Kiyev danışıqlara məcbur edilə bilər
Rusiya-Ukrayna müharibəsi, 2022-ci ilin fevralında başladı və bu münaqişə qlobal təhlükəsizlik və siyasi vəziyyəti əhəmiyyətli dərəcədə dəyişdirdi. Müharibə yalnız iki ölkə arasındakı ərazi mübahisəsindən ibarət olmayıb, həm də dünya gücləri arasında strateji və ideoloji qarşıdurmanın bir əksinə çevrildi. Ukraynanın suverenliyini müdafiə etməsi və Rusiyanın öz maraqlarını təmin etməyə çalışması, həmçinin beynəlxalq cəmiyyətin və müttəfiqlərinin bu münaqişəyə müdaxiləsi, müharibənin gedişatını daha da mürəkkəbləşdirdi. Bu müharibənin nəticələri yalnız Avropaya deyil, bütün dünyaya təsir göstərməkdə davam edir, iqtisadi, siyasi və humanitar sahələrdə ciddi sarsıntılara səbəb olur. Bir çox siyasətçilər isə bu qarşıdurmanın 2025-ci ildə başa çatacağını hesab edirlər.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov da Rusiya-Ukrayna müharibəsinin bu il başa çatacağını hesab etdiyini söyləyib:
"Proqnazlaşdırıram ki, Tramp, and içməsindən sonra Ukraynadan sülhün əldə olunması istiqamətində danışıqların başlamasına çalışacaq. Ukraynaya perspektivdə dəstəyin azaldılması nəticəsində Kiyev Moskva ilə danışıqlar masasına otuzdurula bilər.
Ağ evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi hazır ki, prezident Baydenin komandasındadır. Şüphəsiz ki, o, Trampın dediklərini təsdiqləməyəcək. Con Kirbi bir müddət bundan əvvəl verdiyi açıqlamada demək istəyirdi ki, üfüqdə sülh yoxdur, Tramp illuziya görür. Bir növ onların apardığı siyasət Trampı yalançı çıxartmağa hesablanıb".
Siyasi şərhçi indiki halda hər iki tərəfin də danışıqlara hazır olmadığını bildirib:
"Demokratlar Ukraynanı silahlandırırlar. Ukrayna həmin silahlarla Rusiya ərazisini vuraraq, müharibəni davam etdirir. Rusiya da buna qarşı adekvat cavab tədbirləri görür. Bu, müharibənin uzanmasına şərait yaradır.
Danışıqlara şərait yaratmaq lazımdır. Mövcud vəziyyət onu deməyə əsas verir ki, iki tərəf də danışıqlara hazır deyil. Ukraynaya dəstəyin qismən azaldılması nəticəsində, Ukraynanın Rusiyanın Kursk bölgəsində qalmaq şərti ilə Rusiya və Ukrayna danışıqlara hazır ola bilər.
Təxminən müharibəyə qədər ki, sərhədlərin bərpa edilməsi ilə sülh əldə oluna bilər. Amma bu təkcə ABŞ-nin səyləri nəticəsində olmayacaq".
Kənan Novruzov sonda Türkiyənin də bu prosesdə mühüm rol oynayacağını qeyd edib.
Banuçiçək Kalbalıyeva
07:44 13.01.2025
Oxunuş sayı: 3998