Hakan Fidan G20 görüşündə Qəzza və ABŞ-İran münasibətlərini gündəmə gətirəcək
Türkiyənin xarici işlər naziri Hakan Fidan oktyabrın 30-31-də ABŞ-ın Atlanta şəhərində keçiriləcək G20 Xarici İşlər Nazirlərinin toplantısında iştirak edəcək. O, İsrailə beynəlxalq təzyiqlərin artırılmasının və ABŞ-İran gərginliyinin diplomatik yolla həllinin vacibliyini vurğulayacaq.
Crossmedia.az xəbər verir ki, Anadolu Agentliyinin Türkiyənin diplomatik mənbələrinə istinadən yaydığı məlumata görə, Fidan toplantıda “Geosiyasi gərginliklər”, “Enerji” və “Təchizat zəncirləri” mövzularına həsr olunan sessiyalarda çıxış edəcək.
Nazirin Qəzzada sülhün təmin olunmasına yönələn beynəlxalq səylərin İsrailin davam edən hücumları və güzəştsiz mövqeyi səbəbindən çətinləşdiyini qeyd edəcəyi gözlənilir. O, həmçinin ABŞ və İran arasındakı fikir ayrılıqlarının dialoq və diplomatiya yolu ilə həllinə çağıracaq.
Fidanın Qara dənizdə, Hörmüz və Bab əl-Məndəb boğazlarında, eləcə də Körfəz regionunda gəmilərə və enerji infrastrukturuna hücumların qlobal enerji və ərzaq təhlükəsizliyinə, beynəlxalq ticarətə mənfi təsirlərinə diqqət çəkəcəyi bildirilir. O, strateji su yollarında gəmiçilik azadlığının və təhlükəsizliyin qorunmasının vacibliyini vurğulayacaq.
Nazirin Rusiya-Ukrayna müharibəsinin genişlənməsi riskindən də danışacağı gözlənilir. Türkiyənin Qara dənizdə təhlükəsizliyin bərpası üçün hər iki tərəflə əlaqələri davam etdirdiyini bildirəcəyi qeyd olunur.
19:11 29.10.2026
Oxunuş sayı: 50