Fransa Ukraynada hərbçilərinin olduğunu rəsmən təsdiqləyib
Fransa Ukrayna ərazisində hərbi qulluqçularının olduğunu rəsmən təsdiqləyib. Bildirilib ki, fransalı hərbçilər Ukrayna əsgərlərinə təlim keçir və hərbi texnikaya texniki xidmət göstərirlər.
Crossmedia.az xəbər verir ki, "Le Figaro" nəşri bu barədə məlumat yayıb.
Fransanın silahlı qüvvələr üzrə nazir nümayəndəsi Alis Rüfo (Alice Rufo) bildirib ki, ölkəsinin hərbçiləri Ukraynada döyüş əməliyyatlarında birbaşa iştirak etmirlər.
Onun sözlərinə görə, Ukraynada Fransanın rəsmi hərbi nümayəndəliyi ilə sıx əməkdaşlıq edən koordinasiya strukturu fəaliyyət göstərir.
Bu struktur vasitəsilə Ukrayna hərbçiləri üçün xüsusi təlimlər təşkil olunur, hərbi texnikanın təmiri və texniki xidməti həyata keçirilir.
Alis Rüfo vurğulayıb ki, Ukraynada fəaliyyət göstərən fransalı hərbçilərin sayı olduqca məhduddur və onların missiyası döyüşlərdə iştirak etməyi nəzərdə tutmur.
Qeyd edək ki, Fransa hərbçilərinin Ukraynadakı fəaliyyəti ilə bağlı məlumatlar daha əvvəl "Radio France Internationale" (RFI) tərəfindən də yayımlanıb.
12:35 18.11.2026
Oxunuş sayı: 106