda məlum olacaq.
Maral Şahverdili
19:34 23.01.2025
Oxunuş sayı: 1125