ABŞ Ermənistanda güclü mövqe tutmağa çalışır – səbəb İrandır
Son illərdə Ermənistanın xarici siyasətində mühüm dəyişikliklər baş verir. Ermənistanda ABŞ-ın hərbi təsirinin artdığı və Pentaqonun ölkənin müdafiə strukturlarında daha fəal iştirak etdiyi bildirilir.
Bu mövzuları erməni ekspertlər müntəzəm şəkildə səsləndirirlər. ABŞ-a Ermənistanda Pentaqonun tam şəkildə olması lazımdır. Onlar Pentaqonun nümayəndəsinin bir ildən artıqdır ki, Ermənistan Müdafiə Nazirliyində oturmasını narahatçılıqla qeyd edirlər.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında politoloq Elşad Həsənov bildirib ki, 2025-ci il yanvarın 14-ü Ermənistan ilə ABŞ arasında strateji əməkdaşlıq haqqında razılaşma imzalanmışdır:
“Bu razılaşma Ararat Mirzoyan və Bill Klinton tərəfindən imzalanmışdır. Amerika, Ermənistana ciddi dəstək göstərəcəyini bildirərək, ilk növbədə gömrük və sərhəd məsələlərində onlara kömək edəcəyini və ümumilikdə onların təhlükəsizliyini təmin etmək üçün mühüm addımlar atacağını qeyd edib. Ermənistan, 200 ildən artıq bir müddət ərzində Rusiyanın təsirində olmuş bir dövlətdir. Rusiyanın dəstəyi ilə qurulmuş və daim onlardan maliyyə dəstəyi almış bir dövlət olan Ermənistan, Rusiyanın zəifləməsini görərək özünə daha güclü müttəfiqlər tapmağa başlamışdır. Bu ilk dövrədə Avropada əsas tərəfdaşı Fransa olmuşdur və sonradan isə Amerika ilə əlaqələrini inkişaf etdirmişdir. Amerika, Cənubi Qafqazda böyük maraqlarını qorumağa çalışır. Rusiya bu bölgədə sıxışdırılmalı, həmçinin ABŞ, İranın yaxın ərazilərdə öz güclərini artırmasının qarşısını almaq istəyir. Gələcəkdə isə İranın nüvə silahı əldə etməməsi üçün müvafiq addımların atılması lazım olacaqdır”.
Politoloqun sözlərinə görə: “İranın Fars molla rejimini dağıtmaq və orada üç yeni dövlətin yaranması, ABŞ-nin strateji planlarından biridir. Bu plana doğru Amerika addım-addım irəliləyir. Bir ildən artıq Amerikanın Ermənistan Müdafiə Nazirliyi ilə əməkdaşlıq edir və burada təlimlər keçirlər. Hərbi ekspertlər və ABŞ-ın, Pentaqonunun nümayəndələri Ermənistan ordusuna təlimlər verirlər. Həmçinin, keçən il, Zəngəzur ərazisində ABŞ qüvvələri müəyyən hərbi təlimlər və düşərgələr qurmuşdur. Bu, İran sərhədinə yaxın bir bölgədə baş verib və İran bu məsələlərə qarşı susqun qalaraq heç bir etiraz etməyib. Bu vəziyyət, İranın bu məsələlərdən faydalandığına işarə edir. Digər tərəfdən, İran tez-tez “bu mənim qırmızı xəttimdir” deyərək bəyanatlar verir. Zəngəzur dəhlizinin açılmamasının əsas səbəbi Fransa olsa da, İranın da burada öz maraqları var. Lakin, İran artıq öz təsirini itirməyə başlayır''.
E.Həsənovun fikrincə, Amerikanın dəstək verdiyi qüvvələr, məsələn, HƏMAS, Hizbullah və digər qüvvələr, İsrail tərəfindən darmadağın edildikdən sonra, bu qüvvələr Suriya ərazisinə sığındılar və İranın orada olan qüvvələri çıxarmağa məcbur oldular: “İndi isə İran, PKK-nı dəstəkləyərək, Suriya və Türkiyə sərhədində gərginlik yaratmağa çalışır. Bu da uğurlu nəticə verməyəcək. Ermənistanın ABŞ ilə strateji müttəfiqlik qurması Cənubi Qafqazda gərginliyi azaltmayacaq. Əksinə, daha da gərginləşəcək, çünki burada birbaşa olaraq ABŞ-İran münasibətlərinin gərgin olduğunu bilirik. Donald Tramp hakimiyyətə gəlib və sonra ilk həll edəcəyi məsələ Rusiyanın Ukrayna ilə müharibəsi olacaq, amma digər mövzu isə İranı zərərsizləşdirməkdir. Yəni bu mənada, bölgədə vəziyyət gərginləşəcək və təbii ki, ermənilər ABŞ-ın İranla əlaqəli maraqlarını təmin etmək üçün öz rolunu oynayacaqlar.
Azərbaycan ilə bağlı isə, ABŞ-nin ciddi maraqları olduğu görülmür. Tramp dövründə ABŞ ilə Azərbaycan arasında siyasi və iqtisadi əlaqələr daha da artacaq və mümkündür ki, ABŞ ilə Azərbaycan arasında strateji müttəfiqlik qurulsun. Bir daha vurğulamaq istəyirəm ki, ABŞ-nin Ermənistanda güclü mövqeyə sahib olması, əsasən İranla əlaqədar işlərin nəticəsi olacaq”.
Fidan Hacızadə
07:47 17.01.2025
Oxunuş sayı: 2965